AccessBank müştərilərinin uğur hekayələrini bölüşməyə davam edir. Budəfəki qəhrəmanımız həyatının 20 ilini arıcılığa həsr edən Qəbələ rayonunun Çuxur Qəbələ kəndinin sakini Arzu Rəşidovdur. Əslində biz Arzu bəylə Qəbələdə görüşməli idik, lakin o görüş yerini Oğuz rayonunun Filfilli kəndinə təyin etdi. Məsələ burasındadır ki, hazırda cökə ağacının çiçək çıxaran vaxtıdır və əsl arıçılar bu fürsəti əldən verə bilməz. Belə ki, məhz bu nektarı toplayan arıların balının, Arzu kişinin sözü ilə desək, dünyada tayı-bərabəri yoxdur! Gördüyünüz kimi, həmsöhbətim işinin peşakarıdır və ondan öyrəniləcək çox şey var.
Söhbətimiz çay süfrəsi arxasında başladı. Təbii ki, süfrədə bal da var idi. Sən demə, bu, sıradan bir dequstasiya deyil, gözəl jest imiş:
- Qardaş, belə bir söz var, yəqin ki, eşitmisən: sözünü balla kəsim. Amma yadda saxla, balı isti su və ya çayla içmək məsləhət deyil. Bal gec həzm olunmalıdır, ona görə də soyuq su ilə içmək daha yaxşıdır.
- "İsmayıllı" filialımızın əməkdaşları sizi o ki var təriflədilər. Deyirlər ki, çox şirindil insandır. Mən də zarafata dedim ki, gecə-gündüz bal yeyən insanın, necə deyərlər, ağzından bal tökülməlidir. Cökə balıdır bu?
- Yox, cökə balının mövsümü deyil axı. Çökə nektarını hələ indi yığır arı. Dadına baxdığın akasiyadır. Amma hər ikisi min bir dərdin dərmanıdır. Ümumilikdə götürdükdə cökə daha yaxşıdır. Necə baldır?
- 5 ballıq şkala ilə qiymətləndirsək, 5 bal düşür! Dediniz ki, bu işə 20 ilinizi vermisiniz. Bu sahəyə maraq nədən və ya kimdən qaynaqlanır?
- Mən həm də həkiməm. Kəndimizin tibb məntəqəsində işə başlayarkən arıçılığa həvəs yarandı. Arı unikal və universal heyvandır. 20 ildir ki, onlara baxa-baxa çox şey öyrənmişəm və günü bu gün də öyrənməyə davam edirəm.
- Neçə yeşiklə başladınız bu işə?
- Əvvəl 2 yeşiklə başladım, amma yalnız 10-dək atrıra bildim. Kreditlərlə bağlı kiçik araşdırma apardım və seçimim AccessBank üzərində dayandı. Sizdən aldığım maliyyə dəstəyi və öz zəhmətimiz hesabına hazırda yeşiklərin sayını 75-ə çatdırmışam. Qarşıma məqsəd qoymuşam ki, bu rəqəmi 150-200-ə çatdırım. Bunun üçün də AccessBank-ın dəstəyinə arxalanıram və bilirəm ki, sözümü yerə salmazlar.
- Demək olar ki, əliniz bala batıb?
- Batıb! Özü də əlin bala batdısa, gərək barmaqlarının hamısını yalayasan. Zarafat bir yana, əziyyət çəkən yağ-bal içində yaşayacaq!
Şübhəm yoxdur ki, Arzu kişi arzusuna çatacaq! Çoxdandır bu qədər nizam-intizamlı insan görmürdüm. Deyir ki, indiyədək bir dəfə belə kredit ödənişlərini gecikdirməyib. Niyəsini belə izah edir: "İndiyədək kimdənsə söz götürməmişəm. Mənim qapıma kimsə gəlib söz desə, gərək yerin dibinə girim. Heç kimin alnına yaxşı və ya pis adam olduğu yazılmayıb. AccessBank-ın "İsmayıllı" filialı açılandan sizinlə əməkdaşlıq edirəm. İlk dəfə kredit üçün müraciət etdim. Oturduq detallı danışdıq, planlarımla tanış oldular. O gün - bu gün qüsursuz əməkdaşlıq edirik. Etibarımız qarşılıqlıdır. Necə deyərlər, can deyib, can eşidirik. İstəmərəm ki, onlara da söz gəlsin".
Keçək işin peşəkar tərəflərinə. Stajlı arıçı deyir ki, bal günəş şüasını sevmir və sərin yerdə saxlanılmalıdır: "Kiminsə malını pisləmək xasiyyətimdə yoxdur. Yol kənarında satılan balın keyfiyyətinə şübhəm var. Axı o sutkanın əksər hissəsini gün altında qalır".
Yeri gəlmişkən, Arzu kişinin satdığı 1 kq balın dəyəri 30-35 manat təşkil edir. Bu qiymətdən aşağı satan da var, yuxarı satan da: "Arabir eşidirəm ki, kimsə kilosu 5 manata bal satır. 5 manata bal olar?! Amma çox baha satanlar da var. Yəni bir tərəfdən düşünürsən ki, ucuz ətin şorbası olmaz, digər tərəfdən artıq tamah baş yarır".
Müştərimizin arıları akasiya, qaratikan, gülxətmi kimi bitkilərin nektarları ilə dolanır. Yazının əvvəlində yazdığım kimi, cökə çiçəkləyəndə Arzu kişi bu fürsəti əldən vermir və arılarını Oğuz rayonunun Filfilli kəndinə köçürür. "Təbii nektar yığan arı, əlbəttə ki, keyfiyyətli bal verəcək, qarpız, yemiş qalıqları ilə dolanan arıdan isə keyfiyyətli bal gözləməyə dəyməz".
"Hər şeyin gözəli təbii olanıdır" deyən arıçı izah edir ki, dağda nektar toplayan arılar 500 kq məhsul verir, halbuki, dağa aparmasa, bu göstərici 200 kq olacaq. Praktikada sınanıb!
Onu da öyrəndim ki, arı nəmişliyi qəti sevmir. Təsəvvür edin ki, nəmişlik arının tələf olmasına səbəb ola bilər. Əvəzində arı təmizliyi çox sevir. O həddə sevir ki, natəmiz insan mütləq arının iynəsinə tuş gələcək.
Arzu kişi balı özünəməxsus formada tərif edir: artığı haramdır, əskiyi dərmandır! Onun sözlərinə görə, arıçılıqla məşğul olmağa başlayandan nadir hallarda xəstələnir, xəstələnəndə isə dərdinə çarəni dərmanlarda axtarmır. Öz dili ilə desək, bal angina, öskürəyin nəfəsini kəsir və insanın nəfəs yollarına çox müsbət təsir edir. Bal qanazlığını da aradan qaldırır. Arzu kişinin №1 saydığı cökə balı söyuqdəymənin qarşısını alır. Bundan başqa, immuniteti zəif olanlar çarəni balda axtarmalıdır. Balın mədə-bağırsaq və qara ciyər xəstəlilkəri ilə mübarizədə necə effektiv olması barədə isə müştərimiz dissertasiya yazmağa hazırdır. Bununla yanaşı, bu məhsul əla kosmetik vasitə, mükəmməl enerji mənbəyidir.
Avqust ayının 15-dək bal yığımını başa çatdırır. Sonrakı proses isə sırf qulluq üzərində qurulur.
Hər bir şeyin sonu olduğu kimi, bal kimi söhbətin də sonu çatdı. Tam səmimi deyirəm ki, bu söhbət ərzində Arzu kişidən sanki nektar toplayan arı kimi xeyli yeni məlumat topladım. Ümid edirəm ki, nəticədə topladığım nektardan bal kimi məhsul (reportaj) alınıb.
İlkin Əhmədov
Bakı-Qəbələ-Oğuz-Bakı