Müəllif: İqtisadçı kespert Samir Əliyev
Mənzil Məcəlləsinə uyğun olaraq yaşayış binalarda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri (MMMC) yaradılacağı təqdirdə ölkə üzrə təxminən 60 min yeni iş yerinin yaradılması mümkündür. Hazırda ölkədə 15 minə yaxın çoxmənzilli binalar mövcuddur. Onların sayı getdikcə artır və eyni zamanda 1-2 mərtəbəli binalar daha çoxmərtəbəlisi ilə əvəzlənir. Bu binaların əksəriyyətinə sovet dövründə olduğu kimi MİS-lər və az bir qisminə MTK-lar xidmət göstərir. Əgər MİS-lər ləğv edilərsə və uyğun olaraq yeni idarəetmə sistemi tətbiq edilərsə yaradılacaq MMMC-lərə ən azı 3 nəfər işçi tələb olunacaq. İşçilərin sayı mənzillərin sayında asılı olaraq 2 dəfəyədək arta bilər. Bura MMMC sədri, mühasibi, texniki işçiləri və s. daxildir.
Bina idarəçiliyinin MMMC-lərə verilməsi həmçinin ölkədə kommunal xidmət bazarının formalaşmasını şərtləndirəcək. Yəni binaların cari təmirindən tutmuş kapital təmirinə qədər olan işləri həyata keçirən özəl şirkətlər və paralel olaraq iş yerləri yaradılacaq. Göründüyü kimi, yeni xidmət sahələri və iş yerləri yaradılacaq. MİS-lərdə fəaliyyət göstərən işçilərin sayı isə bundan dəfələrlə azdır.
2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın 3 idarə edilməsi üsullarından birini seçməyə borcludur. Bura binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi və idarəedici təşkilat tərəfindən idarə edilməsi daxildir.
İdarəetmə üsulları arasında binaların mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti vasitəsilə idarə edilməsi təcrübəsi dünyaya daha geniş yayılıb. Bu qurumlar beynəlxalq təcrübədə kondominium adlanır. Hazırda Bakının Binəqədi, Yasamal və Nəsimi rayonlarında 4 MMMC dövlət qeydiyyatında keçib. Qeydiyyat sistemi sadələşdirilərsə və bütün çoxmərtəbəli binalar bu addımı atarsa onların sayı 15 minə qədər arta bilər.
Qısaca onu bildirim ki, MMMC-lər çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyidir.
Bu qurum çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin edir. MMMC-lər qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək deyil. MTK-lardan fərqli olaraq MMMC-lərin rəhbəri bina sakinləri tərəfindən seçilir. MMMC-ləri gəlirləri əsasən 3 mənbədən formalaşır: sakinlərin verdiyi aylıq haqlar, dövlət büdcəsindən ayrılan maliyyə yardımları və MMMC-nin fəaliyyəti nəticəsində (satış və icarə) əldə olunan gəlirlər