Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Bu ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatının həcmi 25,3 milyon ton, ixracı isə 21 milyon ton olub.
Banco.az-ın məlumatına görə bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir əlavə edib ki, bu dövrdə 4,2 % artımla hasil edilmiş 40,1 milyard kubmetr təbii qazın isə 19,8 milyard kubmetri ixrac olunub.
Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.
Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.
Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Onun ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB)IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 36,1 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyinin yanvar-sentyabr ayları üzrə operativ məlumatlarında deyilir ki, qaz hasilatı 2022-ci ilin müvafiq dövrünə nisbətən 5 % və ya 1,7 milyard kubmetr artıb.
Bildirilir ki, hasil edilən qazın 9,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 19,7 milyard kubmetri “Şahdəniz” yatağından, 0,4 milyard kubmetri “Abşeron” yatağından, 6,4 milyard kubmetri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub.
Ötən ilin eyni dövrü ilə müqayisədə AÇG-dən qaz hasilatı 0,4 milyard kubmetr və ya 4,2 % azalıb, “Şahdəniz” yatağından qaz hasilatı isə 1,2 milyard kubmetr və ya 6,5 % artıb. SOCAR üzrə qaz hasılatının həcmi 0,5 milyard kubmetr və ya 8,5 % artıb.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.