AR Maliyyə Nazirliyi 2020-ci ilə qədər ölkədə sığorta strategiyasının yaradılmasına təşəbbüs göstərir.
Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramovun sözlərinə görə, hal-hazırda sözügedən strategiya üzrə sığorta şirkətləri ilə müzakirələr aparılır.
"Sığorta strategiyası AR Maliyyə Nazirliyinin təşəbbüskarlığı ilə yaradılacaq. Hal-hazırda sənəd hazırlıq mərhələsindədir. Bu mərhələ tamamlandıqdan sonra strategiya Maliyyə Nazirliyi tərəfindən təsdiq olunacaq və qüvvəyə minəcək", deyə O.Bayramov qeyd edib.
Onun sözlərinə görə, strategiyanın yaradılmasında əsas məqsəd sığorta şirkətlərinin öz fəaliyyətini inkişaf etdirmələri üçün vahid konsepsiyanın formalaşdırılmasıdır.
"Strategiyanın son variantı sentyabr ayında sığortaçıların ümumi müzakirəsinə çıxarılacaq", deyə O.Bayramov bildirib.
Qeyd edək ki, Azərbaycanda ilk dəfədir ki, sığorta strategiyasının tətbiqi planlaşdırılır.
Sevinc İbadova/Banco.az