Gələn il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6 602 mln. manat daxiloma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 510 mln. manat və yaxud 7,2% azdır. Həmin məbləğin 4 812 mln. manatı və yaxud 72,9%-i qeyri-neft sektoru, 1 790 mln. manatı və yaxud 27,1%-i neft sektorunun payına düşəcək.
Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla 1 590 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da 2015-ci il səviyyəsindədir. Komitə üzrə mədaxil proqnozunun qeyri-neft ÜDM-də xüsusi çəkisi 3,8% səviyyəsində olacaq.
Gələn ilin büdcə layihəsində təhsil xərcləri 1 713,5 mln. manat proqnozlaşdırılır ki, bu da 2015-ci ilin proqnozundan 0,1% çoxdur. Proqnozda elm xərcləri isə 12,5% azaldılaraq 131,7 mln. manat, səhiyyə xərcləri 4,2% azaldılaraq 744,9 mln. manat, sosial müdafiə və sosial təminat xərcləri 7,1% azaldılaraq 1 896,6 mln. manat təşkil edib.
Gələn il büdcə layihəsində sosial ipotekanın genişləndirilməsi üçün İpoteka Fonduna 50 mln. manat vəsait ayrılıb ki, bu da 2015-ci illə eyni səviyyədədir.