2014-cü ildə Azərbaycanın bank sektorunu nə gözləyir? | Banco.az

2014-cü ildə Azərbaycanın bank sektorunu nə gözləyir?

Eskpert istehlak kreditlərinin həcmində, bank aktivlərinin artım səviyyəsində və əmanətlər üzrə faiz dərəcələrində azalma müşahidə olunacağını proqnozlaşdırıb.

"Əvvəlki illərlə müqayisədə, bu il Azərbaycanın bank sektorunu bir qədər fərqli vəziyyət gözləyir". Bu barədə "İctimai Təşəbüslərə Yardım İctimai Birliyi"nin eksperti Samir Əliyev məlumat verib. Onun sözlərinə görə, sözügedən fərqli vəziyyət istehlak kreditlərinin verilməsinə məhdudiyyət qoyulması və avtokreditlərin qadağan edilməsi ilə əlaqədardır. "Gözləntilərə görə, istehlak kreditləri bərpa olunsa da, onların şərtləri sərtləşdiriləcək. Bu isə öz növbəsində istehlak kreditinin həcminin azalmasına gətirib çıxaracaq", - ekspert bildirib.

Ekspert əminliklə qeyd edib ki, istehlak kreditlərinin məhdudlaşdırılması bankların fəaliyyətinə birbaşa təsir göstərəcək. "İstehlak kreditlərinin xüsusi çəkisinin yüksək olduğu bankların fəaliyyətində bu təsirlər daha aydın şəkildə özünü biruzə verəcək. Kredit portfelində istehlak kreditlərinin həcmi 60-70%-ə çatan banklara rast gəlmək mümkündür. Məhdudiyyətlərin müəyyən olunması ilə həmin bankların fəaliyyətində əsaslı dəyişikliklər qeydə alına bilər".

Samir Əliyev qeyd etmişdir ki, bu il bank aktivlərinin həcmində də azalma müşahidə oluna bilər. "Bank aktivlərinin artımı kredit və əmanətlərin həcmindən asılıdır. Bununla yanaşı, hər iki seqmentdə artım tempi ləngiyə bilər. Keçən il banklar əmanətləri yüksək faiz dərəcələri ilə cəlb etmişdi. Lakin istehlak kreditlərinə məhdudiyyət qoyulması bankların gəlirlilik səviyyəsini azaldacaq. Bununla da, banklar artıq əvvəlki faiz dərəcələri ilə əmanətləri cəlb edə bilməyəcəklər. Nəticədə, bank əmanətlərinin faiz dərəcələrində azalma müşahidə oluna bilər. Bu isə öz növbəsində banka qoyulan depozitlərin həcmini azalda bilər". Bundan əlavə, ekspert bu il 5-6 bankın öz fəaliyyətini dayandıracağı barədə də proqnoz verib. "Böyük ehtimalla bu il 5-6 bank bağlanacaq və ya onlar digər banklarla birləşdiriləcək. Əgər bu hadisə 2014-cü ildə baş verməsə, o zaman 2015-ci ildə bu hadisənin baş vermə ehtimalı daha yüksək olacaq", deyə ekspert bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək lazımdır ki, 2013-ci ilin dekabr ayında kredit qoyuluşlarının ümumi həcmi 15,422 milyard manat təşkil edib. Bu məbləğin 5.1%-i və ya 792,8 milyon manatı vaxtı keçmiş kreditlərinin payına düşür. Kredit qoyuluşlarının 14,4%-i (2,219 milyard manat) ticarət və xidmət sektoru üçün ayrılıb. Energetika, kimya və təbii ehtiyatlar sektoruna 288,2 milyon manat həcmində kredit verilib. Bu sektor üzrə kredit qoyuluşlarının xüsusi çəkisi 1.9% təşkil edir. Kənd təsərrüfatı və emal sahəsinə 733,3 milyon manat (4,8%) həcmində kredit cəlb olunub. Əmlak və tikinti sektoruna 2,362 milyard manat (15,3%) həcmində, istehsal və sənaye sektoruna 1,516 milyard manat (9.8%) həcmində kredit, nəqliyyat və rabitə sektoruna isə 506 milyon manat (3,3%) həcmində kredit ayrılıb.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, Mərkəzi Bankdan verilən məlumatlara görə, cari ilin 1 yanvar tarixi üzrə bank aktivlərinin ümumi həcmi 20,385 milyard manata çatıb. Hesabat dövründə bank sektorunun cari kapitalı 3,426 milyard manat, əhalinin bank əmanətlərinin ümumi həcmi isə 6,395 milyard manat təşkil edib.