Bank VTB Azərbaycan KÖMİS – Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşularaq, müştərilərdən kommunal ödənişlər, cərimələr və rüsumların qəbulu layihəsinə başlayıb. Bu sistemə qoşulmaqla artıq müştərilər işıq, qaz, su, istilik, rabitə, DYP cərimələri və digər rüsumları rahatlıqla filiallarda ödəyə biləcəklər.
“Hazırda biz baş ofisin Müştəri Xidmətləri İdarəsi və 3 saylı “Nizami” filialında müştərilərdən kommunal ödənişlər qəbul edirik. Yaxın gələcəkdə həm də, “Nərimanov” və “Əcəmi” filiallarında da bu xidməti həyata keçirməyi planlaşdırırıq”, - deyə, Əməliyyat İdarəsinin rəhbəri Nərminə Seyfullayeva bildirib.
Filiallarda kommunal xidmətləri ödəmək üçün müştərilər ilk dəfə özləri ilə şəxsiyyət vəsiqələrini və müvafiq borc qəbzini təqdim etməlidirlər. Bankın əməkdaşı müştərini sistemdə qeydiyyatdan keçirərək ona xüsusi abunəçi kodunu bildirəcək. Növbəti ödənişlər zamanı həmin abunəçi kodu ilə ödənişləri daha rahat və tez həyata keçirmək mümkün olacaq.
Ödənişlər üçün Bank tərəfindən heç bir komissiya tutulmur. Müştəri yalnız qəbzdə qeyd olunan kommunal xidmətin dəyərini ödəməlidir.