Hər il Novruz bayramında korporativ müştərilərini hədiyyələrlə təbrik edən Azər Türk Bank bu il ənənəni pozdu. Belə ki, bank rəhbərliyinin qərarı ilə müştərilərə Novruz bayramı hədiyyəsi üçün nəzərdə tutulmuş büdcə hesabına müxtəlif universitetlərin SABAH qruplarında oxuyan, tədrisdə yüksək nəticələr əldə etmiş 10 nəfər tələbənin bir illik təhsil haqqı ödəniləcəkdir. Qeyd etmək lazımdır ki, Bank tərəfindən atılan bu xeyirxah addımın ikiqat səmərəsi vardır. Çünki qanunvericiliyə görə, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir.
Azər Türk Bank bu istiqamətdə işləri gələcəkdə də davam etdirəcək, o cümlədən müştəriləri bayramlarda təbrik üçün nəzərdə tutulmuş vəsaiti bundan sonra sosial layihələrin gerçəkləşdirilməsinə yönəldəcəkdir.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.