Azərbayacanın ən böyük mikromaliyyə təşkilatı “Finca Azerbaijan” bank çevrilmək üçün Mərkəzi Bankdan lisenziya ala biləcəyinə ümid edir.
Verilən məlumatına görə, bunu çərşənbə günü keçirilmiş mətbuat konfransında “Finca Azerbaijan” mikromaliyyə təşkilatının Baş icraçı meneceri Maniş Sane deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank bu günə kimi onların müraciətinə cavab verməyib. “Çox təəssüf ki, bu barədə konkret məlumat yoxdur. Bu günə qədər Mərkəzi Bankdan cavab almamışıq”.
Maniş Sane qeyd edib ki, kapital tələbi “Finca” üçün problem deyil: “Finca”nın kifayət qədər imkanları vardır ki, 1 yanvar 2014-cü il tarixinədək 50 milyon manat məcmu kapital tələbini yerinə yetirsin.
“Finca Azerbaijan” rəhbəri bildirib ki, banka çevrilməkdə əsas məqsəd 146 mindən çox mövcud müştərisinə digər bank xidmətləri göstərməkdir.
“İlkin məqsədimiz depozitlər cəlb etmək deyil, müştərilərə digər bank xidmətləri göstərməkdir. Lisenziya verildikdən sonra istehlak kreditləri də verəcəyik”,-Sane deyib.
Maniş Sane qeyd edib ki, banka çevrildiyi təqdirdə “Finca” üçün riskləri heç də dəyişdirməyəcək. Çünki “Finca” banklarla eyni biznesdədir. Strukturun dəyişilməsi mahiyyəti dəyişdirməyəcəkdir. İndiyədək, təşkilat kredit fəaliyyətini göstərmək üçün öz risklərini məharətlə idarə etmişdir.
Maniş Sane söyləyib ki, “Finca”ya Azərbaycanda bank lisenziyası verilsə, bank xidmətləri sahəsində rəqabət daha da artar: “Təbii ki, rəqbətə təsir göstərə bilərik və göstərmək də istəyərik”.
Maniş Sane bildirib ki, hələ də, Mərkəzi Bankdan lisenziya alacaqlarına inamları itməyib:
“Mərkəzi Bank tərəfindən bizə lisenziyanın verilməsində yaranmış problemin səbəbinin axtarışdayıq. Ümid edirik ki, Azərbaycanın Mərkəzi Bankı “Finca”ya bank lisenziyası verəcək. Ona görə deyilər ki, ümid sonda ölür”.
Maniş Sane əlavə edib ki, “Finca” Gürcüstanda banka çevrilib, Qırğızısatnında isə bu il çevrilməsi gözlənilir. Həmçinin “Finca” bu il Pakistanda bank almışdır. Ümumiyyətlə, “Finca” növbət ildə 22 ölkədəki filiallarının yarsını banka çevirməyi planlaşdırır.
marja.az