Noyabr ayının 26-da “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Beynəlxalq Mətbuat Mərkəzində “Biliyini Kapitala Çevir” Tələbə Təqaüd Proqramının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirdi.
15 sentyabr Bilik Günü ilə əlaqədar 2013-cü ildə respublikanın ali təhsil müəssisələrinə daxil olmuş aktiv müştərilərin övladları arasında “Biliyini kapitala Çevir” Tələbə Təqaüd Proqramına start verilmişdir. Proqramın əsas məqsədi “FİNCA Azerbaijan”ın aşağı gəlirli müştərilərinin universitetlərə yüksək bal ilə daxil olan övladlarının effektiv ali təhsil almalarına və peşəkar mütəxəssis olmalarına dəstək olmaqdan ibarət idi. Tələbə Təqaüd proqramında 1000 ABŞ dolları və ya 800 AZN məbləğinə qədər kredit almış aktiv müştərilərin övladları iştirak etmişdilər. Ölkə üzrə 58 nəfər ərizəçilərdən 18 nəfər tələbə seçilmişdir. Seçim şərtlərinə uyğun olaraq Cənub və Mərkəz bölgələrinin hər birindən daxil olan ərizələr arasından ən yüksək bal toplayan beş nəfər, Qərb regionundan 6 nəfər, Abşeron bölgəsindən 2 nəfər təqaüd verilməsi üçün layiq görülmüşdür. Onların hər birinə 12 ay ərzində “FİNCA Azerbaijan” tərəfindən 100 AZN məbləğində təqaüd veriləcəkdir.
Proqramda niyə məhz 800 AZN məbləğinə qədər kredit almış müştərilərin övladları iştirak etmişdilər sualını cavablandıran təşkilatın direktor səlahiyyətlərini icra edən baş maliyyə meneceri Marko De Natale bildirmişdir ki, adətən kiçik məbləğdə kredit almış müştrilərin az gəlirli olduqlarını nəzərə alıb diqqəti həmin kəslərə yönəltmişlər.
Tədbirdə çıxış edən Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva mikromaliyyə sektoru barədə məlumat verib qeyd etmişdir ki, “FİNCA Azerbaijan” tərəfindən 2014-cü ilin 1-ci yarısında yeni istiqrazların buraxılacağı və daha 2 yeni layihə gözlənilir. Layihələrdən biri ondan ibarətdir ki, kənd yerlərində fəaliyyət göstərən filiallarda qadın mütəxəssislərinə xüsusi diqqət yetirəcək, onların işlə təmin olunmasında, xüsusi potensiala malik olanların layihə çərçivəsində keçirilən təlimlərə göndərilməsinə diqqət verəcəkdir
15 il Azərbaycanda fəaliyyət göstərən “FİNCA Azerbaijan” QBKT üçün noyabr ayı üçün artıq ölkə ərazisində 33 filial və 33 sub-ofisi vasitəsilə 150,000 nəfərə yaxın müştəriyə maliyyə xidmətləri göstərir və ümumi kredit portfeli 200 milyon ABŞ dolları təşkil edir. Bu göstəricilərə görə “FİNCA Azerbaijan” təkcə ən böyük mikro-maliyyə təşkilatı deyil, həmçinin, ölkənin ən böyük bankları arasında yer alır