Azərbaycanın bank sektorunda xüsusi yerə malik olan Bank of Baku bu yaxınlarda ölkədəki fəaliyyətinin 22-ci ildönümünü qeyd etdi. Ölkənin aparıcı və yenilikçi Bankı olaraq tanınan Bank of Baku-nun müştəri xidmətlərinin təkmilləşdirilməsi istiqamətində saysız-hesabsız yeniliklər tətbiq edən sektorunun əsas banklarından biri olduğunu desək yəqin ki, yanılmarıq. “Sizə Yaxın Bankçılıq” şüarını əsas tutan Bank, fəaliyyətini müştəri-yönümlü icra etməklə, onların bank xidmətlərindən daha rahat istifadəsini təmin etmək üçün çalışır. Bankın təkcə rəqəmsal maliyyə xidmətlərinin tətbiqi sahəsində gördüyü işlərə nəzər yetirsək onların bu sahədə nə qədər uğurlu olduğunu aydın görə bilərik.
Bank of Baku, göstərdiyi xidmət və təqdim etdiyi məhsulları ilə sektorunun yenilikçi üzvü olmaqla yanaşı, eyni zamanda “Bank sektorunun Akademiyası” olaraq da tanınır. 22 yaşına yenicə qədəm qoyan Bank ölkənin bir çox peşəkar, ixtisaslı bank mütəxəssislərinin karyerasında əvəzsiz rola malik olub. İdarəedici vəzifələr istisna olmaqla, bankda çalışmaq arzusunda olanların təcrübəyə malik olub-olmaması “Bank of Baku” üçün heç bir əhəmiyyət kəsb etməyib və buna görə də əksər hallarda təcrübə, namizədlər qarşısında əsas tələb kimi qoyulmayıb. İş axtaran şəxslər üçün qarşısıalınmaz sədd kimi qoyulan təcrübə amilini ortadan qaldıran bank işsiz gənclərin arzularına çatmalarına bir vəsilə, bank sektoru üçün isə bir nömrəli nümunə olub. Fəaliyyət göstərdiyi 22 il ərzində bankın daxilində yaradılan Təlim Mərkəzi istənilən təcrübəsiz, lakin geniş potensiala malik gənclərə bank işini öyrədərək onların bank mütəxəssisi kimi formalaşmasına yardımçı olub.
Bankı təbrik etmək üçün, kiçik bir araşdırma edib, orda çalışan və hal-hazırda ölkənin digər aparıcı bank və maliyyə qurumlarında, həmçinin yerli və beynəlxalq şirkətlərdə yüksək vəzifələrdə fəaliyyətini davam etdirən şəxslərlə əlaqə saxladıq, onların Bank of Baku haqqında fikirlərini eşitmək çox maraqlı oldu.
İlk müsahibimiz, hal-hazırda ARDNŞ Prezidentinin Müşaviri və “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru vəzifəsində çalışan Əfqan İsayevdir. 2004-2009–cu illərdə Bank of Bakuda “Biznesin İnkişafı Qrupunun Rəhbəri” vəzifəsindən “İdarə Heyətinin Sədrinin Müavini” vəzifəsinə qədər yüksələn Əfqan bəy qeyd edir ki:
“Bank of Baku mənim fərdi və karyera inkişafımda xüsusi yeri olan, doğma bir məkandır. Bank of Baku, təkcə iş yeri deyil, orda çalışan hər bir şəxs üçün ailə mühiti olub. Azərbaycanın bank sektoruna qazandırdığı yenilikləri ilə hər zaman aparıcı mövqeyini qoruyub saxlaya bilir. Doğma Bankımızı və bütün kollektivi ad günü münasibətilə təbrik edir, lider mövqeyini daim qoruyub, saxlamağı arzu edirəm”.
“AFB Bank”ın Müşahidə Şurasının üzvü olaraq fəaliyyətini davam etdirən Fərid Əlizadə Bank of Baku haqqında öz təəssüratlarını bölüşür:
“Ölkəmizin tarixində ən uğurlu Bankın memarlarından biri olmağımla hər zaman hədsiz fəxr və qürur hissi duyacam. Bank of Baku-da keçirdiyim 10 illik fəaliyyətimə əsasən əminliklə deyə bilərəm ki, bu Bank sektorunun təkcə məktəbi deyil, məhz Akademiyasıdır. Səmimi qəlbdən bütün həmkarlarımı Bank of Baku-nun 22 yaşı münasibətilə təbrik edirəm!”
F.Əlizadə, 2005-2015-ci illər ərzində Bank of Baku-da Maliyyə Departamentinin Direktoru vəzifəsində fəaliyyətə başlamış, İdarə Heyətinin Sədri və Bankın Baş Direktoru vəzifələrinə qədər yüksəlməyə nail olmuşdur.
“Kapitalbank”ın İdarə Heyəti Sədrinin müavini, Baş Əməliyyat İnzibatçısı vəzifəsində çalışan Fərid Hüseynov qeyd edir ki, Bank of Baku ölkənin bank sektorunun inkişafında mühüm rol oynayıb:
“Bank of Baku” yerli bank sektorunun inkişafında əvəzsiz xidmətləri olan, innovativ xidmətləri ilə seçilən, yenilikçi banklardan biridir. 22 illiyinin tamam olması münasibətilə “Bank of Baku” ailəsini təbrik edirəm və gələcək fəaliyyətlərində nailiyyətlər diləyirəm”.
Professional fəaliyyətinə 2001-ci ildə Bank of Baku-da “Qeyri-ticarət əməliyyatlar şöbəsinin mütəxəssisi” vəzifəsində başlayan Fərid bəy, 2015-ci ilə qədər çalışdığı Bankın ən yüksək - İdarə Heyətinin Sədri vəzifəsinə qədər yüksələ bilib.
Fərid Məmmədov, “Kapitalbank”ın İdarə Heyəti Sədrinin birinci müavini, 2001-2011-ci illər ərzində Bank of Baku-da çalışıb. Bankda “Vəsaitlərin yerləşdirilməsi və cəlb edilməsi idarəsinin mütəxəssisi” vəzifəsində fəaliyyətinə başlayan və İdarə Heyəti Sədrinin Müavini vəzifəsinə qədər yüksələn F.Məmmədov, Bank of Baku-ya 22-ci ad günündə öz təbriklərini çatdırır:
“Bank of Baku-nun mənim üçün həmişə doğma olan kollektivini ad günü münasibətilə təbrik edir, maliyyə dayanıqlığı, həmişəki innovativlik və yüksək komanda ruhu arzulayıram!”.
Hal-hazırda “Unibank” ASC-nin İcraçı Direktoru vəzifəsində fəaliyyətini davam etdirən Xalid Əhədov da 10 ildən artıq müddətdə çalışdığı “Bank of Baku”nun onun karyerasında önəmli rol oynadığını deyir:
“Mən əvvəla “Bank of Baku” komandasını təbrik etmək istəyirəm. “Bank of Baku” bu gün Azərbaycan bank sektorunda özünəməxsus yeri olan bir bankdır və onun uğurları sevindiricidir. Mənim bank karyeramda “Bank of Baku”nun xüsusi yeri var. Bir daha bankın kollektivini təbrik edirəm və bankın daha yüksək uğurlara imza atmasını arzulayıram”.
Qeyd edək ki, cənab Əhədov 1999-2011-ci illər ərzində Bank of Baku-da “SWIFT sistemində əməliyyatlar üzrə ekspert” vəzifəsindən İdarə Heyəti Sədrinin Müavini vəzifəsinə qədər yüksəlib.
Avropa Yenidənqurma və İnkişaf Bankının AzAFF (Azerbaijan Agri Finance Facility) layihəsində aparıcı bank eksperti, İlqar Tağıyev 1999-2007-ci illər ərzində Bank of Baku-da çalışıb. İ.Tağıyev bank işini məhz “Bank of Baku”nun sayəsində öyrəndiyini və bu amilin onun sonrakı karyerasına müsbət təsir etdiyini vurğulayır:
“Mən 8 il, 1999-2007-ci illər ərzində “Bank of Baku”da işləmişəm. Orada fəaliyyətə başlayanda bankın 5 yaşı var idi və həmin dövr üçün normal olaraq o qədər də böyük deyildi. Bankla əməkdaşlığa başladığım dövrdə 21 əməkdaşla fəaliyyət göstərirdi, bankdan ayrılanda isə təxminən 200 əməkdaş çalışırdı. Mən fəaliyyətə başlayanda bank cəmi bir – Baş Ofisdən ibarət idi, Bankı tərk edəndə isə artıq 15 mükəmməl filial fəaliyyət göstərirdi. Bank işini mənə “Bank of Baku” öyrədib desəm, yəqin ki yanılmaram. Çünki, 8 ildə bankın bir çox şöbəsində çalışdım və mükəmməl təcrübə qazandım. Düzü, sonrakı iş yerlərimdə digər namizədlərə baxanda mənim seçilməyim məhz “Bank of Baku”nun yetirməsi olduğum üçün olub. “Bank of Baku”ya uğurlar”.
Bank “BTB”-nin İdarə Heyətinin Sədrinin Müavini, İdarə Heyətinin üzvü Rüfət Abbasov peşəkar karyerasının 10 ilini 2002-2012-ci illər ərzində Bank of Baku-da müxtəlif vəzifələrdə çalışıb.
“Bank of Baku mənim üçün, Azərbaycan bank sektorunda dinamikliyi və şəffaflığı ilə seçilən, öz müştəriləri arasında etibar qazanan, cəmiyyətin inkişafına öz töhvəsini verən qabaqçıl banklardan biridir. Karyeramın 10 ilini bu bankda fəaliyyət göstərmişəm, gözəl dostlar qazanmışam. 22 yaşı münasibəti ilə Bank of Baku ailəsinə aid olan hər bir kəsi təbrik edirəm, bu çətin dövrdə bankın müştəriləri qarşısında olan etibarını itirməməyi və inkişafını davam etdirməyi arzu edirəm”.
Bank of Baku-da Kredit departamentinin Kommersiya kreditləri şöbəsinin mütəxəssisi vəzifəsində fəaliyyətə başlayan R.Abbasov, daha sonralar, "Əhmədli" filialının direktoru vəzifəsinə təyinat alıb.
Bank of Baku-da qazandığı təcrübə sayəsində öz işini uğurla quran şəxslər də kifayət qədər çoxdur. Onlardan biri, “Lead Consulting MMC” şirkətinin təsisçi və direktoru olaraq fəaliyyət göstərən Vasif Bədəlsoydur.
“Bank sektorunda, Bank of Baku-da biznesi necə düzgün qurmağı öyrənmişəm, peşəkar kimi yetişmişəm, xarakterimdə möhkəm özül əldə etmişəm, çoxlu dost qazanmıışam, indi də öz biznesimi aparmaqda həmin çevrəmin rolu böyükdür. Çətin zamanlarda, Bank of Baku-ya dayanıqlıq və yeni daha da uğurlu strategiya arzulayıram”.
2003-2008-ci illər ərzində Bank of Baku-da “Kredit departamentinin “Kommersiya kreditləri şöbəsinin mütəxəssisi” kimi fəaliyyətə başlayan V. Bədəlsoy, “Yerləşdirmə məhsulları şöbəsinin, İri əqdlərin təhlili bölməsinin rəhbəri” vəzifəsinə qədər yüksəlir.
Bank of Baku-da qurduğu uğurlu karyerasının ardınca fəaliyyətini Bank “BTB”-nin İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı kimi davam etdirən digər bir peşəkar bank mütəxəssisi Vüsal Şahverdiyevdir. Bank of Baku haqqında aşağıdakı təəssüratlarını bölüşən V.Şahverdiyev 2007-2012-ci illər ərzində Bank of Baku-da “Yasamal filialı üzrə İstehlak kreditləri bölməsinin kiçik mütəxəssisi” kimi fəaliyyətə başlamış, daha sonra “Məhsulların idarə edilməsi departamentinin Kredit məhsulları şöbəsinin müdiri” vəzifəsinə qədər irəliləməyə nail olmuşdur.
“Bank of Baku mənim və orada işləyən əksər insanların ilk iş yeri olub. Adətən insanın ilk iş yeri əlamətdar olur. Kollektivdə münasibətlərin düzgün qurulmasını, komandada effektiv işləməyi artıq orada olarkən mənimsəmişəm. Bank of Baku-da işləyən dövrdə özümə çoxlu dostlar da qazanmışam. Bu baxımdan, Bank of Baku sözsüz ki, əziz təşkilatdır. Zənnimcə ölkə bazarında Bank of Baku kimi qabaqcıl bankların birində işləmək istənilən şəxsin karyerasına müsbət təsir göstərir. Yeni iş yerimdə gördüyüm dəstəkdən və qazandığım biliklərdən başqa, Bank of Baku-da əldə etdiyim qeyri-maddi aktivlərimə də mütamadi üz tuturam. Bu mənada karyeramda Bank of Baku-nun rolunu kifayət qədər əhəmiyyətli hesab edirəm. 22 yaşının tamam olması münasibətilə Bank of Baku kollektivini təbrik edirəm, həmişə təməli möhkəm və inkişafa yönəlmiş bank olaraq qalmasını arzu edirəm!”
Sayca 10-cu olan sonuncu müsahibəmiz Bank of Baku-da hal-hazırda İdarə Heyətinin Sədri vəzifəsində çalışan Abbas İbrahimov ilə oldu. Bank of Baku, bank sektorunun bir çox mütəxəssislərində olduğu kimi Abbas İbrahimov üçün də ilk iş yeri olub. “Bank of Baku Akademiyası”nın bariz nümayəndəsi olan Abbas İbrahimov karyerasına 2005-ci ildə Bank of Baku-da “Biznesin inkişafı sahəsinin eksperti” vəzifəsində başlayıb. Sonrakı illərdə müxtəlif vəzifələrə təyinat alan A.İbrahimov, 2015-ci ildən etibarən Bankın İdarə Heyətinin Sədri olaraq fəaliyyətini davam etdirməkdədir.
“Sektorunun Akademiyası olan Bank of Baku-da karyerasına başlayan şəxslər korporativ mədəniyyətin, komanda ruhunun hakim olduğu bir ailə mühitində çalışırlar. Qarşılıqlı inam və etibarın, hörmət və dəstəyin olduğu bu ailə mühiti Bankımızı fərqləndirən əsas daxili dəyərlərindən biridir. Bütün bu dəyərlərdən irəli gələrək işimizə ürəkdən bağlanan Bank of Baku Ailəsi olaraq həmişə müştərilərimizə yaxın olmağa çalışmışıq, məhsullarımızda, xidmətlərimizdə, bütün yeni kampaniyalarımızda müştərilərimizin istək və ehtiyaclarını qarşılamağa səy göstərmişik. Ölkənin ən sağlam, ən dayanıqlı banklarından biri kimi 700.000 nəfərdən çox müştərinin rəğbət və etimadını qazanmışıq. Mən əminəm ki, biz Bankın rəhbərliyi olaraq mövcud şəraitdə sürətli və düzgün qərarlar verməklə Bankımızı daima Azərbaycanın ən sağlam, dayanıqlı və effektiv banklarından biri kimi saxlayacaq və müştərilərimizin bizə olan etibarını daha da artıracağıq. Peşəkar karyerasının müəyyən bir hissəsini də olsa, Bank of Baku-da keçirən hər bir keçmiş əməkdaşımız və hal-hazırda fəaliyyətini davam etdirən Ailəmizin bütün üzvlərini 22 yaşımız münasibətilə təbrik edir, birlikdə daha da böyük uğurlara imza atmamızı arzu edirəm! APA Agentliyinə və onun rəhbərliyinə Bankımıza göstərdikləri böyük diqqətə görə təşəkkürümüzü bildirirəm”.
Qeyd edək ki, Bank of Baku-nun 31 yanvar 2016-ci il tarixinə olan maliyyə göstəricilərinə əsasən likvidlik əmsalı kifayət qədər yüksəkdir. Belə ki, Mərkəzi Bankın müəyyən etdiyi minimum 30% tələbinə qarşı Bankın ani likvidlik əmsalı 330% təşkil edir. Bununla yanaşı, Bankın məcmu kapitalının adekvatlıq əmsalı qeyd olunan tarixə 15.35% təşkil edir ki, bu da Mərkəzi Bankın qoyduğu minimum 10% tələbindən yüksək göstərici hesab olunur. Eyni zamanda, 10.7% leverec əmsalına malik olmaqla, Bank of Baku Mərkəzi Bankın təyin etdiyi minimum 5% tələbini iki dəfədən çox olmaqla yerinə yetirir. Bankın məcmu kapitalı 100 milyon manata yaxındır.
Mənbə: APA-İnformasiya Agentliyi