Uğur qazanmaq üçün Benjamin Franklinin təklif etdiyi 13 prinsip | Banco.az

Uğur qazanmaq üçün Benjamin Franklinin təklif etdiyi 13 prinsip

Benjamin Franklin gənc nəsillərə öyüd verərək və şəxsi həyatından nümunə gətirərək deyir ki, bu prinsiplər uğur qazanmaq istəyən istənilən gənc üçün örnəkdir.

Bəs, bunlar hansı prinsiplərdir?

O, həyatda hər şeyi özü qazanıb. Əvvəlcə, nəşriyyatda işləyən Franklin sonradan özü varlanıb. Elm və siyasətlə maraqlanan Franklin ABŞ-ın maraqlarını Avropada təmsil edən şəxs idi. Okeanın hər iki tərəfində böyük nüfuz sahibi idi. Franklin ABŞ tarixinin üç təməl müqaviləsini imzalayan yeganə şəxsdir. Bunlar: Müstəqillik bəyannaməsi, Konstitusiya, Versal sülhü.

Görkəmli şəxsiyyət “Avtobioqrafiya”sında qarşısına qoyduğu həyat qaydaları barədə yazır: “Xeyirxahlıq siyahısı və ona uyğun təlimatlar bunlardır:

1. Nəfsi cilovlamaq – doymamış süfrədən qalxmaq, içki içərkən sərxoş olmamaq;

2. Susmaq – yalnız özünə və başqasına fayda gətirəcək mövzular barədə danışmaq, boş söhbətlərdən qaçmaq;

3. İntizam – şəxsi əşyaları onlar üçün ayrılan xüsusi yerlərdə saxlamaq, hər məşğuliyyət üçün xüsusi vaxt müəyyənləşdirmək;

4. Qətiyyətlilik – zəruri işlərin həyata keçirilməsində cəsarət göstərmək, alınan qərarı hökmən yerinə yetirmək;

5. Qənaətcillik – pulu yalnız mənə və başqalarına xeyir gətirən şeylərə xərcləmək, yəni israf etməmək;

6. Çalışqanlıq – vaxtı boş yerə xərcləməmək, daim faydalı işlə məşğul olmaq, lazımsız işlərdən qaçınmaq;

7. Səmimiyyət – zərərli yalana yol verməmək, təmiz və ədalətli düşüncələrə sahib olmaq, ünsiyyətdə bu qaydaya riayət etmək;

Ən sərfəli kredit üçün müraciət et

8. Ədalət – heç kəsə zərər verməmək; ədalətsizliyə yol verməmək və xeyirxah iş görmək fürsətini qaçırmamaq, bunlar sənin vəzifə öhdəliklərinə aiddir;

9. Mötədillik – ifratdan qaçmaq, haqsızlıqla üzləşdikdə qəlbdə yaranan inciklik hissini bacardıqca cilovla;

10. Təmizlik – cismani natəmizliyə yol verməmək, həm geyimdə, həm də evdə səliqə-səhmana riayət etmək;

11.Təmkinlilik – boş şeylərdən, adi və qaçınılmaz hadisələrdən ötrü həyəcanlanmamaq;

12. İsmət – nadir hallarda cinsi əlaqəyə girmək; bu işlə yalnız övlad sahibi olmaq və ya sağlamlığı qorumaq məqsədilə məşğul olmaq; ağlı itirəcək və zəif düşəcək səviyyədə ehtirasa qapılmamaq; cinsi arzunun şəxsi və ya özgə nüfuza xələl yetirməsinə imkan verməmək;

13. Təvazökarlıq – Sokratı örnək götürmək.

Gənc B. Franklin tərtib etdiyi bu 13 prinsipə alışmaq üçün gündəliyində xüsusi cədvəl tərtib etdi. Həmçinin o, hər həftə bir prinsipin əməl edilməsinə üstünlük verir, qaydanı pozduqda cədvəldə bir, daha kobud şəkildə pozduqda isə iki “X” işarəsi qoyurdu. Nəticədə, Franklin tədricən, addım-addım özündə əsl xarakter formalaşdırdı və bu prinsiplər onun mənəvi dünyasına hopdu.

Benjamin Franklinin prinsipləri həyat mübarizəsinə atılan, qəlbi uğur qazanmaq arzusu ilə alışıb-yanan, lakin bəzən tərəddüdə düşən hər gənc üçün sanki işıq saçan məşəldir.

Ramil Suleymanov