Türkiyədən gələn təlim üzrə ekspertin sığortaçılarla görüşü baş tutub | Banco.az

Türkiyədən gələn təlim üzrə ekspertin sığortaçılarla görüşü baş tutub

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə Türkiyə Sığorta İnstitutu Vəqfinin eksperti Mehmet Muratoğlu sığorta şirkətlərinin ilə görüş keçirib. Görüşdə Birliyin nümayəndələri, Birlikdə Təlimlər üzrə işçi qrupuna rəhbərlik edən Orxan Həsənov, sığorta şirkətlərinin İnsan resursları və digər sahələr üzrə nümayəndələri iştirak edib. Görüşdə geniş təqdimatla çıxış edən M. Muratoğlu Türkiyə sığorta bazarı haqqında qısa məlumatdan sonra Azərbaycan sığorta bazarı ilə oxşar cəhətləri barədə danışıb. Daha sonra sığorta sektoru üçün keçirilən təlim metodologiyasından bəhs edib. Bildirib ki, təlimlər sığorta şirkətlərində ən aşağı vəzifə tutan şəxslərdən tutmuş rəhbər şəxslərə qədər müxtəlifliyi ilə fərqlənir. Həmçinin, bu təlimlər şirkətlərə görə də fərqlidir. Ekspert qeyd edib ki, təlim proqramları hazırlanması üçün onların sığorta bazarı ilə yaxından tanışlığı zəruridir. Proqramlar hər şirkətlər üçün individual olaraq hazırlanır. Bu, şirkətin idarəçilik forması, fəaliyyət istiqamətləri, satışı həyata keçirilən sığorta növləri, əməkdaşların sayı və s. faktorlarla səciyyələnir. Sığortaçılar üçün nəzərdə tutulan təlimlər təkcə sığorta sahəsi üzrə biliklərlə məhdudlaşmır, eyni zamanda, liderlik, müştəri məmniyyəti, davranış qaydaları və s. digər sahələri əhatə etdiyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bir müddət əvvəl Birlik nəzdində yaradılmış Təlim üzrə işçi qrupunda sığorta sahəsi üzrə nəzərdə tutulan təlim-tədris fəaliyyətinin istiqamətləri müzakirə edilir. Həmçinin, Birlik tərəfindən PSS – Peşəkar Sığortaçı Sertifikasiyası imtahanı, Cİİ – İF3 – Anderraytinq üzrə təlimlərə başlanmışdır.