Tibbi sığorta nədir? | Banco.az

Tibbi sığorta nədir?

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu əhalinin tibbi sığortasının təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, tibbi sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir.

 

Tibbi sığorta və onun formaları


Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə Azərbaycan Respublikası əhalisinin tibbi və dərman yardımı almasına təminat verir. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir. Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında müəyyənləşdirildiyindən əlavə könüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir.

 

Tibbi sığorta haqqında


Azərbaycan Respublikasının qanunvericiliyi Tibbi sığorta haqqında Azərbaycan Respublikasının qanun-vericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ-hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.

 

Tibbi sığortanın sistemi

Tibbi sığortanın subyektləri


Tibbi sığortanın subyektləri sığorta olunanlar, sığorta edənlər, tibbi sığorta təşkilatları, tibb müəssisələri və qanunvericilikdə müəyyən olunmuş qaydada fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslərdir. İcbari tibbi sığorta sistemində sığorta edənlər:
 
işləməyən vətəndaşlar üçün - müvafiq icra hakimiyyəti orqanları və müvafiq sosial proqramlar çərçivəsində yerli özünü-idarə orqanları;
 
işləyən vətəndaşlar üçün – mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və qanunvericilikdə müəyyən olunmuş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
 
Könüllü tibbi sığortada sığorta edənlər - vətəndaşlar və vətəndaşların mənafeyini ifadə edən hüquqi şəxslərdir. Tibbi sığorta sistemindəki tibb müəssisələrinə xüsusi razılığı olan müalicə-profilaktika, elmi-tədqiqat müəssisələri, eləcə də qanunvericilikdə müəyyən olunmuş qaydada tibbi yardım göstərən digər hüquqi şəxslər daxildirlər. Tibbi sığortanın subyektləri arasındakı mübahisələr qanun-vericilikdə müəyyən olunmuş qaydada həll edilir.

 

Tibbi sığorta müqaviləsi


Tibbi sığorta onun subyektləri arasında bağlanmış müqavilələr formasında həyata keçirilir. Tibbi sığorta müqaviləsi-qanunvericilikdə müəyyən olunmuş qaydada sığorta edənlə tibbi sığorta təşkilatları arasında bağlanan və sığorta olunana tibbi sığorta proqramına uyğun olaraq göstərilən tibbi yardımın maliyyələşdirilməsini və təşkilini müəyyən edən, sığorta olunanın digər mənafelərini müdafiə edən yazılı sazişdir. Tibbi sığorta müqaviləsi ilk sığorta haqqı ödənildiyi andan qüvvəyə minmiş hesab edilir. Tibbi sığorta müqaviləsinin forması və bağlanma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Tibbi sığortanın ayrı-ayrı növlərinə aid qaydalar və icbari tibbi sığorta münasibətlərinin şamil edilmədiyi şəxslərin kateqoriyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Tibbi sığorta şəhadətnaməsi


Tibbi sığorta şəhadətnaməsi – sığorta olunana yaşayış yerindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün ərazisində, habelə Azərbaycan Respublikası ilə tibbi sığorta sahəsində müqavilə bağlayan digər dövlətin ərazisində tibbi sığorta proqramında göstərildiyindən az olmayan həcmdə tibbi yardım almağa təminat verən sənəddir. İcbari və könüllü tibbi sığorta müqaviləsinin subyekti olan vətəndaşlar tibbi sığorta şəhadətnaməsi almalıdırlar. Tibbi sığorta şəhadətnaməsi sığorta olunanın özündə olur və tibb müəssisəsinə müraciət edərkən təqdim olunur. Tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

Sığorta edənin hüquq və vəzifələri


Sığorta edənin hüquqları aşağıdakılardır:
 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tibbi sığorta müqaviləsi bağlamaq və ya onu ləğv etmək;
 
tibbi sığorta təşkilatmı sərbəst seçmək;
 
tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək.
 
Sığorta edənin vəzifələri aşağıdakılardır:
 
İcbari tibbi sığorta proqramına uyğun olaraq sığorta haqlarını vaxtında ödəmək;
 
sığorta olunanların sağlamlığının vəziyyətinin göstəriciləri haqqında tibbi sığorta təşkilatına məlumat vermək;
 
sığorta haqlarının tam məbləğdə və vaxtında ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək.
 
Tibbi sığorta müqaviləsində sığorta edən üçün digər vəzifələr də nəzərdə tutula bilər.

 

Tibbi sığorta sistemində sığorta olunan vətəndaşların hüquqları


Tibbi sığorta sistemində sığorta olunan vətəndaşların hüquqları aşağıdakılardır:
 
tibbi sığorta şəhadətnaməsini aldıqları andan qanunvericilikdə müəyyən olunmuş hüquqlardan istifadə etmək;
 
tibbi sığorta müqaviləsi ilə müəyyən edilən tibbi yardım növlərinə və həcminə uyğun olaraq tibbi sığorta sisteminə daxil olan tibb müəssisələrindən hər hansı birini və həkimi seçmək;
 
profilaktik yardım da daxil olmaqla, Azərbaycan Respublikasının bütün ərazisində icbari tibbi sığorta proqramındakından az olmayan həcmdə tibbi yardım almaq;
 
icbari tibbi sığorta müqaviləsinin şərtlərinə uyğun olan tibbi xidmətdən istifadə etmək;
 
tibbi sığorta müqaviləsinə əsasən müraciət etdiyi tibb müəssisəsindən sağlamlığının vəziyyəti, eləcə də tətbiq olunan müalicə metodları və onların nəticələri barədə məlumat almaq;
 
sığorta edənə, tibbi sığorta təşkilatına, tibb müəssisəsinə, tibbi sığorta müqaviləsinin şərtlərindən asılı olmayaraq, onların təqsiri üzündən vurulmuş zərərin ödənilməsi də daxil olmaqla, qanunvericilikdə müəyyən olunmuş qaydada iddia qaldırmaq;
 
könüllü tibbi sığorta müqaviləsinin şərtlərində müəyyən edilmişsə, istifadə edilməyən sığorta haqqının bir hissəsini geri almaq.
 
Vətəndaşların tibbi sığorta ilə bağlı mənafeyini müvafiq icra hakimiyyəti orqanı, tibbi sığorta təşkilatları, həmkarlar ittifaqı təşkilatları və digər ictimai birliklər müdafiə edir. Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının tibbi sığortası Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir.

 

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin tibbi sığortası


Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tibbi sığorta sistemində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasında əcnəbilər tibbi sığorta sahəsində, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər.

 

İcbari tibbi sığorta sisteminin maliyyələşdirilməsi


İcbari tibbi sığorta sistemi dövlət büdcəsindən, sığorta edənin (mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin) ödəmələri, icbari tibbi sığorta haqlarının ödəmə qaydasının pozulması hallarında tətbiq olunan cərimə və dəbbə pulu, qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. icbari tibbi sığorta sisteminin maliyyələşdirilməsi, icbari tibbi sığorta haqlarının saxlanması və maliyyə vəsaitinin məqsədli istifadəsinə nəzarət müvafıq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 

Ən sərfəli kredit üçün müraciət et

Tibbi sığorta sistemində sığorta haqları


İcbari tibbi sığorta sistemində sığorta edənlər işləyən vətən-daşlar üçün məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən icbari tibbi sığorta haqları ödəyirlər. İcbarı tibbi sığorta haqları icbari tibbi sığorta proqramının yerinə yetirilməsini təmin edən məbləğdə müəyyən edilir. İşləməyən təqaüdçü, idarə və təşkilat ləğv olunduqda müvəqqəti işsizlər, əmək qabiliyyəti olmayanlar, uşaqlar, tələbələr və büdcə təşkilatlarının işçiləri üçün icbari tibbi sığorta haqları tibbi xidmətlər üçün qiymətlərin indeksasiyası nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən büdcə və sosial müdafiə fondlarının vəsaiti hesabına ödənilir. Könüllü tibbi sığortada sığorta-haqlarının məbləği könüllü tibbi sığorta proqramına uyğun olaraq tərəflərin razılığı ilə müəyyən edilir.

 

İcbari tibbi sığorta proqramı


İcbari tibbi sığorta proqramı vətəndaşlara göstərilən tibbi xidmətin şərtlərini, növünü, həcmini müəyyən edir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bu proqram vətəndaşların müəyyən olunmuş həcmdə və keyfiyyətdə tibbi yardım almasını nəzərdə tutur.

 

Tibbi sığorta təşkilatlarının fəaliyyəti

Tibbi sığorta təşkilatı


Tibbi sığorta təşkilatı — mülkiyyət formasından asılı olma-yaraq tibbi sığortanı həyata keçirmək üçün qanunvericilikdə müəyyən olunmuş qaydada xüsusi razılıq almaqla fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən zəruri nizamnamə fonduna malik olan – sığorta təşkilatıdır. Tibbi sığorta təşkilatları səhiyyə sisteminə daxil deyil. Müvafiq icra hakimiyyəti orqanı və tibb müəssisələri tibbi sığorta təşkilatının təsisçiləri ola bilməzlər. Tibbi sığorta təşkilatından vergi tutulması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Tibbi sığorta təşkilatının yaradılması, yenidən təşkili və ləğv olunması qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirdir.

 

Tibbi sığorta təşkilatının hüquq və vəzifələri


Tibbi sığorta təşkilatının hüquqları aşağıdakılardır:
 
tibbi sığorta müqavilələri üzrə tibbi yardım və xidmətlər göstərilməsi üçün tibb müəssisəsini seçmək;
 
tibb müəssisələrinin akkreditasiyasında iştirak etmək;
 
tibbi xidmətlər üçün tariflərin müəyyənləşdirilməsində iştirak etmək;
 
tibb müəssisələri tərəfindən müqavilənin şərtlərinin pozulduğu hallarda tibbi xidmətlərə çəkilən xərcləri qismən ödəmək;
 
tibb müəssisəsinin və (və ya) tibb işçisinin təqsiri üzündən sığorta olunana vurulmuş zərərin ödənilməsi üçün qanun-vericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək;
 
zərərin sığorta olunan tərəfindən vurulduğu hallar istisna olmaqla, vətəndaşın sağlamlığına vurulmuş zərər üçün cavabdeh olan fiziki və ya hüquqi şəxslərdən qanunvericilikdə müəyyən olunmuş qaydada sığorta olunana tibbi yardım göstərilməsinə sərf olunmuş xərclərin ödənilməsini tələb etmək. Tibbi sığorta təşkilatı sabit fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada ehtiyat fondu yarada bilər. Tibbi sığorta təşkilatının vəzifələri aşağıdakılardır: tibbi sığorta olunanlara tibbi sığorta proqramına uyğun tibbi yardım göstərilməsi üçün qanunvericilikdə müəyyənləşdirilmiş qaydada fəaliyyət göstərən tibb müəssisələri ilə müqavilələr bağlamaq;
 
tibbi sığorta müqaviləsinin qüvvəyə mindiyi andan sığorta olunana tibbi sığorta şəhadətnaməsini vermək;
 
tibb müəssisələrinə tibbi xidmətin haqqını müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəmək;
 
könüllü tibbi sığorta müqaviləsində nəzərdə tutulmuşsa, sığorta haqlarının bir hissəsini sığorta olunana qaytarmaq;
 
müqavilənin şərtlərinə uyğun olaraq tibbi yardımın həcminə, müddətinə və keyfiyyətinə nəzarət etmək;
 
sığorta olunanın mənafelərini müdafiə etmək.

 

Tibbi sığorta sistemində tibb müəssisələrinin fəaliyyəti

Tibb müəssisələrinin və fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslərin hüquq və vəzifələri


Mülkiyyət formasından asılı olmayaraq qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisələrinin və fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslərin tibbi sığorta sistemində tibbi xidmətlər göstərmək hüququ vardır. Tibbi sığorta proqramlarım yerinə yetirən tibb müəssisələrinin tibbi sığorta sistemindən kənarda da tibbi yardım göstərmək hüququ vardır. Qanunvericilikdə müəyyən olunmuş qaydada tibbi sığorta proqramını yerinə yetirən tibb müəssisələrinin və ya fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslərin tibbi sığorta təşkilatını seçmək hüququ vardır. Tibbi sığorta sistemində mülkiyyət formasından asılı olma-yaraq tibb müəssisələri sığorta olunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsini təsdiq edən sənəd vermək hüququna malikdirlər. İcbari tibbi sığorta sistemində mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələri və ya fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslər tibbi sığorta proqramlarını yerinə yetirərkən:
 
sığorta olunana tibbi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə, həcmdə və keyfiyyətdə tibbi yardım göstərməli;
 
sığorta olunanın xəstəliyi ilə əlaqədar baş verə biləcək, eyni zamanda sığorta olunanın təqsirindən üzə çıxmış hər hansı fəsadlar barədə tibbi sığorta təşkilatına məlumat verməli;
 
sığorta olunanın sağlamlığının vəziyyətinə və ya şəxsi həyatına dair məlumatlar barədə xidməti sirri qorumalıdırlar. İcbari tibbi sığorta sistemində tibb müəssisələri və ya qanunvericilikdə müəyyən olunmuş qaydada fərdi tibbi fəaliyyət göstərən şəxslər tibbi sığorta müqaviləsində nəzərdə tutulan tibbi xidmətlərə görə sığorta olunandan əlavə haqq tələb edə bilməzlər.

 

Tibbi sığorta sistemində tibbi xidmətlər üçün tariflər


İcbari tibbi sığorta sistemində tibbi xidmətlər üçün tariflər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Tariflər tibb müəssisələrinin rentabelliyini və tibbi sığorta müqaviləsində nəzərdə tutulan tibbi xidmətin müasir səviyyəsini təmin etməlidir. Könüllü tibbi sığorta üzrə tibbi xidmətlər üçün tariflər sığorta təşkilatı ilə bu xidmətləri göstərən tibb müəssisəsi (və ya fərdi tibbi fəaliyyətlə məşğul olan şəxs) arasında razılaşmaya əsasən müəyyən edilir.

 

Yekun müddəalar

Tibbi sığorta sistemində tərəflərin məsuliyyəti


Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sığorta haqqının ödəyiciləri kimi qeydiyyatdan keçməkdən imtina edilməsinə, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsinə və ya aşağı salınmasına, ödənilmə müddətlərinin pozulmasına görə qanunvericilikdə müəyyən olunmuş qaydada maliyyə sanksiyaları tətbiq edilir. Tibb müəssisəsi və ya fərdi tibbi fəaliyyətlə məşğul olan şəxs tibbi sığorta müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq göstərilən tibbi xidmətin həcminə və keyfiyyətinə görə, eləcə də sığorta olunana tibbi xidmət göstərməkdən imtina etməyə görə məsuliyyət daşıyırlar. Qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisələri və ya fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslər tibbi sığorta müqaviləsinin şərtlərini pozduqda tibbi sığorta təşkilatı göstərilən tibbi xidmətin haqqını tam və ya qismən ödəməmək hüququna malikdir. Tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə tibbi sığorta təşkilatı sığorta olunan və ya sığorta edən qarşısında məsuliyyət daşıyır. Tibbi sığorta sistemində mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir.

 

Bu Qanunun pozulmasına görə məsuliyyət


Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.