Tamara Mustafayeva, Banco.az
Bugünkü məqaləmiz universitetə qəbul nəticələrinin açıqlandığı və abituriyentlərin tələbə adı qazandığı bu günlərdə kifayət qədər faydalı və aktual olacaqdır. Universitet illəri ərzində tələbərin işlərini asanlaşdıracaq, qayğılarını müəyyən qədər azaltmağa kömək olacaq proqram və tətbiqlərlə gəlin birlikdə tanış olaq.
1. Microsoft Office Lens
Bu tətbiq fotoşəkilləri redaktə etməklə yanaşı, aşağı keyfiyyətli mətnlərin oxumasını da təmin edir. Belə ki, dərs zamanı tələsik çəkdiyiniz, ancaq oxunaqlı olmayan fotoşəkilləri bu tətbiq vasitəsilə düzəldə bilərsiniz. Bundan əlavə, “Microsoft Lens” həmin fotoşəkillərin PDF, Word, PowerPoint və Excel sənədlərinə çevrilməsini, həmçinin əllə yazılmış mətnlərin elektron versiyasını təmin edir.
2. TED
Tələbələrinin hədəfləri arasında adətən özünü inkişaf etdirmək, dünya görüşünü artırmaq və həyata baxış tərzini genişləndirmək xüsusi yer tutur. Demək olar ki hər mövzuda, həmin sahənin peşəkarları tərəfindən hazırlanan təqdimatlar həyatınızda bir çox şeyi dəyişdirə bilər.
3. Evernote
Qeyd götürmə tətbiqi olan “Evernote”un istifadəsi olduqca rahat və praktiki əhəmiyyəti böyükdür. Bu tətbiq vasitəsilə qeyd götürməklə yanaşı, bu qeydlərə fotoşəkil, səsyazma, internet saytı və ediləcəklər siyahısı əlavə etmək mümkündür.
4. Canva
“Canva” tətbiqi dizayn bacarıqları olmayan şəxslərin belə asanlıqla işlərini həll etməsinə yardımçı olur. Bu platforma vasitəsilə siz şəkilləri tez bir vaxtda istədiyiniz kimi tərtib etmək imkanı əldə edirsiniz. Qeyd edək ki, platformanın həm mobil, həm də masaüstü versiyası mövcuddur.
5. Oxford Dictionary
Bu tətbiq ingilis dili dərslərində tələbələrin ən yaxşı dostuna çevriləcək. İngilis dilini asanlıqla öyrənməyə kömək olan tətbiqin içərisində minlərlə söz və mənaları, həmçinin düzgün tələffüz formaları da qeyd olunub.
6. CamScanner
Bu tətbiq smartfon və ya planşetlərdəki fotoşəkilləri asanlıqla PDF sənədə çevirmək üçün ideal seçimdir.
7. DropBox
Dərs yükü artdıqca, keçirilən layihələr çoxaldıqca tələbələr üst-üstə yığılmış sənəd toplusu ilə qarşı-qarşıya qalırlar. Bəzən lazımi materialları tapmaq belə qeyri-mümkün hal ala bilər ki, bu zaman kompüter və mobil telefondakı sənədləri, fotoşəkil və videoları əvvəlcədən nizama salmadığınıza peşman olarsınız. Odur ki, “DropBox” kimi yaddaş tətbiqlərindən istifadə etməklə başa çatmış layihələrin avtomotik olaraq smartfonunuzdan silinməsi ilə işinizi asanlaşdıra bilərsiniz. Etməli olduğunuz yeganə şey kompüterin yaddaşında olan lazımi qovluqları DropBox tətbiqinə köçürmək, daha sonra isə smartfon və ya planşetə yüklənmiş tətbiqdə qeydiyyatdan keçməkdir. Bununla da siz internetə çıxış imkanı olan istənilən yerdən kompüterin yaddaşına daxil ola biləcəksiniz.
DropBox tətbiqindən sənədləri mail və ya mesaj vasitəsilə göndərmək də kifayət qədər asan prosesdir.
Bizi sosial şəbəkələrdən izləyin!!