ABŞ-ın ən nüfuzlu universitetlərindən biri olan Karneqi Mellon Kompüter Elmləri Məktəbi növbəti tədris ilindən etibarən süni intellekt sahəsində bakalavr proqramına start verəcək.
Ekspertlər süni intellekt sahəsində ixtisaslaşdırılmış kadrlara ehtiyac olduğunu bildiriblər.
Onların fikrincə, bu proqram mütəxəssislərin hazırlanmasına imkan verəcək və digər universitetləri oxşar tədris istiqamətlərini yaratmağa vadar edəcək.
“Tələbələr süni intellekt sahəsi üzrə aspiranturaya yaxşı hazırlaşacaqlar. Kurs işi onlara informatika, riyaziyyat və statistika üzrə biliklərini artırmağa imkan verəcək. Fakültədə bütün zəruri fənlər tədris ediləcək: simvolik və məntiqi yanaşma, axtarış və planlaşdırma, qrafik modellər, robot texnikası, kompüter görməsi, insan və süni intellekt arasında qarşılıqlı əlaqə və ünsiyyət dili. Tələbələr bu fənlərin fundamental nəzəriyyələri ilə yanaşı, süni intellekt metodlarından istifadə etməyi və onları inkişaf etdirməyi də öyrənəcəklər. Müxtəlif tədqiqatların aparılması üçün bir çox imkanlar yaradılacaq ki, bu da tələbələrin diplom işinə hazırlanmasına kömək edəcək”, – deyə informatika və robot texnikası üzrə mütəxəssis Rid Simmons bildirib.
Xeberler.az