Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə “Sığortaçıların investisiya qaydaları” layihəsinin müzakirəsi baş tutub. Birliyin sədri Mustafa Abbasbəyli, “AzSığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbov, “Atəşgah Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Azər Əliyev, “Bakı Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ramin Məmmədov, “Qala Həyat Sığorta” şirkətinin Baş direktoru Aydın Rəhmanov, “Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Hidayət Əzimov, ”A-Qroup Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Orxan Efendi, “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Zəfər Muxtarov, “Paşa Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Murad Süleymanov və sığorta və təkrarsığorta şirkətlərinin department rəhbərləri, həmçinin, sahə üzrə məsul şəxslərin iştirakı ilə geniş tərkibli görüş keçirilib.
ASA-dan banco.az-a verilən məlumata görə, görüşdə “İnvestisiya qaydaları” layihəsi sığortaçıların geniş müzakirəsinə səbəb olub. Onlar mövzu ilə bağlı daha əvvəl keçirilmiş görüşdə irəli sürülən təkliflər barədə fikir mübadiləsi aparıb, həmçinin, qəbul edilməyən təkliflərlə bağlı daha güclü əsaslandırma və arqument irəli sürməyin zəruriliyini qeyd ediblər. Eyni zamanda, layihədə sığortaçılar üçün ziddiyyətli və mübahisəli hesab olunan hallar barədə müzakirələr aparılıb və bu kimi hallarla bağlı əlavə və düzəlişlər təklif edilib.
Görüşün yekununda mövzu ilə əlaqədar müvafiq orqanla görüş keçirilməsinin vacibliyi vurğulanıb və “Sığortaçıların investisiya qaydaları” layihəsinə dair irəli sürülən təkliflərin toplanaraq müvafiq orqana göndərilməsi qərara alınıb.