Sığorta bazarının göstəriciləri açıqlanıb | Banco.az

Sığorta bazarının göstəriciləri açıqlanıb

2019-cu ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri 319,3 milyon manat məbləğində sığorta haqqı toplayıblar. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında bildirilib ki, ilk 5 ayda şirkətlər 93,8 milyon manat məbləğində sığorta ödənişləri həyata keçiriblər.

Könüllü sığorta bazarı üzrə haqlar 212,7 milyon manat, ödənişlər isə 64 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar artaraq 106,6 milyon manat, ödənişlər isə 29,8 milyon manat olub. Qeyd edək ki, apreldə icbari sığorta haqları 89,1 milyon manat, ödənişlər isə 23,3 milyon manat olmuşdu. 2019-cu ilin yanvar-may aylarında sektor üzrə məcmu sığorta haqlarının 66,6 faizi könüllü, 33,4 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 68,3 faizi könüllü, 31,7 faizi icbari sığorta növləri hesabına formalaşıb.

Ötən ilin yanvar-may ayları ilə müqayisədə qeyri-həyat sığortasının haqları üzrə həm könüllü, həm də icbari növləri üzrə artım müşahidə edilib: müvafiq olaraq 2 faiz - 2,4 milyon manat, (10 faiz - 7,7 milyon manat). Qeyd edək ki, qeyri-həyat sığortası növündə artım, əsasən, tibbi sığorta üzrə 20 faiz (10,6 milyon manat) və daşınmaz əmlakın icbari sığortası üzrə 33 faiz (4 milyon manat) olub. Bundan əlavə, həyat sığortasının icbari növü üzrə 18 faizlik (3,5 milyon manat) artım qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ilin yanvar-may ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatları sığorta bazarının icmal göstəricilərindən ala bilərsiz: 
https://www.fimsa.az/az/2019