Sığorta bazarı ölkəmizdə ən işlək sahələrdən biridir, çox insan bu sahədə öz karyerasına başlayır. Bu sahədə karyera quran insanlar üçün sığorta bazarının 10 maraqlı termininin izahını vermişik. Uğurlar!
1) AKTUARİ - Sığorta müqavilələri ilə əlaqəli statistik maliyyə göstəriciləri əsasında iqtisadi-riyazi metodlarla sığorta tariflərini və sığorta ehtiyatlarını hesablayan riyaziyyatçı.
İzahı:
Sığortaçının işçilərindən biri riyaziyyatçı kimi tanınır. Lakin o, riyazi məsələlərlə yanaşı, digər sahələrdən də xəbərdardır (məsələn, iqtisadi proqnozlar verilməsi üçün istifadə olunan məlumatlar sahəsi). Buna nail olmaq üçün o, riyaziyyat üzrə ali təhsillə yanaşı, müvafiq aktuar kurslarında keçirilmiş mühazirələri də əla mənimsəmişdir. Onun sığorta şirkətindəki funksiyalarına bir çox əməliyyatlar üzrə iqtisadi-riyazi hesablamalar daxildir. Məsələn, o, əhalinin ölüm statistikasını təhlil edərək ölüm cədvəlini əsas götürür, həyatı sığorta olunan şəxsin yaşına, cinsinə və digər hallara əsaslanaraq sığorta tarifini hesablayır və bu sığorta tarifi həmin şəxslə bağlı həyat sığortası müqaviləsinə tətbiq olunur. Müvafiq statistikanın təhlil olunması ilə sığorta tarifini, sığorta məbləğini, zərərliliklə bağlı göstəriciləri və s. hesablayan şəxs aktuari adlanır
2) FRANŞİZA - Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi.
İzahı:
Sığortalanmış avtomobilin sığortası üzrə müqavilədə şərtsiz azadolma məbləği 500 manat müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 8900 manat həcmində zərər dəyir. Bu halda sığortaçı sığorta olunana 8400 manat (8900 – 500 = 8400 manat) məbləğində ödəniş verir. Əgər müqavilədə azadolma məbləği şərtsiz deyil, şərtli nəzərdə tutulsa idi, bu zaman zərər həmin məbləğdən çox olduğu üçün bütövlükdə, yəni 8900 manat məbləğində ödəniləcəkdi. Bundan əlavə, əgər dəyən zərərin həcmi 500 manatdan az (məsələn, 489 manat) təşkil etsə idi, müqavilədə azadolma məbləğinin şərtli və ya şərtsiz nəzərdə tutulmasından asılı olmayaraq, heç bir sığorta ödənişi verilməyəcək
3) İCBARİ SIĞORTA - Dövlətin sosial siyasəti baxımından əhəmiyyətli hesab edilən sahələrdə insanlara dəyə biləcək maddi və fiziki zərərlərlə bağlı maliyyə risklərinin azaldılması məqsədilə müəyyən risklərin sığorta etdirilməsinin qanunla tələb olunduğu, əsas qayda və şərtlərinin qanunvericiliklə müəyyən edildiyi sığorta.
İzahı:
Dövlət müəyyən sahələrdə mövcud olan riskləri sığortaya cəlb etməklə, həmin sahələrdə yürüdülən sosial siyasət məqsədlərini daha səmərəli şəkildə həyata keçirir. Məsələn, istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində işçilərin və onların ailə üzvlərinin üzləşdiyi maddi problemlərin daha operativ və səmərəli həlli üçün istehsalat qəzaları və peşə xəstəliklərinin insan sağlamlığı üçün gözlənilən fəsadlarının icbari qaydada sığorta etdirilməsini qanunun tələbi edir. Bundan başqa, tez-tez baş verməsi baxımından ən riskli hesab edilən və bununla da bir gün ərzində bir şəhərdə onlarla insanın həyatı və əmlakı üçün risk mənbəyi olan avtonəqliyyat vasitələrindən istifadə nəticəsində başqa şəxslərə vurula biləcək zərərlərin sığortalanması demək olar ki, bütün dünyada məcburidir. Məcburiliyi, habelə, əsas şərtləri qanunvericilikdə nəzərdə tutulan sığorta növləri icbari sığortalar hesab edilir
4) KOMİSYON (MUZD) - Sığorta və ya təkrarsığorta müqavilələrinin bağlanmasında göstərilən vasitəçilik xidmətinə görə, adətən həmin müqavilə üzrə daxil olan sığorta və ya təkrarsığorta haqqının razılaşdırılmış faiz nisbətində sığorta brokerinə və ya sığorta agentinə ödənilən məbləğ.
İzahı:
Sığorta agenti sığortaçı ilə vasitəçilik xidməti müqaviləsi bağlamış və bu xidmətə görə muzdun dəyəri sığorta haqqının 15 faizi məbləğində razılaşdırılmışdır. Agent sığortaçıya ay ərzində 10 fiziki şəxslə sığorta müqaviləsi bağlamaqda vasitəçilik xidməti göstərmiş və həmin 10 şəxs ümumilikdə 10.000 manat sığorta haqqı ödəmişdir. Bağlanılmış müqavilənin şərtinə uyğun olaraq, sığortaçının agentə ödəyəcəyi 1500 manat (10.000x 15%=1500 manat) komisyon (muzd) adlanır.
5) QAYTARILAN MƏBLƏĞ - Həyatın yığım sığortası üzrə müqaviləyə vaxtından əvvəl xitam verilərkən aktuar metodlar əsasında sığorta müqaviləsinə xitam verilmə tarixinə hesablanmış sığorta ehtiyatının sığortalıya ödənməli olduğu hissəsi.
İzahı:
Şəxs 30 yaşındadır və 70 yaşa çatmaya qədər həyatın yığım sığortası müqaviləsi bağlayıb. Bu müqaviləyə əsasən şəxs hər il sığortaçıya 500 manat sığorta haqqı ödəyir. 60 yaşına çatarkən bu müqaviləyə vaxtından əvvəl xitam vermək qərarına gəlir və sığortaçı bununla razılaşır. Həmin tarixədək şəxs 15.000 manat (500x30 il =15.000 manat) sığorta haqqı ödəmişdir. Müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə sığortaçı həmin şəxsə 50.000 manat pul qaytarır və bu vəsait qaytarılan məbləğ adlanır. Burada 15.000 manat məbləğində yığım vəsaiti, əlavə hesablanmış 35.000 manat isə şəxsin vaxtaşırı ödədiyi yığım vəsaitinin investisiyasından əldə olunan gəlirin sığortalının payına düşən hissəsidir və bu bölğü sığorta müqaviləsində əvvəlcədən razılaşdırılmışdır.
6) MÜTƏNASİB TƏKRARSIĞORTA - Sığorta hadisəsi üzrə zərərlərin təkrarsığortalı və təkrarsığortaçı arasında bağlanmış təkrarsığorta müqaviləsində nəzərdə tutulmuş sığorta haqlarının mütənasibliyinə uyğun qaydada bölgüsünə əsaslanan təkrarsığortanın forması.
İzahı:
Şəxs öz mənzilini 40.000 manat məbləğində 12 ay müddətinə A sığortaçıda sığorta etdirir və 200 manat sığorta haqqı ödəyir. A sığortaçı öz risklərinin 25 faizini B təkrarsığortaçıya ötürür. Bu halda ödənilmiş sığorta haqqının 50 manatı (200x25%=50 manat) da təkrarsığorta haqqı kimi B təkrarsığortaçıya ödənilir. Sığorta hadisəsi nəticəsində mənzilə 20.000 manat həcmində zərər dəyərsə, A sığortaçı zərərin əvəzinin ödənilməsi üçün sığortalıya verdiyi məbləğin 25%-ni, yəni 5.000 manat hissəsini (20.000x25%=5000 manat) B təkrarsığortaçıdan alır.
7) RETROSESSİYA - Təkrarsığortaçının təkrarsığorta müqaviləsi üzrə qəbul etdiyi riskin başqa bir təkrarsığortaçıda təkrarsığorta etdirdiyi (başqa bir təkrarsığortaçıya ötürdüyü) hissəsi.
İzahı:
“A” sığortaçı 5 nömrəli sığorta müqaviləsi üzrə sığortaladığı 300.000 manat məbləğində riskin 250.000 manat hissəsini “B” təkrarsığortaçıda təkrarsığorta etdirir. “B” təkrarsığortaçı da öz növbəsində qəbul etdiyi həmin riskin 100.000 manat hissəsini “C” təkrarsığortaçıda təkrarsığorta etdirir. “B” təkrarsığortaçının qəbul etdiyi risklərin “C” təkrarsığortaçıda təkrarsığorta etdirməsi retrosesessiya adlanır.
8) SIĞORTA HAQQI - Sığorta təminatının əldə edilməsi üçün sığortalının sığorta müqaviləsində nəzərdə tutulan məbləğdə və qaydada sığortaçıya ödədiyi məbləğ.
İzahı:
Şəxs 50.000 manat dəyərində olan evini 1 illik sığorta müqaviləsi əsasında tam olaraq (50.000 manat sığorta məbləğində) sığorta etdirir. Sığorta müqaviləsində zəlzələ, subasma və yanğın nəticəsində evə dəyən hər bir zərərin əvəzinin sığortaçı tərəfindən ödənilməsi nəzərdə tutulur. Müqavilədə razılaşdırılır ki, 50.000 manat həddində olan bu cür sığorta təminatı müqabilində şəxs sığorta şirkətinə müqavilənin bağlanması zamanı 200 manat pul ödəməlidir. Şəxsin sığortaçıya ödədiyi bu vəsait sığorta haqqıdır.
9) SIĞORTA ÖDƏNİŞİ - Sığorta olunanın sığorta hadisəsinin baş verməsindən əvvəlki maliyyə vəziyyətinə qaytarılması üçün sığortaçı tərəfindən sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq ona və (və ya) digər faydalanan şəxsə ödənilən maliyyə kompensasiyası.
İzahı:
Şəxs öz evini yanğın riskindən 10.000 manat dəyərində sığorta etdirir. Sığorta müddətində baş vermiş yanğın nəticəsində evə dəyən zərər 5.000 manat həcmində qiymətləndirilir. Zərərdən müqavilədə nəzərdə tutulmu. 500 manat azadolma məbləği çıxıldıqdan sonra sığortaçı şəxsə və ya evi təmir edənə 4500 manat pul ödəyir ki, ödənilmiş bu vəsait sığorta ödənişi adlanır.