Sığorta bazarı ölkəmizdə ən işlək sahələrdən biridir, çox insan bu sahədə öz karyerasına başlayır. Bu sahədə karyera quran insanlar üçün sığorta bazarının 10 maraqlı termininin izahını vermişik. Uğurlar!
1) Sığorta polisi - Sığortalı ilə sığortaçı arasında bağlanan, hər iki tərəfin hüquq və vəzifələrini bəyan edən, yazılı şəkildə tərtib olunan sığorta müqaviləsi.
İzahı:
Ayrı-ayrı ölkələrin sığorta qanunvericiliyində və təcrübəsində istifadə olunan sığorta polisi və ya polis əsasən standart formalı (qayda və əsas şərtləri əvvəlcədən müəyyən edilmiş) yazılı sığorta müqaviləsidir. Məhz sığortaya xas olan termin olmaqla, polis adətən sığorta müqaviləsinə aid bütün sənədləri özündə ehtiva edir.
2) Sığorta ödənişinin verilməsindən imtina - Sığortaçının qanunvericilikdə və qanunvericiliyə zidd olmaması şərtilə sığorta müqaviləsində nəzərdə tutulmuş əsaslarla sığorta ödənişini verməkdən imtina etməsi.
İzahı
Avtomobil sığortası müqaviləsinə əsasən sığorta ödənişinin verilməsi şərtlərindən biri kimi sığortalanmış avtomobilin yalnız sahibi və adına etibarnamə verilmiş digər şəxs tərəfindən idarə edilməsi nəzərdə tutulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin araşdırılması nəticəsində avtomobili etibarnaməsi olmayan şəxsin idarə etməsi məlum olmuşdur. Bu faktın təsdiqlənməsi avtomobilə dəymiş zərərə görə sığorta ödənişinin verilməsindən imtina üçün səbəbdir. Şəxs avtomobili ilə qəsdən başqa bir əmlaka zərər vurarkən onun sığortalanmış avtomobilinə zərər dəyməsinə görə də sığortaçı sığorta ödənişi verməkdən imtina edəcək, çünki bu əsasla (zərər vurmaqda qəsd niyyətinin olması) sığorta ödənişindən imtina edilməsi artıq qanunda müəyyən olunur.
3) Sığorta Predmeti - Sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu, şəxsi sığorta üzrə fiziki şəxs; əmlakın sığortası üzrə hər hansı əmlak; mülki məsuliyyətin sığortası üzrə mülki məsuliyyətin yaranması halı.
İzahı:
Şəxs sığortaçı ilə mənzilinin sığorta etdirilməsi barədə sığorta müqaviləsi bağlayır. Burada sığortalanmış mənzil sığorta predmeti kimi çıxış edir. Bəzən sığorta predmeti ilə sığorta obyekti qarışdırılır. Göstərilən misalda sığorta obyekti sığortalanmış mənzil deyil, həmin mənzillə bağlı şəxsin əmlak mənafeyidir. Əgər şəxs özünü və ya ailəsinin hər hansı bir üzvünü tibbi sığorta etdirmiş olsa, bu zaman sığorta predmeti sağlamlığı sığortalanmış şəxs özü və ya ailə üzvü olacaq.
4) Sığorta sinifi - Sığorta fəaliyyətinin ayrı-ayrı sığorta növləri üzrə aparılmasının dövlət tənzimlənməsinin səmərəli həyata keçirilməsi üçün konkret predmetlərə aid ümumi xarakterli risklərin birləşdirilməsindən əmələ gələn sığorta təminatı qrupu.
İzahı:
Sığortanın siniflər üzrə təsnifləşdirilməsi sırf dövlət tənzimlənməsi məqsədləri üçündür. Belə ki, məsələn, qanunvericilik müvafiq siniflər üzrə sığorta sahələrini müəyyən edir. Yəni tənzimləyici orqan bir şirkətə həyat sığortası üzrə fəaliyyətə lisenziya verirsə, qanunvericiliklə qeyri-həyat sığortasına aid olan sığorta sinifləri üzrə xidmətlər təklif etmək həmin şirkətə qadağandır. O, məhz həyat sığortasına aid edilən həyatın ölüm halından sığortası, annuitet sığortası və s. üzrə sığorta növləri əsasında fəaliyyət göstərə bilər. Bundan başqa, sığortanın siniflərə bölünməsi kortəbii şəkildə deyil, müəyyən predmetlər qrupuna dair ümumi xarakterli risklərin ümumiləşdirilməsi və bu ümumiləşdirilmə əsasında verilməsi mümkün olan sığorta təminatlarının təyin edilməsi ilə həyata keçirilir. Yəni, məsələn, tibbi sığorta sinfində predmetlər qrupu kimi avtomobilləri, evləri, pulları, heyvanları deyil, məhz insanları götürə bilərik. Bundan başqa, götürdüyümüz predmetlər qrupuna (insanlara) dair ümumiləşdirilən risklərə oğurluğu, işin dayanmasını, bazar qiymətinin düşməsini və s. deyil, məhz insan sağlamlığının pozulmasına səbəb olan xəstəlik və xəsarət hallarını aid edə bilərik.
5) Sığorta şəhadətnaməsi - Sığorta müqaviləsində nəzərdə tutulmuş şərtlər əsasında sığorta təminatının mövcudluğu faktını təsdiq edən, sığorta olunana verilməsi üçün sığortaçının birtərəfli qaydada imzaladığı sənəd.
İzahı:
Şəxs 50.000 manat dəyərində qiymətləndirilmiş mənzilinin sığortalanması barədə sığortaçı ilə müqavilə bağlayır. Sığortaçı mənzilin hansı şərtlər əsasında sığorta etdirilməsini bilmək üçün şəxsə sorğu vərəqəsi verir. Şəxs sorğu vərəqəsində mənzilini öz dəyərində, yəni 50.000 manat məbləğində, həmçinin yanğın, subasma və təbii fəlakətlərə qarşı risklərdən sığorta etdirmək istədiyini qeyd edir. Şəxs ona təqdim olunan yazılı sığorta qaydalarını oxuyur və orada göstərilən standart şərtlərlə razılaşır. Sonra ödəyəcəyi sığorta haqqının məbləği ona bildirilir və o, həmin məbləğlə razılaşaraq sığorta haqqını ödəyir. Bundan sonra ona “sığorta şəhadətnaməsi” adlanan, sığortaçının imzalamış olduğu sənəd təqdim olunur. Həmin sənəddə sığortalının və sığorta olunanın adı, sığorta predmeti olan mənzilinin ünvanı, sığorta haqqı, sığorta məbləği, azadolma məbləği, habelə sığorta təminatının verildiyi risklər qeyd olunur. Sığorta şəhadətnaməsi “sığorta müqaviləsi” adlanan sənədin tərtib edilməsindən və ikitərəfli qaydada imzalanmasından asılı olmayaraq sığorta müqaviləsinin bağlanması faktını təsdiq edir.