Shazam smartfonlar üçün yaradılmış bir tətbiqdir. Ətrafda səslənən mahnının adını və onu kimin ifa etdiyini müəyyənləşdirmək üçün yaradılmış tətbiq 1999 – cu ildə Mukherjee, Chris Barton, Philip Inghelbrecht və Avery Wang tərəfindən hazırlanıb. Tətbiq üçün audio analiz proqramı hazırlayan mühəndislərin layihəsi hər hansı bir mahnını tanımaq üzrə kodlaşdırılmışdı, lakin 1999 – cu ildə xidmətlərini fərqli şəkildə təklif edirdilər.
Dhiraj Mukherjee Shazam-ın təsisçilərindən biridir. Şirkətin hazırki vəziyyətinə çatana qədər keçdiyi çətin günlərin hamısında orada olan sahibkar uzaqgörən düşüncəyə sahib olmağın hər zaman sizə fayda gətirəcəyininin canlı sübutudur.
“Bu gün belə insanlar “Necə də yaxşı fikirdir” deyirlər. Şirkətimizi qurarkən irəli sürdüyümüz fikir zamanından çox irəli idi. Odur ki, bu vəziyyətin bizim üçün üstünlükləri olduğu kimi mənfi tərəfləri də oldu. Hətta bizə yaratdığı problemləri də nəzərə almaya bilmərik.”
Təqdimat mərasimi 2002 – ci ildə həyata keçirilən Shazam-ın daxili yaddaşında 1 milyon mahnı qeyd olunmuşdu. Mahnının və ya sənətçinin adını öyrənmək üçün dinlətdiyiniz zaman sistem 15 saniyə ərzində lazımi məlumatları hazır edirdi. Hazırda isə həmin müddət sadəcə 2 saniyə təşkil edir. İnterfeysi də təkmilləşdirilən tətbiq artıq 30 milyon mahnı içərisindən axtardığınızı tapa bilir. Həmçinin mahnıların remix versiyalarını ayırd edə bilir, axtardığınız mahnının cover – i varsa, onu da təqdim edir. Hətta tətbiqdən istifadə etdiyiniz yer olduqca səs-küylü olsa belə, arzu etdiyiniz nəticəni əldə edə bilirsiniz.
Bəs, 90 – cı illərin sonunda bunu necə edirdi?
O illərdə hələ həyatımızda ağıllı telefonlar, çeşidli tətbiqlər, iTunes yox idi. Shazam-dan istifadə etmək üçün bir nömrəyə zəng vurmağınız tələb edilirdi. Telefonun dəstəyini səslənən musiqiyə (həmin illərdə adətən radioya) yaxınlaşdırır və gözləyirdiniz. Bir müddət sonra isə sistem sizə həmin mahnıya dair məlumatları əks etdirən ismarıc göndərirdi. Düzdür, bir az uzun prosess olsa da, Shazam – ın hazırlanmasında istifadə edilən texnologiya zamanından çox irəli idi, həm də proqramın təklif etdiyi xidmət təsisçilərinin necə uzaqgörən olduqlarını sübut edirdi.
“Aparılan araşdırmalar mobil telefonlar vasitəsilə insanların internetə çıxış imkanı əldə edə biləcəklərini göstərirdi, ancaq belə bir texnologiya hələ reallaşmamışdı”, deyən təsisçilər sözlərinə belə davam edirlər: “Gözlədiyimiz texnologiyanın reallaşması uzun illərə başa gəldi. İşimizi daha yüksək səviyyəyə çatdırmaq üçün ağıllı telefonların ixtira edilməsini gözləyirdik, hər il daha da səbirsizliklə. Təbii ki, gələcəkdə iPhone smartfonlarının bazara çıxarılacağını, insanlar arasında populyarlaşacağını proqnozlaşdırdığımızı iddia etmirəm, ancaq ağıllı telefonların kəşfi ilə bizim proqramın da daha böyük uğur əldə edəcəyinə əmin idik.”
Digər bir çox şirkət kimi Shazam ideyası da iki yaxın dostun fikirlərini bir-biri ilə bölüşdükləri bir axşam meydana çıxmışdı. Barton ətrafda eşitdiyi mahnıları tanıya bilməməkdən şikayətlənirdi, hətta ötən günlərdən birində br kafedə eşitdiyi mahnını kimin ifa etdiyini tapmağın imkansız olduğunu düşünürdü. Bu problemin həlli üçün müxtəlif modellər sınaqdan keçirən Barton-un ilk eskizləri Mukherjee-nin istəyinə çox da uyğun gəlmirdi, ancaq hər bir halda şanslarını sınamaq istədilər.
“Əlimizdə ehtiyacımız olan texnologiya yox idi. Üstəlik əmin deyildik ki, başladığımız iş bizə pul qazandıracaq ya yox. Ancaq bütün bunlara baxmayaraq, şansımızı sınamağa qərar verdik. Mən həmin vaxtlar texnologiya şirkəti olan Viant-da işləyirdim. İşdən çıxdım və Bartonla birlikdə yeni bir şirkət qurmağa qərar verdim. Vaxt keçdikcə hazırladığımız modelin təkmilləşəcəyini və hər şeyin qaydasında gedəcəyini düşünürdüm. Altı müxtəlif iş modeli ilə yolumuza davam edəcəyimizi isə xəyal belə edə bilməzdim.”
Digər texnologiya təşəbbüslərində olduğu kimi bu layihədə də həm qazanc əldə edib həm də hədəfləri əks etdirən bir iş modeli qurmaq iki sahibkar üçün də asan olmadı. 2015 – ci ildə şirkətin dəyərinin təqribən 1 milyon dollar olduğu açıqlansa da, şirkətin qazanc əldə edə bilməsi üçün təsisçiləri çox gözləməli olmuşdular. Təsis edildikdən 14 il sonra reklamlardan əldə edilən gəlirlər hesabına qazanc əldə etməyə başlayan şirkət Shazam ideyasının zamandan çox irəli olmasının bədəlini bir müddət qazanc əldə edə bilməməklə ödəmişdi.
“Bəzən səhər tezdən ofisə gəlib işə davam edə bilmək üçün kifayət qədər pulumuz varmı deyə baxırdıq. Əgər hesablar düzgün deyilsə, işləməyə davam edə bilməzsiniz, bu hüquqi baxımdan da mümkün deyil. Hər dəfə hələ də pulumuz olduğunu görəndə rahatlıq tapır, işləməyə davam edə biləcəyimizə əmin olurduq.”
Həmçinin oxu: Apple “Shazam” – ı satın aldı
Tamara Mustafayeva, Banco.az