Müəllif: Tamara Mustafayeva, Banco.az
Banco.az reklam və marketinq sahəsinə aid və bu sektorda işləyənlərin hansı xüsusiyyətləri inkişaf etdirməli olduğuna geniş nəzər salmağa imkan verəcək maraqlı kitablardan bəzilərini təqdim edir.
Reklam brendlərin ünsiyyət, yaradıcılıq, inandırma və strateji düşünmə bacarıqlarından istifadə edərək müştərilərə məhsul və xidmətlərini tanıtmaq üçün istifadə etdiyi bir sahədir. Reklamçılar təqdim etməli olduqları brendlərin hədəf auditoriyaya çatmasını təmin etmək üçün müxtəlif yollardan istifadə edirlər. Bunun üçün müxtəlif strategiya və taktikalar hazırlamaq, ünsiyyət bacarıqlarından istifadə etmək və inandırmaq bacarığına sahib olmaq lazımdır.
Eyni zamanda, analitik düşünmə bacarıqları reklamçılar üçün həyati əhəmiyyət kəsb edir, çünki bu bacarıqla reklamçılar müştəri davranışlarını və tendensiyalarını anlaya və daha effektiv reklam kampaniyaları yarada bilərlər.
İndi isə gəlin kitabların siyahısı ilə tanış olaq:
1) "İnandırmanın Psixologiyası" (“Influence: The Psychology of Persuasion”) - Robert Cialdini
İnandırma və insan psixologiyasını anlamaq üçün mühüm mənbə olan bu kitab insanların necə inandırıldığı və inandırma strategiyaları haqqında məlumat verir.
2) “Bu ideya uğurlu olacaq: Niyə bəzi ideyalar reallaşır, bəziləri isə yox olur” (“Made to Stick: Why Some Ideas Survive and Others Die”) - Çip Hit və Den Hit
İdeyaların necə effektivləşdirilə biləcəyinə dair tövsiyələr verən bu kitab asan qavranılacaq, davamlı təsirə malik, eşidənlərin düşüncə və hərəkətlərinə təsir göstərəcək “uğurlu ideyalar” mövzusunu dəyərləndirir.
3) “Reklamçının etirafları” ("Confessions of an Advertising man") - Devid Oqilvi
Reklamçının peşə həyatında yaşadıqlarından və müşahidələrindən bəhs edən kitabda reklam sənayesinin iç üzləri və reklamların əsl məqsədinin nə olduğu açıqlanır.
4) “Yaradıcılıq: Həqiqi ilham yolunda dayanan görünməyən qüvvələrin öhdəsindən gəlmək” (“Creativity, Inc.: Overcoming the Unseen Forces That Stand in the Way of True Inspiration”) - Ed Katmul
Yaradıcılıq və yaradıcı təfəkkür prosesinin necə işlədiyini və onun necə inkişaf etdirilə biləcəyini izah edən kitabda yaradıcılığın nə olduğu, onun necə ortaya çıxması və necə dəstəklənə biləcəyi şərh edilir.
5) “Sürətli və ləng fikirləşmək” (“Thinking, Fast and Slow”) - Daniel Kahneman
İki fərqli düşüncə prosesi olan sürətli və ləng düşünmə arasındakı fərqlərə və onlardan necə istifadə edilə biləcəyinə toxunan kitabda sürətli düşünmə dediyimiz emosional və kobud qərarların necə verildiyi və ləng düşünmə adlandırdığımız daha düşünülmüş və analitik qərarların necə formalaşdığını izah edir.
Bizi sosial şəbəkələrdən izləyin!!