Qeyri-həyat sığortası bazarında yığım 3,5% artıb, ödəniş 1,4% azalıb | Banco.az

Qeyri-həyat sığortası bazarında yığım 3,5% artıb, ödəniş 1,4% azalıb

Azərbaycan Sığortaçılar Assosiasiyasından "Banco.az"a daxil olan məlumata görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 280,4 milyon manatı və ya 74%-i qeyri-həyat sığortasının payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 3,5% böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların 23,1%-i və ya 64,9 milyon manatı avtomobillərin icbari sığortasının, 21,6%-i və ya 60,7 milyon manatı tibbi sığortanın, 10,1%-i və ya 28,2 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 8,8%-i və ya 24,7 milyon manatı kasko sığortasının, 8,2%-i və ya 22,9 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 28,2%-i və ya 79 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

10 ay ərzində sığorta ödənişlərinin 74,6%-ni və ya 104,4 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,4% azdır.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 40%-i və ya 41,8 milyon manatı tibbi sığortanın, 26%-i və ya 27,2 milyon manatı avtomobillərin icbari sığortasının, 19,5%-i və ya 20,3 milyon manatı kasko sığortasının, qalan 14,5%-i və ya 15,1 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 37,2 manatı ödəniş edilib. 2014-cü ilin ilk 10 ayında isə bu rəqəm 39,1 manat olub.