2017-ci ilin dekabr ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 9 641 sığorta müqaviləsi bağlanılıb.
“Report” İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 855 067 manat təşkil edib.
Müqavilələrin 6 540-ı yaşayış evləri və mənzillər, 36-sı inzibati binalar, 3065-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 50% azalma, sığorta haqlarının məbləğində isə 106% artım müşahidə edilib.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə bağlanmış müqavilələrin sayı 293, bu müqavilələr üzrə sığorta haqlarının həcmi 18 750 manat təşkil edib.
Sərnişinlərin icbari fərdi qəza sığortası (SİFQS) üzrə 8 sığorta müqaviləsi bağlanılıb, sığorta haqlarının məbləği 10 318 manat olub.
Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İSB-nin iştirakçısı olan 13 sığorta şirkəti (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”, “Meqa Sığorta”, “Silkway Insurance", “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta” və “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.