Ağıllı, işgüzar gəncləri görəndə adamın könlü açılır. Sevinirsən ki, gələcəyimiz etibarlı əllərdədir. Bu gün sizə həmin gənclərdən biri- Bəhruz Məmmədov haqqında söhbət açmaq istəyirəm.
Bəhruz 1987-ci ildə Bakıda dünyaya gəlib. 2004-cü ildə 153 saylı orta məktəbi bitirərək Gəncə Dövlət Universitetinə qəbul olunub. 2008-ci ildə həmin universitetdə kimyaçı ixtisasına yiyələnib. Sonra bir il əsgəri xidmət keçib. 2009-2012-ci illərdə Gədəbəydə “Azərbaycan Beynəlxalq Mədən Əməliyyatları Şirkəti”ndə çalışıb. Orada kimyaçı laborantdan aparıcı mühəndis vəzifəsinədək yüksələ bilib…
2012-ci ildə Niderland Krallığında Tvente Universitetinin magistratura pilləsinə daxil olub və 2014-cü ildə oranı nano materialları üzrə mühəndis ixtisası ilə başa vurub. Universiteti bitirdikdən sonra elmi rəhbəri ilə birlikdə “High-tech Eurekite” şirkətini yaradıblar. Hazırda həmin şirkətin maliyyə şöbəsini idarə edir. Şirkət ABŞ-ın “Cottonwood” investr fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərir və nano liflər əsasında seramik materiallar hazırlayır. Bu materiallar heç bir kimyəvi reaksiyaya məruz qalmır və yüksək temperatura davamlıdırlar. Sənaye qazlarının filterasiyasında, eləcə də lithium əsaslı batareyaların istehsalında istifadə olunur…
İl yarımdır ki, ailə qurub. Ömür-gün yoldaşı Aytac Ağakişiyeva ixtisasca memardır. İnteryer dizayner kimi çalışır.
Azərbaycanın Niderland Krallığındakı səfirliyinin milli və rəsmi bayramlarımızda təşkil etdiyi bütün tədbirlərin fəal iştirakçısıdır. Niderland universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə tez-tez görüşlər keçirir, onları evinə dəvət edir, problemlərinə diqqət ayırır. Bundan əlavə mart ayının əvvəlində Azərbaycanda olarkən UNEC-də startap təlimi də keçib.
Deyir ki,- “Həyatda uğur qazanmaq üçün dahi olmaq lazım deyil, məqsədin olmalıdır. Nə istədiyini bilmədinsə istəmədiyin yerlərə gedib çıxacaqsan. Kim iddialıdırsa buyurub Avropaya gələ bilər. Yox əgər sakit yaşamaq eşqi ilə gələcəksə, vətəndə qalsa yaxşıdır”.
Təcrübə və kapital toplamaq üçün Amerikaya köçüb, orada nano texnologiyaları üzrə şirkət yaratmaq istəyir. ABŞ-ın ən nüfuzlu universitetlərindən birində biznesin idarə olunması üzrə magistr(MBA) dərəcəsinə yiyələnməyi planlaşdırır. İnsan psixalogiyası və bizneslə bağlı kitabları oxumaqdan yorulmur. İdmanı çox sevir, artıq bir necə idir ki, cüdoyla məşğul olur.
“Niyə doktoranturaya qəbul olmaq istəmirsiz”- deyə soruşanda cavabı belə oldu: “Mən elm adamı olmaqdan ötrü deyil, elmdən kapital əldə etmək üçün çalışıram”.
Azvision