Tamara Mustafayeva, Banco.az
Son illərdə olduqca populyarlaşan Amerikanın video-yayım platforması “Netflix” bildiyiniz kimi abunə olmaq yolu ilə film və serialların nümayişini təqdim edir. Bu gün bir çoxumuz yorucu iş gününün sonunda evə gəldiyimiz zaman istirahət etmək üçün sözügedən platformaya müraciət edirik. Bəs təqribən beş-altı il əvvəl belə bir vərdişimiz var idimi? Təbii ki, xeyr. Bu qədər qısa müddət ərzində böyük bir kütlənin vərdişlərini dəyişdirən “Netflix”in buna necə nail olduğu isə çox maraqlıdır. Xatırladaq ki, hazırda platformanın dünya üzrə 214 milyon abunəçisi var.
İndi isə gəlin bu böyük uğurun hekayəsini öyrənək.
1997–ci ildə film kirayəsi şirkəti olaraq yaradılan Netflix 2011–ci ildə böyük bir böhranla üzləşir və bəzi radikal qərarlar qəbul etməli olur. Bu gün isə olduqca məşhurlaşan “House of Cards”, “Narcos” və “Stranger Things” adlı öz istehsalı olan serialları ilə video yayım sektorunda rəqibsizdir.
Qeyd etdiyimiz kimi ilk olaraq video kirayəsi ilə məşğul olan şirkət internetin həyatımıza daxil olması ilə xidmət formasını dəyişdirir və bir anda böyük sürətlə böyüməyə başlayır. İllər keçdikcə satışları artırdıqlarını söyləyən şirkət rəsmiləri satışlar artdıqca özlərinin istehsal etdikləri film və seriallara daha çox büdcə ayıracaqlarını ifadə edirlər. Üstəlik bu nailiyyətlərin hamısı on bir il əvvəl yol verilən strateji bir xəta nəticəsində iflas etmək üzrəykən yenidən uğura nail olan bir şirkətə məxsusdur.
Bəs yeni şirkət quranlar və ya şirkətinin uğurlu fəaliyyətini saxlamaq istəyənlər “Netflix”dən nə öyrənə bilərlər?
Məhsul haqqında: Bacardığınız qədər sadə olun
Söhbət təqdim edilən xidmət və ya satılan məhsuldan getdiyi zaman “Netflix”in mesajı daima eynidir: dəqiq və sadə olmaq. Öz xidmətlərini də eyni şüarla təqdim edən şirkət müştərilərə olduqca asan başa düşülən bir xidmət təklif edir. Müəyyən bir qiymətə istədiyiniz film və serialı arzu etdiyiniz zaman, arzu etdiyiniz yerdə rahatlıqla izləyə bilərsiniz. Şirkətin xidmətlərinin təqdim edildiyi sayt da bu baxımdan çox əlverişlidir. Sağa sola gedən linklər, qarışıq interfeys, axtarılanın tapılması üçün uzun müddət tələb edən bir dizayndan söhbət belə gedə bilməz. Abunəliyi yenidən başlatmaq və ya dayandırmaq təkcə bir kliklə mümkündür, proseslər olduqca sürətlə icra edilir.
Səhvlər haqqında: Ən qısa zamanda dərs çıxarmağa və yola davam etməyə çalışın
2011–ci ilin sonlarına doğru şirkətin CEO–su Reed Hastings-ə konsultasiya xidməti göstərən heyət onlayn yayım xidməti (Netflix) ilə getdikcə satışları azalan DVD kirayə xidmətini (Quickster) bir-birindən ayırmağa qərar verdilər, bununla yanaşı isə ödəniş haqqını 50% artıracaqdılar. Gəlirlərini artırmağa çalışarkən bir anda 800 min abunəsini itirən şirkətin dəyəri qısa zamanda 80% aşağı endi. Şirkət isə vaxt itirmədən səhvlərini başa düşüb iki xidmətin bir-birindən ayrılmayacağını, əvvəlki qaydada davam edəcəyini elan etdi. Şanslı hesab oluna bilərlər, çünki müştəriləri şirkətdən üz döndərmədi və qiymətlərin artmasına baxmayaraq platformadan istifadə etməyə davam etdilər. O gündən bəri müştəri rəylərinə xüsusi əhəmiyyət verən şirkət ən kiçik bir problemdə belə şikayətlərə dərhal diqqət yetirdiklərini və qısa zamanda həll etməyə çalışdıqlarını bildirir.
Müştərilərinizi tanıyın
Netflix istifadəçilərinin izləmə analizlərini və saytdakı profillərini xırdalıqlarına qədər incələyir. İstifadə etdikləri alqoritm sayəsində də hər zövqə uyğun seçimlər təqdim edən şirkət bununla da müştərilərini hər zaman məmnun edə bilir.
Bizi sosial şəbəkələrdən izləyin!!