Tamara Mustafayeva, Banco.az
Müntəzəm olaraq platformanı təkmilləşdirən və tez-tez yeni funksiyalarla qarşımıza çıxan populyar video-yayım xidməti Netflix bu dəfə də olduqca fərqli yeni funksiya hazırlığındadır.
Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkət istifadəçilərlə həyata keçirilən anket sorğusunun nəticələrinə əsasən məxsusi TV izləmə siyahısı, kadr arxası çəkiliş və hətta poskast yayımlarını özündə ehtiva edən "N-plus" adlandırılacaq yeni bir xidmət təqdim etməyi planlaşdırır. Sözügedən anketin nəticələrinə görə, Netflix istifadəçiləri bəyəndikləri videolarla bağlı daha çox məlumatlı olmaq və xüsusən də, kadr arxası çəkilişdən xəbərdar olmaq istəyirlər.
Qeyd edək ki, "N-plus" xidmətinin təməl funksiyalarından biri "izləmə siyahısı" yaratmaqdır. Bununla da, istifadəçilər ən çox bəyəndikləri videoları siyahılaşdıra və hətta dostları ilə bölüşə biləcəklər. Təbii ki, bu xidmət hələ ki, ideya mərhələsində olsa da, yaxın zamanda reallaşacağından şübhə yoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!