Nazir işsizlərə veriləcək sığorta pulundan danışdı – TARİFLƏR | Banco.az

Nazir işsizlərə veriləcək sığorta pulundan danışdı – TARİFLƏR

“İlk növbədə bildirim ki, beynəlxalq təcrübədə işsizlikdən sığorta sistemi onun mahiyyətinə uyğun olaraq əslində sosial müdafiə sisteminin əhatə etdiyi tədbirlərdən biri kimi qəbul olunur.

Bu sistem əmək fəaliyyəti ilə məşğul olan şəxslərin bu fəaliyyət nəticəsində əldə etdikləri gəlirlərin sosial risklər nəticəsində itirilməsi hallarında həmin gəlirlərin kompensasiya olunmasına xidmət edir.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi Türkiyə, ABŞ, Yaponiya, Almaniya, Estoniya, Fransa, İtaliya, Ukrayna və başqa dövlətlərin təcrübəsi diqqətlə öyrənilməklə, bu sahədə ən mütərəqqi prinsiplər əsas götürülməklə hazırlanıb”.

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

“Eyni zamanda, işsizlikdən icbari sığorta üzrə tariflər dünyada tətbiq olunan müvafiq tariflər üzrə ən aşağı səviyyədə, yəni sığortaedənlər üçün əməyin ödənişi fondunun 0,5 faizi, sığorta olunanlar üçün əməkhaqqının və qanunvericilikdə müəyyən olunmuş qaydada əmək müqaviləsinə xitam verildikdə işdənçıxma müavinəti istisna olmaqla digər ödənişlərin (əlavələrin və mükafatların) 0,5 faizi məbləğində, yəni cəmi 1 faiz miqdarında müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bu sığorta tarifləri hazırda mövcud olan vahid sığorta haqqına daxil deyildir. Sığorta ödənişi həyata keçirilmiş işçi işsiz qaldığı təqdirdə, ona sığorta ödənişinin verilmə müddəti ilk dəfə müraciət zamanı 6 aydan, təkrar müraciət zamanı isə 3 aydan artıq olmayaraq nəzərdə tutulur. 

Belə bir sistemin qurulması ölkəmizdə həm işsizlərin sosial müdafiəsinin güclənməsində, həm də daha səmərəli və çevik aktiv əmək bazarı siyasətinin icrasında uğurlu bir addım olacaqdır”.

Mənbə: Oxu.az