HR-menecerlərə orta hesabla 6 saniyə kifayət edir ki, namizəd haqqında fikir sahibi olsunlar. Böyük şirkətlərin HR-mütəxəssisləri hər gün onlarla CV-yə baxır. Bu CV-lərin çoxu hətta birinci süzgəcdən keçmir. Məlumat çatışmazlığı və ya artıqlığı səbəbi ilə rekruterlər bir çox namizədin sənədlərini kənara qoyur.
CV-nizin HR-menecerin diqqətini çəkməsi üçün onu informativ, lakonik və yaddaqalan etmək lazımdır. Kadrlar şöbəsinin diqqətini çəkmək istəyirsinizsə, “Microsoft”un əməkdaşlarının tövsiyələrinə əməl edin.
Həmçinin oxu: Savadlı tərtib edilmiş CV necə olmalıdır?
Əmin olun ki, sənəd səliqəli görünür
CV-ni elə tərtib edin ki, oxunaqlı olsun. Harmonik şriftlərdən istifadə edin, peşəkar təcrübəniz və uğurlarınız haqqında vacib məlumatları vurğulayın. Prioritetləri düzgün qoyun. İşəgötürənə sizin haqqınızda hansı məlumatların olduğu bölmə daha vacibdir? CV-dəki bölmələri bu məntiqi ardıcıllıqla yerləşdirin.
Giriş abzası yazın
CV-nin başlanğıcında qısaca öz əsas keyfiyyətləriniz haqqında yazın. Bu hər hansısa müşayiət məktubu deyil. Sadəcə səriştəliliyinizi nümayiş etdirəcək və rekruterin sizdə məhz hansı cəhətə daha çox nəzər yetirməsi lazım olduğunu əks etdirəcək 1-2 sətirlik qısa hekayə tərtib edin.
Bacarıqlarınızı şişirtməyin
CV-də öz bacarıqlarınızı qeyd edərkən konkret işdə tələb olunub-olunmayacağını nəzərə alın. Məsələn, əgər mühasibatlığı bilirsinizsə, bu, sizə şirniyyatçı vakansiyasında, çətin ki, lazım olar. Əsas bacarıqlarınızı qeyd edin, çalışın, onlar CV-də həddən artıq yer tutmasın.
Öz nailiyyətləriniz haqqında danışmaqdan çəkinməyin
Çox rekruterlər bilmək istəyir ki, siz keçmiş iş yerinizdə hansı şəkildə rol oynamısınız. Ola bilsin ki, siz bir neçə yaxşı ev və ya istənilən digər məhsul və xidmətlər sata bilmisiniz. Bunun haqqında danışın. Əvvəlki işəgötürəninizə necə xeyir verdiyinizi açıqlamaqdan utanmayın. Unutmayın, bu, bir CV-dir. Yalnız faktlar təqdim edin, özünüzü tərifləməyin.
Bəsit olun
Böyük mətn bloklarından kənar durun və əsas məqamlara toxunun. HR-mütəxəssislər hər CV-yə elə də çox vaxt ayırmırlar. Sizin başlıca vəzifəniz — qısa və informativ şəkildə niyə məhz sizin ən yaxşı namizəd olduğunuzu sübut etməkdir. “Microsoft”un mütəxəssisləri ən vacib məlumatlara fokuslanmağı məsləhət görür.
Nigar Umaxanlı, Banco.az