ABŞ-ın “Microsoft” korporasiyası Nyu-York məhkəməsinə Cənubi Koreyanın “Samsung” elektronika istehsalçısına qarşı iddia verib.
“ICTnews” elektron xəbər xidmətinin verdiyi məlumata əsasən, şirkətlər 2011-ci ildə patent lisenziyalaşdırması haqqında razılaşma imzalayıblar.
“Microsoft” iddia edir ki, “Google”un “Android” mobil əməliyyat sistemində şirkətin bir sıra texnologiyaları tətbiq edilib.
“Samsung” “Android” əməliyyat sistemi ilə işləyən dünyanın ən böyük mobil qurğu istehsalçısıdır. 2011-ci ildə imzalanmış razılaşmaya əsasən, Cənubi Koreya şirkəti “Android” ilə işləyən hər satılmış telefon və ya planşetə görə “Microsoft” korporasiyasına müəyyən məbləğ ödəyib. Analitiklərin qiymətləndirməsinə görə, ötən il “Microsoft” korporasiyası “Google”un mobil ƏS-də öz texnologiyalarından istifadəyə görə təxminən 2 milyard dollar qazanıb.
“Microsoft”un hüquq məsləhətçisi Devid Xovard deyib ki, ötən il “Samsung” patent razılaşmasının şərtlərini yerinə yetirməkdən boyun qaçırıb: şirkət lisenziya ödənişini vaxtında ödəməyib, daha sonra vaxtı gecikdirilmiş ödənişin faizini ödəməkdən imtina edib.
Mənbə: gun.az