Müəllif: Tamara Mustafayeva, Banco.az
Su, səma və sülhlə əlaqələndirilən mavi rəng peşəkarlıq, nüfuz, güc, sədaqət və sükunəti təmsil edir.
Bu rəng peşəkarlığı, etibarlılığı və keyfiyyəti baxımından özünə əmin olan şirkətlər üçün ideal seçimdir.
Banco.az xəbər verir ki, xüsusilə dəniz və səmanın sərinliyi ilə əlaqələndirilən mavi rəng qan təzyiqini aşağı salır və emosiyaları sakitləşdirir. Eyni zamanda əminlik, inam, əmr və təmizlik kimi hissələri də oyatmağa qadirdir.
İnsan iştahasını nəzarətdə saxlayan mavi rəng soyuq rəng kimi tanınır. Bu səbəbdən də, xüsusən qış aylarında mavi tonlara bir çox yerdə rast gəlmək mümkündür. Səmanın və dənizin mavi olması da mavi çalarların insanın həyatında dəyişməz qalması kimi başa düşülür. Məhsuldarlığı artırdığına inanıldığı üçün də ofislərdə ən çox üstünlük verilən rəngdir.
Marketinq nöqteyi-nəzərindən baxdıqda isə müdaxilə edici olmayan və məhsuldar hesab edildiyi üçün xüsusilə də korporativ şirkətlərin loqolarında istifadə edilir. Proqram təminatı, maliyyə, əczaçılıq sənayesi, dövlət və banklarla əlaqəli müxtəlif şirkətlər loqotiplərində mavi rəngdən daha çox istifadə edirlər.
Loqotipində mavi və mavinin çalarları olan dünyaca tanınmış şirkətlərə nəzərə salaq:
Intel
Texnologiya şirkətlərinin bir çoxu mavi rəngin xarakterizə etdiyi inam və etibar hisslərini müştərilərdə formalaşdırmaq üçün bu rəngdən loqotiplərində istifadə edirlər ki, bu şirkətlərdən biri də ABŞ-ın “Intel” firmasıdır.
Ford
İnam və etibar hissi aşıladığına görə avtomobil şirkətləri də bu rəngə üstünlük verirlər. Dünyanın ən köklü avtomobil istehsalçılarından olan “Ford” şirkətini də bu mövzuda nümunə göstərə bilərik.
Samsung
Bir çox elektron avadanlıqlar istehsal edən şirkətlər də həmçinin mavi rəngdən məhz sağlamlıq hissi yaratmasına görə istifadə edirlər, çünki satın alınan elektronik məhsulun dayanıqlı olması hər bir istehlakçının prioritetidir. Bu səbəbdən Cənubi Koreyalı elektronika nəhəngi “Samsung” şirkəti də bu rəngdə loqoya sahibdir.
Sosial media şəbəkələrindən söhbət gedirsə, diqqət çəkilmək istənilən emosiya təbii ki, etibarlılıqdır. Facebook və Twitter başda olmaqla, bir çox sosial media platformasının loqosunda istifadə olunan əsas rəng mavidir.
Pepsi
Dünyanın ən böyük içki istehsalçılarından biri olan və “Coca-Cola” firmasının ən böyük rəqibi “Pepsi”–nin loqosunda qırmızı və ağ rənglə yanaşı mavi rəng də istifadə olunub. “Pepsi” şirkətinin bu seçimin də səbəbi müştərilərdə inam hissinin formalaşdırılmasıdır.
İşgüzar sosial media şəbəkəsi olan LinkedIn təxmin edə biləcəyiniz kimi mavi rəngin məhz peşəkarlıq hissini ötürməsi səbəbindən bu rəngdən istifadə edir. Bu baxımdan marka ilə rəngi və məqsədi ən çox uyğun gələn şirkətlərdən biri olduğunu deyə bilərik.
Bizi sosial şəbəkələrdən izləyin!!