Azərbaycan Sığortaçılar Assosiasiyasından "Banco.az"a daxil olan məlumata görə, 2015-ci ilin yanvar-noyabr aylarında sığorta növləri arasında ən ciddi artım su nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb.
Bu növ sığortadan toplanan sığorta haqqı 4 dəfə artaraq 2,74 milyon manat təşkil edib. Bundan başqa, peşə məsuliyyətinin sığortasında yığım 87,5% artaraq 700 min manat, işin dayanması ilə bağlı risklərdən sığortada isə 81,6% artaraq 25 min manat olub.
Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 28,3% artaraq 62,3 milyon manat, sağalmaz xəstəliklərdən sığortada 13,5% artaraq 390 min manat, tibbi sığortada 3,4% artaraq 63,4 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 1,9% artaraq 31 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında 30,6% artaraq 1,1 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 3,6% artaraq 28,6 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 48,8% artaraq 24 milyon manat, avtomobillərin icbari sığortasında isə 9,2% artaraq 70,8 milyon manat təşkil edib.
11 ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə yük daşıyanın mülki məsuliyyətinin sığortasında qeydə alınıb. Bu növ sığortadan daxilolmaların məbləği 94,8% azalaraq 1,2 min manat təşkil edib. Bundan başqa, pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada yığım 87,1% azalaraq 3,8 min manata, kreditlərin sığortasında isə 48% azalaraq 624 min manata düşüb.
Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 15,2% azalaraq 12,9 milyon manat, fərdi qəza və xəstəlik sığortasında 24,6% azalaraq 7,5 milyon manat, səfər sığortasında 1,4% azalaraq 1,9 milyon manat, avtomobillərin könüllü sığortasında 23,5% azalaraq 26,4 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 12,8% azalaraq 322 min manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 15,9% azalaraq 122 min təşkil edib.