İş müsahibəsi (intervyu) | Banco.az

İş müsahibəsi (intervyu)

Son dövrlər iş axtaranların sayında kəskin artım müşahidə olduğuna görə imkan daxilində daha çox insan kütləsinə faydalı olması üçün bu mövzuda yazılar yazmağa çalışıram.

Müsahibə işə qəbul prosesinin ən önəmli mərhələlərindən biridir. Bu mərhələdə buraxılan kiçik bir səhv iş üçün müraciətinizin uğursuz nəticələnməsinə səbəb ola bilər. Baxmayaraq ki, siz müsahibədən öncəki mərhələlərdə çox yüksək nəticələr əldə etmiş olsanız belə müsahibə mərhələsindəki kiçik bir nöqsan digər mərhələdə qazandığınız uğurları uğursuzluğa çevirə bilər. Ona görə, müsahibə mərhələsində nələrə diqqət etməliyik mövzusunda fikirlərimi sizinlə bölüşəcəm.

Müsahibə 3 hissədən ibarət olur: giriş hissə, əsas hissə və bağlanış hissəGiriş hissədə namizədə müsahibədə iştirak edən şəxslər haqqında qısa məlumat ( adətən adı və vəzifəsi və ya hansı şöbədə çalışdığı) verilir və namizədə özü haqqında danışması üçün müəyyən qədər vaxt verilir. Giriş hissə adətən bir neçə dəqiqə davam edir. Əsas hissə ən uzun davam edən mərhələdir. Bu mərhələdə köhnə iş yeri və iş öhdəlikləri haqqında , müəyyən hadisələrə reaksiyası haqqında, müraciət olunan işdə tələb edilən əsas keyfiyyətlərin yoxlanılması haqqında namizədin özəllikləri yoxlanılır. Bağlanış hissədə namizədə müsahibə vəya müraciət olunan iş ilə bağlı sual vermək üçün şərait yaradılır və hansı tarixə qədər müsahibə nəticələri haqqında məlumat veriləcəyi bildirilir. Və müsahibə sona çatır. Bir məqamı da qeyd edim ki, adətən şirkətlərin əksəriyyəti müsahibə mərhələsindən uğurla keçmiş namizədlərlə əlaqə saxlayır. Digər namizədlərə müsahibədən keçməməsi haqqında məlumat verilmir. Təbii bu şərt, əvvəlcədən namizədlərə bildirlir ki, filan tarixə qədər sizinlə əlaqə saxlanılmasa demək ki, siz müsahibə mərhələsini keçməməmisiniz.

Əgər siz işə qəbul prosesinin ilk mərhələsini uğurla keçmisinizsə müsahibə mərhələsi öz potensialınızı göstərmək üçün sözün əsl mənasında yaxşı fürsətdir. Sadəcə olaraq bu mərhələdə daha diqqətli olmaq və iş yerinin səndən istəyə biləcəyi nüanslara fikir vermək önəmlidir. Müsahibə mərhələsində önəmli olan nüanslara nəzər salaq:

  • Müəssisə və müraciət etdiyiniz vəzifə haqqında ilkin məlumatlarıntoplanması. Müsahibəyə getməzdən əvvəl müraciət etdiyiniz təşkilat haqqında öz rəsmi saytından və ya digər mənbələrdən ilkin məlumatların toplanması vacibdir. Məsələn, neçənci ildən fəaliyyət göstərir, nə işlə məşğuldur v.s bu kimi məlumatlar. Bundan əlavə, müraciət etdiyiniz vəzifənin mənası, vəzifə öhdəlikləri v.s haqqında da biliklərinizin olması vacibdir. Şirkət və ya vəzifə haqqında məlumatların soruşulmasında əsas məqsəd bunları hansı dərəcədə yadda saxlamanızdan daha çox hansı dərəcədə məsuliyyətli olduğunuz haqqında informasiya əldə edilməsidir.
  • Geyim. Müraciət etdiyiniz vəzifəyə uyğun geyinməyə çalışın. Məsələn, idmanla əlaqəli hər hansı işlə bağlı müraciət etmisinizsə idman stilində geyinin. Amma qalan hallarda klassik geyim tərzi sizin üstünlüyünüz olacaq. Əsasən qara, boz, göy v.s bu kimi çox da parlaq olmayan rənglərdən istifadə etməyə çalışın. Daha çox akssesuarın istifadə olunması çox da yaxşı qarşılanan hal deyil. Saat hər zaman faydalı ola bilər. Bu sizin zamana nə qədər önəm verdiyinizin bir göstəricisidir. Zaman pul demək olduğundan geyiminizə uyğun saat istfadə etməniz tövsiyə olunur.
  • Davranış. Müsahibədə rahat olmağa çalışın. Rahatlıq özünə inamın göstəricisidir. Təbii ki həddən çox rahatlıq arzu olunan hal deyil, bu sizin təkəbbürlüyünüz kimi qiymətləndirilə bilər. Sizin müraciət etdiyiniz işə həqiqətən çox ehtiyacınız ola bilər, amma daim müsahibədə həyəcanın olmaması üçün sizin olan bir şeyi itirmədiyinizi, ən pis ehtimalla işə qəbul edilməyəcəyinizi fikirləşin. Bu, sizə müsahibə vaxtı həyəcanınızı kontrol altında saxlamağa kömək olacaq.
  • Normal olmayan suallar. Əksər vaxt müsahibə üzvlərindən biri və ya bir neçəsi sizin emosiyalarınızı hansı dərəcədə idarə edə biləcəyinizi və aggrssivliyinizi yoxlamaq məqsədilə müsahibə vaxtı normal qəbul edilməyəcək sullar verə bilər. Əgər ki işə qəbul olunmaq istəyirsinizsə bu sualların nə məqsədlə verildiyini dərk edin və cavabınız da ona görə olsun. Bu, gözlənilməz vəziyyətlərdə sizin davranış tərzinizi ölçmək məqsədilə edilir.
  • Maaş gözləntiniz. Günümüzün reallığında sizə sual verilmədiyi müddətcə işə qəbul edilməzdən öncə maaşın nə qədər olacağının soruşulmasi işə götürən şirkət tərəfindən elə də yaxşı qarşılanmır. Əgər ki sizdən maaş gözləntiniz soruşularsa minimum ehtiyaclarınızın qarşılanması üçün kifayət olan məbləği deyin. Unutmayın ki əksər hallarda şirkətlərdə hər bir vəzifə üçün əvvəlcədən müəyyən olunan sabit əmək haqqı vardır. Təbii ki fərdi yanaşma halları da mümkündür.
  • Diqqət. Hansı dərəcədə diqqətli olub-olmadığınızı yoxlamaq məqsədilə müsahibə otağına gəldiyiniz vaxtadək şirkətin girişindəki əşyalarla bağlı sullar verilə bilər. Ona görə də getdiyiniz yerdə müəyyən şeylərə fikir verməyə çalışın.

Sonda bir məqamı da qeyd etmək istəyirəm ki, son dövrlərdə işə götürən şirkətlər namizəd bütün mərhələlərdən uğurla keçdikdən sonra onun facebook hesabında etdiyi paylaşım və rəylərin analizini də aparırlar. Əslində bir namizədin şəxsi həyatına görə onu işə götürüb-götürməməyi sadəcə qeyri peşəkarlıq əlaməti olaraq qiymətləndirirəm. İnsanın iş saatlarından sonrakı və istirahət günlərindəki fəaliyyətinə görə onu qiymətləndirmək və ya qiymətləndirməmək qeyri professional bir hərəkətdir. Amma nə qədər profesional hərəkət olmasa da bəzi işə götürən şirkətlər bu metoddan istifadə edirlər. Odur ki, bu məqamı da nəzərdə saxlamağa çalışın.

Ən sərfəli kredit üçün müraciət et

Müəllif: Nüsrət XƏLİLOV