Tərcümeyi-halınız (CV) sizin keçmiş fəaliyyətlərinizin və zamanla əldə etdiyiniz təcrübələrinizin şəklini çəkən mühim bir sənəddir. İşə qəbul proseslərində CV dəyərləndirməsi ilk addım olaraq bilinir və heç bir işə qəbul prosesi sadəcə CV ilə uğura müfəvvəq olmur.
Menecerlər, haqqlı olaraq namizədlərin xarakterini öyrənmədən, bacarıqlarını dəyərləndirmədən yekun qərar vermirlər. Şirkətlərə CV –lərin göndərilməsi həmin şirkətlərin qapısını döymək kimi düşünülürsə, müsahibəyə çağırılmağınız və iştirak etməyiniz isə o qapıdan içəri girmək üçün sizdən soruşulan şifrəyə bənzədilir.
Bəs iş müsahibələri zamanı diqqət etməli olduğunuz beş əsas məsələ hansılardır?
1. Müsahibəyə hazır şəkildə getməyiniz, yəni şirkətin fəaliyyət sahələri, məqsəd və vəzifələri, elan edilmiş maliyyə məlumatları, sektorla bağlı hadisələr və ən əsası müsahibənin mövzusu olan vəzifə haqqında əsas bilgilərə sahib olmağınız vacibdir. Bundan bir sonrakı addım isə şirkətin etikasıdır. Əgər şirkətin hədəfləri və etik dəyərləri sizə uyğundursa, bu o deməkdir ki, artıq 1-0 öndəsiniz.
2. Araşdırmalar göstərir ki, müsahibə bir saat belə davam etsə, ilkin təəssürat 7-9 saniyə ərzində yaranır. Menecment jurnalı olan “Harvard Business Review” da nəşr edilən “Setting the Record Straight on job Interviews” məqaləsində də qeyd edildiyi kimi, sizdən müsahibə götürəcək peşəkar şəxslə əl verib görüşdüyünüz andan etibarən özünüzü necə tanıtdığınız, sualları əminliklə cavablandırmağınız, stressinizi nəzarətdə saxlamağınız və müsahibənin gedişatına uyğun olaraq səmimiyyətinizi təmzinləməniz sizin yüksək qiymətləndirilmənizə səbəb ola bilər.
3. Müsahibə zamanı suallara verilən cavablar mühim yer tutur. Internetdən, keçmiş/hazırki işçilərdən o şirkətin soruşduğu suallara bənzər sualları araşdırmağınız məsləhət görülür. Suallara, özünüzlə bağlı hər hansı bir cəhəti ön plana çıxarmaq üçün mövzudan kənar cavablar verməyiniz şirkətdə sizin haqqınızda xoş təəssürat yaratmayacaqdır. Mümkün olduqca mövzu ilə bağlı cavablar verməyiniz sizin dinləmə qabiliyyətinizin də yüksək səviyyədə olduğunu göstərəcəkdir.
4. Müsahibə vaxtı özünüzə inamınızı göstərməlisiniz. Sizə verilən vəzifənin öhdəsindən layiqincə gələcəyinizi, məsuliyyətlərinizin fərqində olduğunuzu və şirkət üçün doğru seçim olacağınızı, bir sözlə, özünüzə inamınızı nümayiş etdirməlisiniz. Lakin, bunu verilən hər sualda xarakterik keyfiyyətlərinizi vurğulayaraq etməməlisiniz. Bir hekayəniz olsun. Xüsusiyyətlərinizi bir nümunə göstərərək çatdırmağınız daha təsirli olacaqdır.
5. Harvard Universitetinin həyata keçirdiyi “2014 Survey of Recruiters” araşdırmasına görə, şirkətlərdə işə qəbuldan məsul olan hər 5 işçidən 4-ü əmək bazarının namizədlər tərəfindən idarə olunduğunu düşünür.
İş müsahibələrində səlahiyyət və gücün şirkətlərdə olduğunu düşünsəniz də, masanın digər tərəfində oturan peşəkarlar sizlərin işi seçmə azadlığınızın işə qəbul mərhələlərində daha təsirli olduğunu bildirir.
Həmçinin qeyd edək ki, işə qəbul proseslərində səbirli olmağınız çox vacibdir. Belə ki, aparılan bir araşdırmaya əsasən əksər ölkələrdə işə qəbul müddəti 6-8 həftə aralığında dəyişir.
Bilik və bacarıqlarınızdan əmin olub, müsahibə müddətini səmimi bir mübadilə və öyrənmə prosesi olaraq dəyərləndirməyinizi tövsiyyə edir, məqaləni oxuyan hər kəsə hədəflədikləri karyera yolunda uğurlar arzu edirik.
Tamara Mustafayeva, banco.az