Tamara Mustafayeva, Banco.az
Libbi Krov (Libby Crow) 2012-ci ildə sığorta şirkətlərinin birindən telefon zəngi qəbul edir. Tanımadığı bir insanla baş tutan bu adi telefon danışığının onun həyatını xilas edəcəyini yəqin ki, özü də əsla təsəvvür edə bilməzdi.
O vaxtlar Libbinin 25 yaşı vardı, sevgilisindən yenicə ayrılmışdı, öz biznesini qurmaq xəyalı ilə müəllim işləməyi dayandırmış və həyatında yeni səhifə açmaq üçün Denver şəhərinə köçmüşdü. Həyat sığortası etdirmək hər kəs üçün düzgün seçim kimi görünsə də, Libbinin uzun illər yaşamaq düşüncəsi yox idi.
Telefonda həyat sığortası üçün sığorta polisi haqqında məlumat verən qadını dinləyərkən atasının vəfatı ilə bağlı hiss etdiyi ağrı-acının, hazırda məşğul olduğu işin səbəb olduğu tənhalığın və keçmiş həyatını geridə qoyduğu üçün yaşadığı narahatlığın öhdəsindən gəlməyə çalışırdı. Hətta o günlərdə bu qadın anasına çoxdan vida məktubu yazıb hazırlamışdı.
Libbinin yaşadığı yerdə insanların həyatları boyu uğruna çalışdıqları hədəflər belə idi:
Universitetə qəbul olmaq, evlənmək, ildə bir dəfə istirahətə getmək və altmış yaşınadək bütün borclarını ödəmək.
Bu siyahıya əməl etməli olduğunu düşünən Libbi də əvvəlcə universiteti bitirdi, daha sonra tələbə kreditini ödəmək üçün müəllim işləməyə başladı.
Ancaq o, daxilən başqa bir xəyalın arxasınca getmək istəyirdi. Libbi o zamankı hisslərini belə ifadə edir:
“Müəllimlik peşəsini çox sevirdim, ancaq daxili səsim mənə başqa bir addım atmalı olduğumu deyirdi.”
Odur ki, gənc qadın bu hissi içində boğmadı və işindən istefa etdi. Daha sonra isə həyatında xoşagəlməz hadisələr yaşanılmağa başlandı. Atası vəfat etdi və bu itki Libbi üçün olduqca sarsıdıcı idi. Atasının ölümü onda həyatı ilə bağlı bəzi suallar yaratdı.
“Atamın vəfat etməsi bütün dünyamı kökündən sarsıtdı. Bir sual mənə rahatlıq vermirdi, əgər həyat bu qədər asanlıqla əlimizdən alınacaqsa, biz nə uğruna çalışırıq?”
Müəllim maaşı ilə qısa bir müddət dolandıqdan sonra əlavə gəlir mənbəyi axtarmağa başladı.
Yavaş-yavaş həqiqətlərlə üzləşən Libbi başqa insanların həyatlarında baş verən mühüm hadisələrin ona güc verdiyini kəşf etdi.
“Bir gün Facebook-da dostlarımdan birinin həyatını necə dəyişdirməsi ilə bağlı hekayəsinə rast gəldim. Yaşayış tərzini dəyişdirib yeni bir işə başlamışdı və həqiqətən də böyük uğura nail ola bilmişdi.”
Çətin günlərdən keçən Libbi dostundan ilhamlanaraq vərdişlərini dəyişdirmək istədi və həmin dostu ilə əlaqə saxlayaraq ona bələdçilik etməyi xahiş etdi. Başqasının təcrübəsi Libbiyə fayda gətirmişdi. Odur ki, şəxsi biznesini qurmağa qərar verdi. Artıq əlavə gəlir mənbəyi əldə edə bilmişdi.
Həyatını dəyişdirməyə çalışsa da, eyni zamanda atasının vəfatının ağrı-acısını unuda bilmirdi. Bu hadisəni mümkün olduqca düşünməməyə çalışırdı. Məktəkdəki işindən evə qayıtdıqdan sonra bütün vaxtını öz üzərində işləməyə sərf edirdi. “Kədərimi unutmaq üçün gecə saat 03:00-a qədər Jeff Walker ve Brendon Burchard kimi mütəxəssislərin videolarına baxırdım”, deyə yaşadığı o günləri təsvir edir.
“Artıq əlimdən heç nə gəlmədiyini və tamamilə yorulduğumu xatırlayıram. Yaşayışımı təmin etmək üçün özümü çətinliyə salmışdım. Bəlkə də mübarizədən vaz keçmək daha asan olacaqdı.”
O telefon zəngi Libbi üçün dönüş nöqtəsi oldu.
Həmin gün Libbi avtomobilini bir dağın başından aşağıya doğru sürürdü.
“Qəribəsi odur ki, hər şeyin sona çatmasına olduqca yaxın idim. Dəstəyi asmaq istədim, ancaq qadın çox axıcı və xoş danışırdı. Bu səbəbdən də sığortanın faydaları haqqında söhbət etməyə davam etdik. Digər yandan isə bunların heç birinin əhəmiyyətli olmadığını düşünürdüm.”
Daha sonra xəttin digər ucundakı qadın Libbiyə deyir, “Bu, sənə qəribə səslənsə də, yaşadığın şəhərdə görmək istəyəcəyin bir yer var. Kilsəyə bənzəyir, əgər yoga ilə məşğul olursansa, mütləq baş çəkməli olduğun bir yerdir.”
Libbi tərəddüdlə də olsa, deyiləni etməyə qərar verir.
“Avtomobili qadının dediyi istiqamətdə sürməyə başladım. Bir tərəfdən də düşünməyə davam edirdim, həyatımın ən çətin bu anında tanımadığım bir insanın həyatla bağlı tövsiyələrini dinlədiyimin fərqinə vardım.”
Maraqlıdır ki, məhz bu telefon zəngi Libbinin həyatında dönüş nöqtəsinə çevrilir. Həmin gündən bəri o, sosial media idarəetməsindən planlaşdırmaya və onlayn müəssisələri idarə etmə bacarıqlarına qədər idarəçilik vərdişlərini öyrətmək üçün bir proqram tərtib edir və öz portalını yaradır.
Libbi enerji və həvəsini nəyə borclu olduğuna dair suala hər zaman belə cavab verir:
“Həyatınızda doğru insanlara ehtiyacınız var. Özünüzü inkişaf etməyə həsr etməli və bu yolda hər zaman doğru yoldaşlar, bələdçilər seçməlisiniz.”
Həmçinin oxu: Yoxsulluqdan 9 milyard dollarlıq sərvətə gedən uğur hekayəsi
Bizi sosial şəbəkələrdən izləyin!!