Həyat sığortası bazarında yığım 11%, ödəniş 1,8 dəfə artıb | Banco.az

Həyat sığortası bazarında yığım 11%, ödəniş 1,8 dəfə artıb

2015-ci ildə Azərbaycanda toplanmış sığorta haqlarının 26,3%-i və yaxud 116,5 milyon manatı həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, 2014-cü illə müqayisədə həyat sığortası bazarı 10,9% böyüyüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından "Banco.az"a daxil olan məlumata görə, həyat sığortasındakı yığımların 59,3%-i və yaxud 69 milyon manatı həyatın yaşam sığortasının, 26,3%-i və yaxud 30,7 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 13,1%-i və yaxud 15,3 milyon manatı həyatın ölüm halından sığortasının, 1%-i və yaxud 1,2 milyon manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,3%-i və yaxud 326 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

İl ərzində həyat sığortası üzrə ödənişlərin məbləği isə 52,2 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 29%-ni təşkil etməklə, 2014-cü ilə nisbətən 1,8 dəfə çoxdur.

Həyat sığortasında ödənişlərin 91,7%-i və yaxud 47,9 milyon manatı həyatın yaşam sığortasının, 4,2%-i və yaxud 2,2 milyon manatı həyatın ölüm halından sığortasının, 4,1%-i və yaxud 2,1 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, cəmi 14 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44,8 manat ödəniş edilib. 2014-cü ildə bu rəqəm 27,2 manat olub