Ödəmə vaxtı keçmiş kreditlərin həcmi dayanmadan artır. Əgər ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin həcmini müqayisə etsək görərik ki, 2013-cü ilin yanvar ayından fərqli olaraq, 2013-cü ilin dekabr ayında anoloji göstəricilər üzrə daha yaxşı nəticələr qeydə alınmışdır. Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, 2013-cü ilin əvvəlində ödəmə vaxtı keçmiş kreditlərin həcmi 6,1% təşkil edirdisə, həmin ilin dekabr ayı üzrə anoloji göstərici 5,1%-ə qədər azalmışdı. Lakin bu uğurlu göstərici nisbi xarakter daşıyır və ilk növbədə ölkə üzrə kredit qoyuluşlarının dinamik artımı ilə əlaqəlidir.
Dəqiq rəqəmlərlə desək, ödəmə vaxtı keçmiş kreditlərin həcmi gündən-günə artır. Əgər ötən ilin əvvəlində vaxtı keçmiş kreditlərin məbləği 763,8 milyon manat təşkil edirdisə, ötən ilin dekabr ayında bu rəqəm 792,8 milyon manata çatırdı. Bu rəqəmlərə əsaslanaraq söyləyə bilərik ki, 1 il ərzində vaxtı keçmiş kreditlərin həcmi 29 milyon manat həcmində artıb.
Ödəmə vaxtı keçmiş kreditlərin statistikasında bu il də ürəkaçan nəticələr nəzərə çarpmır. Əslində isə Mərkəzi Bank tərəfindən həyata keçirilmiş çoxsaylı tədbirlər vəziyyətin stabilləşdirilməsi məqsədi daşıyırdı. Məlumat üçün qeyd edək ki, həmin tədbirlər kreditin yalnız vətəndaşın gəlirini təsdiq edən sənədin təqdim edilməsi nəticəsində verilməsini nəzərdə tuturdu.
Sevinc İbadova/Banco.az