Nigar Umaxanlı, Banco.az
Yeni işçi axtarışı kiçik şirkətlər üçün həmişə böyük stressdir. Əgər ştatda rekruter (işəgötürən) yoxdursa, bununla sahibkar özü və ya biznesə rəhbərliyi həyata keçirən şəxs məşğul olmalıdır. Çoxlu sayda CV-yə baxmaq və müsahibələr aparmaq vaxt aparır və iş prosesini ləngidir. Zamanı və əsəbləri qorumaq üçün rekruter-frilanser kömək edə bilər. Belə ki, o, tez və effektiv şəkildə tapşırığın öhdəsindən gələcək. Bəs rekruter təyin edərkən nəyə fikir vermək lazımdır?
Həmçinin oxu: İşə götürülməyən 8 tip namizəd
Kənardan cəlb olunmuş rekruterin ştatlı əməkdaşla və lazımlı mütəxəssislərin axtarışı ilə şəxsən məşğul olmaqla müqayisədə bir sıra üstünlükləri mövcuddur.
Yaxşı frilanser adətən hər hansı sahə üzrə ixtisaslaşır və artıq namizəd məlumat bazasına sahib olur. Bu o deməkdir ki, müəyyən bir ixtisas və ya xüsusi təcrübəyə malik bir namizəd tapmaq lazım olduqda faydalı olacaq. Sahəyə yaxşı bələd olan rekruter işəgötürənin ehtiyaclarını anlayır və hər bir vəzifənin funksiyalarını bilir. Şirkətə kənardan cəlb edilmiş rekruter ən az sahibkar qədər maraqlıdır ki, uğurlu nəticə alınsın və vakansiya tez bağlansın. Çünki onun qazancı bilavasitə görülmüş işdən asılıdır.
Belə rekruter təyin etməyin mənfi cəhətləri də var. Şirkətdən uzaqdakı hər işçi kimi ona da nəzarət etmək çətindir, əvvəlcədən necə qarşılıqlı fəaliyyət göstərəcəyinizi və onun hesabatları hansı formada təqdim edəcəyini düşünmək lazımdır. Şərti şumda kəsin: Gözləntilərinizi, o cümlədən “deadline” (son müddət) şərtləri, sizin üçün başlıca amilləri müzakirə edin.
Rekruter-frilanserin xidmətləri nə vaxt faydalı ola bilər?
Şirkətiniz kiçikdirsə;
işçilərin seçimi aparılmırsa;
dar ixtisaslaşma sahibi (məsələn, proqramçı) tapmaq lazımdırsa;
ştatlı işəgötürənin yükü çoxdursa və namizəd seçimini başqasına həvalə etməlisinizsə.
Rekruteri bir neçə yolla tapmaq olar. Məsələn, frilans-birjalarda və ya ixtisaslaşmış onlayn platformalarda elan yerləşdirmək mümkündür. Sosial şəbəkələr də məqsədəuyğun ola bilər: Şəxsi səhifənizdə və ya tematik qruplarda rekruter vakansiyası elanı yerləşdirin.
Həmçinin oxu: Biznesin 4 əsas problemini necə həll etmək olar?
Namizəddən nə qədər tez cavab almağınız vacib göstəricidir. “Feedback”(geri əlaqə) üçün ən optimal vaxt bir sutkadır. Bütün gün ərzində rekruter namizədlərlə müsahibə aparmış ola bilər, amma bundan sonra sizinlə əlaqə saxlamalıdır. Əgər şəxs fəaldırsa, deməli, işə də can yandıracaq və yaxşı nəticə əldə edəcək.
Namizədin şəxsi profilinə nəzər yetirin, hansı kurslarda iştirak edib, hansı diplomları alıb və s.. Daha bir “danışan” detal budur ki, rekruter vakansiyaya, onun şirkətdəki yerinə, sizin potensial əməkdaşdan gözləntilərinizə dair nə kimi suallar verir. Əgər suallar azdırsa və ya, ümumiyyətlə, yoxdursa, pis əlamətdir.
Bundan əvvəl özünüz işçi axtarmısınızsa, lakin cəhdiniz uğursuz nəticələnibsə, işəgötürən istifadə edilən vasitələr və axtarış kanallarını təhlil edəcək və sonda yenilərini təklif edəcək.
Necə razılaşmaq və nə qədər ödəmək lazımdır?
Əvvəlcə dəqiqləşdirin ki, sizin rekruterdən gözləntiniz nədir. Sadəcə CV-lər, yoxsa müsahibədən sonra namizəd haqqında ətraflı məlumat? Skayp vasitəsilə müsahibə kifayətdirmi və ya test tapşırığına ehtiyac var? Namizədlərə əvvəlki iş yerlərindəki işəgötürənlərin tövsiyəsi lazımdırmı? Həmçinin özünüz də paralel şəkildə işçi axtarırsınızsa, rekruteri xəbərdar etmək vacibdir.
Frilanserə əməyin ödənilməsi üçün adekvat şərtlər təklif etdiyinizə əmin olun. Yaşadığınız yerdə müvafiq sahədəki qiymətləri öyrənin. Adətən rekruterlər işlərinə görə namizədin bir aylıq maaşı qədər (və ya ona yaxın bir məbləğdə) ödəniş alırlar, lakin bəzi mütəxəssislər bir neçə dəfə baha başa gələ bilər. Onlayn platformalarda onların işinə görə pul ödəməyin bir sıra yolu var:
Yeni əməkdaş şirkətdə işə başladıqdan sonra 100% maaş;
Sınaq müddəti (1-3 ay davam edir) bitdikdən sonra 100% maaş;
50% işçi vəzifə öhdəliklərini yerinə yetirməyə başladıqdan sonra, 50% isə sınaq müddəti bitdikdən sonra.
Sonuncu variant optimaldır. Amma əgər elanda bazar dəyərindən bir qədər aşağı qiymət təklif etmisinizsə, yaxşısı budur ki, 100% maaş verəsiniz. Axı namizədin işə götürülmə qərarının verilməsi və onun komandaya adaptasiyası artıq şirkətin daxili məsələləridir. Bunun məsuliyyəti sırf şirkət rəhbərinin üstünə düşür.
Bizi sosial şəbəkələrdən izləyin!!