Tamara Mustafayeva, Banco.az
Oyandıqdan dərhal sonra icra etdiyimiz fəaliyyətlər həmin günün geri qalan hissəsini formalaşdırmaqda mühüm rol oynayır. Bəzi insanlar üçün sadəcə erkən oyanmaq enerjili və gümrah hiss etdirirsə, digərləri üçün isə uğurlu günün sirri səhər yeməyində gizlidir.
Bəzi insanlar isə ola bilsin ki, özü üçün ən düzgün səhər vərdişlərini hələ kəşf etməyib. Odur ki, əgər yeni günə yüksək motivasiyalı və gümrah başlamaq üçün stimul axtarırsınızsa, dünyaca məşhur bu şəxslərin yeni günə necə başladıqlarına nəzər sala bilərsiniz.
1. Richard Branson, Virgin Şirkətlər Qrupunun CEO-su
Erkən oyanmağın əhəmiyyətini vurğulayan Branson səhər saat 05:00-da oyandıqdan sonra ilk olaraq meditasiya ilə məşğul olur. Daha sonra ailəsi ilə vaxtını keçirən Branson motivasiya və ilham mənbəyi üçün günün irəliləyən saatlarında tanınmış insanların uğur hekayələrini oxuyur.
2. Scott Adams, Dilbert komiks jurnalının təsisçisi, karikaturaçı rəssam
Gün ərzində dörd saatdan artıq yatmağı vaxt itkisi hesab edən Skott Adams yeni günə səhər saat 05:00–da oyanaraq başlayır. Daha sonra adəti üzrə kofesini içərək günün xəbərlərini oxumağı sevir. Bununla belə, əhval-ruhiyyəsinə mənfi təsir göstərməsin deyə siyasi xəbərləri oxumamağı üstün tutur.
3. Kat Cole, Focus Brands şirkətinin baş əməliyyat direktoru və prezidenti
Afrikada həyata keçirdiyi könüllülük fəaliyyətindən sonra içməli su əldə etməyin çox böyük lütf olduğuna inanan Cole oyandıqdan dərhal sonra təqribən 700 ml su içərək günə başlayır. Daha sonra isə dünya gündəmi və yatırım etdiyi startap şirkətlərin cari vəziyyəti ilə maraqlanır. Evdə kofe hazırlamaq əvəzinə qəhvə dükanlarında bir fincan kofe içməyi üstün tutur. Hava şəraiti uyğun olduğu zaman isə qəhvə dükanına adətən piyada gəzərək getməyi sevir.
4. Howard Schultz, Starbucks restoranlar şəbəkəsinin təsisçisi
Schultz səhər saat 04:30-da oyanır və itlərini gəzintiyə aparır. Evə qayıtdıqdan sonra isə özünə qovrulmuş "Aged Sumatra" qəhvəsi hazırlayır. Starbucks qəhvə restoranları şəbəkəsinin təsisçisi Schultz-un səhər vərdişləri içərisində kofenin olması yəqin ki, təəccüblü səslənmir.
5. Jack Dorsey, Twitter platformasının təsisçisi
Gün ərzində enerjili və gümrah olmasının səhər vərdişlərinə bağlı olduğuna inanan Dorsey 05:00-da oyandıqdan sonra 30 dəqiqə meditasiya və 7 dəqiqə idman hərəkətləri ilə məşğul olur. Daha sonra bir fincan kofe içən Dorsey səhər yeməyində soya sousunda qızardılmış iki ədəd yumurta yeməyi çox sevir.
6. Kara Goldin, Hint Water şirkətinin CEO-su
05:30-da oyanan Goldin yeni günə elektron poçt ünvanını yoxlayaraq başlayır. Daha sonra double latte kofesini içən Goldin təmiz havada gəzintiyə çıxmağı üstün tutur.
7. Obie Mckenzie, BlackRock investisiya şirkətinin baş direktoru
Mckenzie hər səhər məhz 84 dəqiqəsini həyat yoldaşı ilə söhbət etməyə həsr edir və bununla da bütün gün özlərini bir-birlərinin yanında hiss etdiklərini söyləyir.
8. Arianna Huffington, Huffington Post nəşrinin həmtəsisçisi və baş redaktoru
Oyanmaq üçün zəngli saata ehtiyac duymayan və bu formada oyanmağın yeni günə başlamaq üçün ən yaxşı üsul olduğuna inanan Huffington bioloji saatının onu yuxudan oyatması üçün yuxu rejimini düzgün tənzimlədiyini söyləyir. Oyandıqdan dərhal sonra əsla mobil telefonunu əlinə almadığını da vurğulayan tanınmış iş qadını bunun əvəzinə dərindən nəfəs almağı üstün tutur. Səhər yeməyinə üstünlük vermədiyi üçün isə təkcə kofe ilə günə başlayıb səhər yeməli olduğu qidaları nahar zamanı qəbul edir.
9. Anna Wintour, Vogue nəşrinin baş redaktoru
Anna Wintour orqanizmindəki adrenalin səviyyəsini artırmaq üçün yeni günə 05:45-də tennis oynayaraq başlayır. Təqribən bir saat tennis oynadıqdan sonra gün ərzində iştirak etməli olduğu iclasları müəyyənləşdirir və ən gec saat 09:00-da ofisə çatır.
Həmçinin oxu: Uğurlu İnsanlar Həftə Sonlarını Necə Keçirir?
Bizi sosial şəbəkələrdən izləyin!!