Dollar bahalaşmaqda davam edir: Manata təsiri gözlənilirmi? | Banco.az

Dollar bahalaşmaqda davam edir: Manata təsiri gözlənilirmi?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2024-cü ilin yanvar-may aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 37 valyuta hərracında, ümumilikdə, banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb.

Banco.az xəbər verir ki, satılan dolların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-may aylarında keçirilən valyuta hərraclarında banklara cəmi 1 milyard 492.4 milyon ABŞ dolları satılıb.

May ayında keçirilən 7 valyuta hərracında isə valyuta satışının məbləği 558.6 milyon dollar təşkil edib. Bu da ötən ilin may ayındakı satışlardan 2 dəfə yüksəkdir. 

Azərbaycanda əhalinin banklardan əldə etdiyi nağd ABŞ dollarına tələbi də kəskin artıb. Belə ki, 2024-cü ilin yanvar-mart ayları ərzində banklar əhaliyə nağd 931.3 milyon ABŞ dolları satıblar. Bu da illik müqayisədə 491.5 milyon manat və ya 112 faiz (2 dəfə) artım deməkdir. 

Ən sərfəli kredit üçün müraciət et

Hazırda dünya bazarında dolların yenidən möhkəmlənməsi müşahidə olunur. Avro dollara nisbətən dəyər itirməkdədir. 

İqtisadçı Eyyub Kərimli Banco.az-a bildirib ki,  hazırda Rusiya-Ukrayna müharibəsi ərəfəsində Avropa iqtisadiyyatında yaşanan çətinliklərə daha bir səbəb sənaye müəssisələrində istehsalı tempinin aşağı düşməsidir.  

Dolların möhkəmlənməsinin manata təsirləri barədə danışan ekspert qeyd edib ki, milli valyutanı hər hansı hansı təhlükə gözləmir:

“Dolların bahalaşması Azərbaycan manatının məzənnəsinə təsir etməyəcək. Çünki ölkəmizdə makroiqtisadi göstəricilər və valyuta ehtiyatları kifayət qədərdir. Bu, manatın dayanıqlığını və sabitliyini təmin edir.  Azərbaycanda manatın məzənnəsini Mərkəzi Bank tənzimləyir. Bu onun hüququndadır.  Onların verdiyi açıqlamalara görə, hazırda dolların bahalaşması əhəmiyyətli və ciddi xarakter daşımır. Hesab edirəm ki,  manatın məzənnəsi sabit qalmaqda davam edəcəkdir”.

Ən sərfəli krediti almaq üçün müraciət et