Tamara Mustafayeva, Banco.az
"Ceyms Bond" filmlər silsiləsinin ərsəyə gələn sonuncu ekran işi 100 milyon dollardan çox kassa gəliri əldə edib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, "Ceyms Bond" silsiləsinin "No Time To Die" adlı sonuncu filmi ilk nümayiş həftəsinin yekununda qlobal miqyasda liderlik əldə edib. Belə ki, film 119 milyon dollar kassa gəliri ilə pandemiya dövründə 100 milyon dollar həddini keçən ilk ekran işi olub. Xatırladaq ki, sözügedən film hələ Çində nümayişə başlamayıb.
Deniel Kreyqin Ceyms Bond obrazı ilə tamaşaçı qarşısına çıxdığı "No Time To Die" Almaniya, Yaponiya və Honkonqun da daxil olduğu 24 ölkədə ən yaxşı açılış göstəricisinə nail olub. İstehsalçı ölkələrdən biri olan İngiltərənin də daxil olduğu 21 ölkədə isə film pandemiyadan sonra qeydə alınmış ən yaxşı açılış gəliri əldə edib.
Qeyd edək ki, filmin nümayiş tarixi pandemiya səbəbindən bir neçə dəfə təxirə salınmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!