Böyük sosial şəbəkələri hamı tanıyır: "Facebook", "Instagram", "Twitter" kimi. Amma bunlarla yanaşı müxtəlif maraq ətrafında insanları birləşdirən sosial şəbəkələr də var. Bu şəbəkələrdə istifadəçi sayı nisbətən daha az olsa da, spesifik mövzu ətrafında niş auditoriyanı birləşdirdiyi üçün rəqəmsal marketerin diqqət mərkəzində olmalıdırlar. Bu yazıda müxtəlif maraq istiqamətlərinə xitab edən sosial şəbəkələr ilə tanış olacağıq.
Twitch
"Twitch" video oyun həvəskarlarını birləşdirən canlı yayım platformasıdır. 2011-ci ilin iyun ayında fəaliyyətə başlayıb. 2014-cü ildə "Amazon" tərəfindən 970 mln. $ satın alınıb. Hazırda 144 mln. izləyicisi və 3,8 mln. kontent yaradan yayımcısı var. İstifadəçilərinin 81%-i 18-34 yaş arası kişilərdir.
Fərdi şəkildə oyun oynayanlarla yanaşı, əksər video oyun istehsalçıları da burada brend kanallarına sahibdir. "Twitch" platformasında populyar oyunlar üzrə dünya çempionatları da keçirilir. Son zamanlarda video oyunlar ilə yanaşı, müxtəlif əyləncəli və kodlaşdırma biliklərini öyrədən kontentin sayı da artmaqdadır.
DeviantArt
2000-ci ildə qurulan "DevianArt" sosial şəbəkəsi öz ətrafında 48 mln.-dan çox vizual sənətkarları birləşdirir. Fotoqraflar, qrafik dizaynerlər, videoqraflar, rəssamlar bu platformada öz işlərini paylaşır. Hazırda "DevianArt"da 370 mln.-dan çox sənət əsəri var. Sosial şəbəkə istifadəçiləri işləri bəyənə, paylaşa, şərh edə, həmçinin artistləri izləyə bilərlər. Brendlər üçün bu platforma müxtəlif növ müsabiqələrin təşkili və influenser cəlb edilməsi baxımından maraqlıdır.
Tumblr
"Tumblr" 2007-ci ildən fəaliyyətə başlayan ilk bloq platformalarından biridir və istifadəçilərinə yazı bloqları ilə yanaşı şəkil, video, GIF, link kontentləri paylaşmağa imkan verir. Hazırda bu platformada 50 mln.-dan çox bloq var. Bizneslər "Tumblr"da sponsor postlar da paylaşıb reklam edə bilirlər.
Medium
2012-ci ildə yaranan "Medium" intellektual bloq platforması hesab olunur. Bu platformada müxtəlif mövzularda yazan müəlliflər var: bəndənizdən tutumuş Barak Obamaya qədər. Hazırda "Medium"da 120 mln. yaxın oxuyucu var. Bir çox şirkət burada öz korporativ bloqlarını aparır, izləyiciləri ilə ünsiyyət saxlayır, saytlarına trafik cəlb edirlər. "Medium" müəlliflərə partner proqramı da təklif edir: oxucu sayından asılı olaraq müəlliflər mükafatlandırılır.
Söz düşmüşkən qeyd edim ki, bloq yazmağa başlamaq üçün "Medium" ən ideal platformadır. Mən də ilk yazılarımı "Medium" hesabımda paylaşmışam.
GitHub
2008-ci ildən fəaliyyət göstərən "GitHub" proqramistləri, developerləri, mühəndisləri birləşdirən sosial şəbəkə kimi tanınır. Hazırda platformada 50 mln.-dan çox istifadəçi və 2,9 mln. şirkət var. Proqramistlər bu platformanı daha çox öz işlərini paylaşmaq, çətinlik çəkdiyi məqamlarla bağlı yardım almaq, birgə layihələr həyata keçirmək üçün istifadə edir. Şirkətlər isə bu platforma vasitəsilə proqramistlər ilə əməkdaşlıq edir, onları biznes və sosial layihələrə cəlb edirlər. "GitHub"da reklam imkanları olmasa da, sayt istifadəçisi olan proqramistlər bizneslər ilə əməkdaşlıq edib qazanc əldə edə bilir.
Stack Overflow
"GitHub" kimi "Stack Overflow" sosial media platforması daha çox developer və proqramistlərə xitab edir. 2008-ci ildə təsis olunub, hazırda 100 mln.-a yaxın istifadəçisi var. Forum formatında fəaliyyət göstərir, suallara cavablar verilir, daha təcrübəli olanlar öz təcrübəsini bölüşür. İstifadəçilər ən faydalı cavablara səs verə bilir. Bu platformada gamification elementləri də var: istifadəçilər sosial şəbəkədə etdiklərinə görə nişanlar və dərəcələr qazana bilir. Bizneslər reklam yerləşdirmək ilə yanaşı vakansiya elanları yerləşdirmək imkanına sahibdir.
Quora
Amerikanın ən populyar sosial media şəbəkələrindən biri olan "Quora" müxtəlif mövzularda müzakirələrin aparıldığı forum formatında fəaliyyət göstərir. 2009-cu ildə təsis olunub və hazırda 300 mln.-dan çox istifadəçisi var. Burada istifadəçilər istənilən mövzuda sual soruşa, sualları cavablandıra, öz biliklərini paylaşa, faydalı və maraqlı hesab etdiklərə cavablara səs verə bilərlər. Bizneslər də öz növbəsində bu müzakirələrdə iştirak edib brend kimliyini gücləndirə, həmçinin reklam imkanlarından istifadə edə bilərlər.
Dünyanın ən tanınmış forumlarından olan "Reddit" 2005-ci ildən fəaliyyət göstərir və hazırda 430 mln.-dan çox aktiv istifadəçiyə sahibdir. 2020-ci ilin oktyabr ayında dünyanın 17-ci, ABŞ-ın isə 7-ci ən çox ziyarət olunan saytı olub. "Quora" kimi "Reddit" də sorğu-sual forumu formatındadır. Bizneslər müzakirələrdə iştirak etməklə yanaşı reklam imkanına da sahibdir.
Bu infoqrafikdə "Reddit" barədə maraqlı faktlar ilə tanış ola bilərsiz.
Goodreads
2007-ci ildə qurulan "Goodreads" kitab oxuyanları birləşdirən sosial şəbəkədir. Hazırda 90 mln.-a yaxın istifadəçisi var və platformaya 3,6 mld. kitab əlavə olunub. "Goodreads" platformasının istifadəçiləri oxuduğu kitabları kitab rəfində qeyd edə, kitablar barədə öz fikirlərini və rəyləri paylaşa, tövsiyə etdiyi kitabların siyahısını hazırlaya və digər istifadəçiləri ilə kitabları müzakirə edə bilərlər. Kitab müəllifləri və naşirlər bu platforma vasitəsi ilə öz oxuyucuları ilə ünsiyyət qura bilir, həmçinin maraqlı müsabiqələr keçirirlər.
Letterboxd
2012-ci ildən fəaliyyət göstərən "Letterboxd" kino sevərlərə xitab edir. İstifadəçi sayı az (1,5 mln yaxın) olsa da artım potensialı yüksəkdir. Bu platformada istifadəçilər bəyəndikləri filmlər barədə öz rəyini paylaşa və müzakirə edə bilir, baxmaq istədikləri filmlərin siyahısını tərtib edirlər. Film həvəskarlarını hədəfləyən bizneslər bu platformada reklam yerləşdirə bilər.
MyFitnessPal
"MyFitnessPal" sosial şəbəkəsi 2005-ci ildə qurulub və arıqlamaq istəyən insanları özünə cəlb edir. Platformanın hazırda 80 mln.-a yaxın istifadəçisi var. İstifadəçilər sağlam qidalanma, arıqlama üsulları, reseptlər kimi mövzularıda kontent paylaşa, öz fikir və rəyləri bildirə, müzakirələrdə iştirak edə bilirlər.
Reytinq saytları
Çox funksional sosial şəbəkələr olmasalar da bir çox reytinq saytları var ki, digital marketerlərin diqqət mərkəzində olmalıdır. Bunlardan aşağıdakıların adlarını çəkmək istərdim:
- Yelp – restoran və digər xidmət nöqtələrini qiymətləndirməsi;
- Trip Advisior – səyahət ilə bağlı otel, gəzməli yerlərin və mehmanxanaları dəyərləndirmək üçün;
- Rotten Tomatoes – film, serial və TV verilişlərin dəyərləndirilməsi ;
- Metacritic – video oyunların dəyərləndirilməsi.
Brendlər üçün bu cür sosial şəbəkələr potensial müştəri auditoriyası ilə daha sıx ünsiyyət qurmaq və hədəfləmək imkanları verir. Rəqəmsal marketerlər hədəflədiyi müştəri seqmentinin maraq göstərdiyi bu cür platformaları aşkarlamalı və platformanın imkanlarını dəyərləndirərək düzgün sosial media və kontent strategiyası tətbiq etməlidir.
facemark.az
Bizi sosial şəbəkələrdən izləyin!!