Broker kimdir və nə iş görür? | Banco.az

Broker kimdir və nə iş görür?

Tələb edən və təklif edən arasında əlaqəni formalaşdıran vasitəçi “broker” hesab olunur. Yəni, Broker satıcı ilə alıcı arasında, sığorta olunanla sığorta edən arasında, eləcə də əmlak sahibi ilə kirayəniş arasında vasitəçəlik xidməti yerinə yetirən hüquqi və ya fiziki şəxsdir.

Aparılan araşdırmalara görə "broker" sözü ilk dəfə 1355-ci ildə İngiltərədə istifadə edilmişdir. Lakin bu peşənin sözün əsl mənasında ortaya çıxması və bu günkü xüsusiyyətlərə qovuşması XVII əsrdə İngiltərədə baş tutmuşdur. Bunun səbəbi isə o illərdə İngiltərənin ən böyük dəniz ticarətinə sahib olması və pulun mühafizə mənbəyi olması idi.

Dünyada əvvəllər Brokerlərin 4 əsas mərkəzi var idi: London, Hamburq, Oslo və Nyu-York.

Zaman keçdikcə ölkələrin beynəlxalq ticarətdə hakim rol oynaması ilə Tokio, Sinqapur, Dubay, Şanxay, Honq-Konq, Nova və Odessa da mərkəzlər sırasına daxil olmuşdur.

Broker maliyyə dünyasında olduqca məşhur bir ifadə olması ilə bərabər, həmçinin bir-birindən tamamilə fərqlənən sahələrdə vasitəçilik rolunu həyata keçirən şəxslərə ümumi olaraq verilən addır. Sığorta brokeri, əmlak brokeri, gəmi brokeri, birja brokeri və s. kimi yayılmış növləri var.

Maliyyə bazarlarının yüksək inkişaf etdiyi ölkələrdə həyata keçirilən bir çox alış-satış proseslərinin dayağında məhz brokerlər durur. 

Brokerlər müştəri adından və eyni zamanda şirkət adından çıxış edərək, hər iki tərəf arasında doğru körpünü qurmaqda məsuliyyətlidir.

Brokerin iş prosesi 3 hissədən ibarətdir:

  1. Əlaqədən əvvəl
  2. Əlaqə mərhələsi
  3. Əlaqədən sonra

Əlaqədən əvvəl

Bu hissədə broker təmsil etdiyi şirkətlər barəsində məlumat toplayır, bazarın tələbləri ilə onları tanış edir və ehtiyac yarandığı anda tələb və təklifin qovuşmasına vasitəçilik edir.

Əlaqə mərhələsi

Bu hissədə brokerlər tərəflərin təklif və qarşı tərəfə təklif hazırlamalarına köməkçi olur, təklif sənədlərinin tərəflər arasında hərəkətinə nəzarət edir, müzakirələr əsasında təklif edilmiş şərtlər haqqında tərəfləri məlumatlandırır, bir təklifi qarşı tərəfə göstərməmişdən öncə yoxlayr və lazım gələrsə hər hansı bir çatışmazlıq olduğu halda onları məlumatlandırır.

Ən sərfəli kredit üçün müraciət et

Əlaqədən sonra

Tərəflər arasında iş tamamlanana qədər bütün hərəkətləri izləmək, tərəflər arasında görüşlərə vasitəçilik etmək, çıxan problemlərin həllində yardımçı olmaq Brokerin 3-cü mərhələdə edəcəyi işlər siyahsına aiddir.

Broker ona verilən təklifi qısa müddət ərzində qarşı tərəfə ötürmək məcburiyyətindədir. Bu məsələdəki hər hansı bir səhlənkarlığın nəticəsindən broker məsuliyyət daşıyır.

  • Broker bu xüsusiyyətlərə sahib olmalıdır:
  • Hüquqi biliklər;
  • Müştərilərlə əlaqə qurma bacarığı;
  • İdarəetmə bacarığı;
  • Bazar təcrübəsi;
  • Praktik zəka;
  • Dil bilikləri;
  • Yaxşı səs tonu, göz yaddaşı və səbr;
  • Yüksək səviyyədə diqqəti toplamaq bacarığı;
  • Bədən dilindən düzgün istifadə bacarığı;
  • Məsuliyyətlilik;
  • Doğruluq;
  • Və Şans..

Broker gördüyü işin müqabilində komisyon haqq alır və bu onun qazancı hesab edilir. Əgər siz, broker olmaq istəyirsinizsə, ilk öncə bunu bilməlisiniz ki, broker gündə 8 saat işləmir, bu şəxslər günün 24 saatı öz işləri barəsində düşünür və düzgün strategiyalar qurmalı olurlar. Psixoloji  cəhətdən ağır olan bu peşə sayəsində yüksək məbləğlər qazanmaq mümkün olsa da, dünya miqyasında bu məbləğləri qazanan şəxslər olduqca azdır.