“Biz 2018-ci ili bank sektoru üçün çox məhsuldar bir il kimi görürük”- MÜSAHİBƏ | Banco.az

“Biz 2018-ci ili bank sektoru üçün çox məhsuldar bir il kimi görürük”- MÜSAHİBƏ

Yaxın illərdə Azərbaycan bank bazarının inkişaf istiqamətlərini necə dəyərləndirirsiniz? Unibank üçün 2018-ci ildə əsas hədəflər nə olacaq? Bank sektorunda gözləntilərlə bağlı suallarımızı “Unibank” Kommersiya Bankı İdarə heyəti sədrinin 1-ci müavini,  Baş risk inzibatçısı Asəf Hüseynov cavablandırıb.

 

  • Asəf müəllim, ötən il Unibank üçün də yadda qalan illərdən biri oldu. Son illərin o qədər də asan olmayan maliyyə vəziyyətindən sonra bank ili mənfəətlə başa vurdu.

Təbii ki, son illərdə iqtisadiyyatda baş verənlər, xüsusən də neftin qiymətinin düşməsi Azərbaycanın öz makroiqtisadi göstəricilərində dəyişiklik etmək zərurəti yaratdı. Nəticə olaraq, 2015-ci və 2016-cı illərdə ÜDM-in azalması, iqtisadiyyatın sıxılması iqtisadiyyatın qan damarları olan bankların kreditləşmədə iştirakının və ümumilikdə aktivliyinin azalmasına da gətirib çıxardı. 2017-ci ildə iqtisadi azalma dərinliyin ən pik nöqtəsinə çatıb dayandığından, ötən ilin ortasından başlayaraq bank sektorunda kreditləşmənin aktiv fazaya keçməsi müşahidə olundu. Ümumilikdə isə makroiqtisadi vəziyyətin müsbətə doğru dəyişməsi və eyni zamanda Unibankda baş verən bir sıra inistisional və digər effektivliyi artıran islahataların nəticəsi olaraq, bank 2017-ci ili mənfəətlə başa vurmağa nail oldu.

 

  • Böhrandan danışmışkən, hər bir çətinliyin belə, bir təcrübə olduğunu xatırlasaq, maliyyə bazarında son illər yaşananlar banklara nə qazandırdı?

 

Böhran həmişə böyük təcrübə deməkdir. Biz də Unibank olaraq, bu təcrübədən faydalanmışıq. Böhran bizi  daha möhkəmlətdi. Böhranın nəticəsi olaraq, bank sektoru borc yükünün artması, diversifikasiya kimi məsələlərə daha çox əhəmiyyət verməyə başladı. Xüsusilə də böhran xarici valyutada olan kreditlərə daha konservativ yanaşmada bankların bir qədər də tələbkar olmasını zəruri  etdi.

 

    - Maliyyə bazarında nisbətən sabitləşmə və inkişaf dövrünün başlandığını nəzərə alsaq, Unibank üçün 2018-ci ildə əsas hədəflər nə olacaq?

Bizim 2018-ci illə  bağlı hədəflərimiz çoxdur. Bir çox reytinq agentlikləri, eyni zamanda  Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Dünya Bankı, BVF və digər qiymətləndircilərin proqnozlarına görə, 2018-ci ildə ölkəmizdə ÜDM-in artımı baş verəcək. Bu, xüsusilə “Şahdəniz” qaz yatağı ilə bağlıdır. “Şahdəniz-2” layihəsinin  reallaşması iqtisadiyyatımızı canlandıracaq. Təbii ki, nəticə olaraq dövlət büdcəsinin artması və iqtisadiyyata investisiyanın çoxalması baş verəcək ki, bütün bunlar bank sektorunun da canlanmasına səbəb olacaq. Unibank öz strategiyasında bu amilləri nəzərə alır. Bank olaraq, biz 2018-ci  ili bank sektoru üçün çox məhsuldar il kimi görürük və kredit portfelinin, bankın gəlirliliyinin artımının başlanğıc ili kimi qiymətləndiririk. Hazırda ölkədə islahatların çoxu prezidentin qəbul etdiyi “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə  uyğun olaraq aparılır. Bu Strateji Yol Xəritəsinin qəbulu bank sektorunu da sevindirir. Çünki bankların maraqları çərçivəsində bir çox islahatlar həyata keçirilir. Xüsusən də bizim bankın strategiyasında vacib yer tutan rəqəmsal bankçılıq prosesi ilə bağlı olaraq , dövlət qurumlarının qanunvericiliyin  çevik dəyişməsi və digər  məsələlərin operativ həllində fəallığını görürük. Nəzarət orqanının bank sektoruna yaxın işləməsi və qanunvericilik bazasının dəyişməsi ilə bağlı səylərinin artması, bankların rəqəmsal xidmətlərə transformasiyasını daha sürətli edə bilər. Rəqəmsal bankçılıqla əlaqədar olaraq bankda baş verən əməliyyatların onlayn kanallarla aparılması, satışın tam rəqəmsal kanallarla təşkili əsas prioritetlərimizdən biridir. Bununla bağlı daha mükəmməl bank məhsulunun yaradılmasını hədəfləyirik. Yəni bu strategiyada məqsəd mövcud məhsulun satışı yox,  hər bir müştəriyə uyğun bank məhsulunun yaradılmasıdır.

 

  • Ötən il Unibank ölkə qiymətli kağızlar bazarının fəal iştirakçılarından biri oldu. Bu il qiymətli kağızlar bazarı ilə bağlı hansı planlar var?

 

Unibank olaraq 2018-ci ildə hədəflərimizdən biri  qiymətli kağızlar bazarıdır. Bildiyiniz kimi ötən il BFB-nin Listinq proqramına daxil olmuşuq. Unibank qiymətli kağızlar bazarının,  xüsusilə kapital bazarın inkişafında maraqlıdır. Ölkədə üzən valyuta rejimi olduğuna görə, bir çox banklar kreditləşmə siyasətində valyuta risklərinə indi daha çox fikir verməyə başlayıblar. Ölkə  bank sektorunun öhdəliklərinin – depozit portfelinin 70 faizinin dollarda olması, bankların aktivlərində dollarda sərbəst vəsaitlərin olmasına səbəb olub. Belə vəsaitlərin yerləşdirilməsi üçün kapital bazarlarına investisiya çox mühüm əhəmiyyət kəsb edir. Unibank yeni bir biznes xətti kimi investisiya bankçılığının inkişafını hədəf götürüb və artıq bu istiqamətdə işləməyə başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

 

  • Bankın strateji hədəflərindən biri də səhmlərinin kütləvi yerləşdirilməsidir (İPO). Bu prosesi nə vaxta planlayırsınız?

Qiymətli kağızlar bazarının uzunmüddətli strategiyasında  İPO edilməsi də planda var. Yəni bank həm özü kapital bazarlarına investisiya etmək, həm də öz səhmlərini kapital bazarına çıxarmaq niyyətindədir. Bankın strategiyasına uyğun olaraq çox böyük hədəflər müəyyən edilib. Buna nail olmaq üçün yüksək kapitallaşma olmalıdır. Bu kapitallaşma üçün ilk növbədə İPO keçirilməsi zəruridir. Bank sektorunun inkişafı indi elə bir mərhələdədir ki, onun böyüməsi, genişlənməsi istiqamətində bu addımın atılması zəruridir.  

 

  •  Unibank üçün 2018-ci ildə aktiv sahələrdən biri də yəqin ki, təsisçilərindən biri olduğu ilk özəl kredit bürosunun-  “Azərbaycan Kredit Bürosu” MMC-nin fəaliyyəti üzrə olacaq. Büronun fəaliyyəti bank və müştərilərə hansı faydaları gətirəcək?

 

- Özəl Kredit Bürosunun yaradılması zərurətinə bir qədər aydınlıq gətirək. Aydındır ki, bankların  kredit məhsullarını daha ucuz satması üçün onlarda risk premium, yəni bankın riskə görə əlavə etdiyi dəyər daha  aşağı olmalıdır. Risk premiumu azaltmaq üçün müştərilərin təhlili, anderraytinqi çox yüksək səviyyədə aparılmalıdır. Buna görə də Özəl Kredit Bürosunun fəaliyyətinə ehtiyac var. Özəl Kredit Bürosu bütün bank sektoru üzrə məlumat bazasına malik olduğu üçün bu baza əsasında xüsusi scorinqlər hazırlaya, təhlillər həyata keçirə bilər. Bu, strateji layihədir və Unibank qurumun 8 səhmdarından biri olmaqla, eyni zamanda Müşahidə Şurasında da çıxış etməkdədir. Unibank Özəl Kredit Bürosunun tam effektiv fəaliyyəti üçün hər zaman dəstəyini verməkdə davam edəcək. Büro scorinq sistemi hazırlayacaq. Bu skorinq sistemi hər bir banka öz müştərilərini təhlil etməyə imkan verəcək. Məhz bu təhlillərin nəticəsi olaraq, kreditlərin verilməsi sürətinin artması və keyfiyyəti yaxşılaşacaq. Kredit bürosunun yaradılmasında ali məqsəd budur. Büronun müştərilər üçün də faydası çoxdur. Təhlillərin nəticəsi kredit faiz dərəcələrinin uzun müddətli perspektivdə asağı düşməsinə münbit şərait yaradacaq.

 

  • Bu qədər yeniliklərin fonunda dünya bankçılıq trendlərini nəzərdən keçirərək, yaxın illərdə Azərbaycan bank bazarının inkişaf istiqamətlərini necə dəyərləndirirsiniz?

 

Hazırda bütün banklarda qeydə alınan ümumi tendensiya effektivliyin artırılması və optimallaşdırma prosesləridir. Bu da rəqəmsal bankçılıq trendinin artması deməkdir. Bazarda qabaqcıl təcrübə var və bütün banklar bu qabaqcıl təcrübəni tətbiq etmək istəyirlər. İnvestisiya bankçılığı bazarın yeni trendlərindən biridir. Banklar artıq anlayır ki, yeni gəlirlər qazanmaq üçün ölkə hüdudlarından kənara çıxmaq lazımdır.  Digər bir tendensiya yəqin ki maliyyə sektorunun şaxələnməsi olar. Azərbaycan bank sektorunda mövcud makroiqtisadi vəziyyətdə təəssüf ki, maliyyələşmə mənbələri ancaq depozitlərdir. Depozitlər isə qısamüddətli olduğundan, banklar bu vəsaitlər hesabına yalnız qısamüddətli kreditlər verə bilirlər. Banklar kiçik və orta sahibkarlığı və yaxud hansısa startup-ları dəstəkləmək üçün uzunmüddətli maliyyələşmə mənbəyi olaraq çıxış edə bilmirlər. Uzunmüddətli maliyyə mənbələrini həyata keçirmək üçün özəl təqaüd  fondlarının yaranmasına zərurət var ki, bu mənbələri kimi yalnız dövlət vəsaitləri çıxış etməsin. Hazırda Azərbaycanda uzunmüddətli maliyyələşmə mənbələri yalnız dövlət fondları- İpoteka fondu, Sahibkarlığa Kömək Milli Fondudur. Kredit Zəmanət Fondunun işə düşməsini gözləyirik. Bu isə təbii ki, biznesi daha böyük pullarla maliyyələşdirməyə yetərli deyil. Özəl təqaüd fondları minimum 10 illik yığımlar həyata keçirə bilər. Bu fondlar öz vəsaitlərini hansısa bir yerə investisiya edərək, daha uzunmüddətli saxlaya bilirlər. Bank əmin olacaq ki, həmin fondun vəsaitləri 1-2 il deyil, daha uzunmüddətli qala bilər və stabildir. Stabil maliyyələşmə mənbəyi olduğuna görə, bank da biznesin tələbatına cavab verən uzunmüddətli kreditlər ayıra bilər. Uzunmüddətli kreditləşməni həyata keçirmək üçün təqaüd fondlarının yaradılması çox yaxşı çıxış yolu olardı.