“Başak İnam Sığorta” ASC nizamnamə kapitalını yaxın 1 ay ərzində 3 mln. manat və yaxud 42,86% artıraraq 10 mln. manata çatdıracaq. Bu barədə şirkətdən bildirilib.
Məlumata görə, kapital artımı ilə bağlı qərar “Başak İnam Sığorta”nın səhmdarlarının dekabrın 22-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib. Yığıncaqda həmçinin səhmdarlara təklif olunub ki, ləğvetmə prosesində olan “Zaminbank” ASC-nin payı alınsın.
Xatırladaq ki, Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu “Zaminbank”ın vaxtilə “Başak İnam Sığorta”nın nizamnamə kapitalına yatırdığı 1,7 mln. manat vəsaiti geri çəkmək istəyir. Bu baş versə, şirkətin məcmu kapitalı indiki 5 mln. manatdan 3,3 mln. manata düşəcək və kapitalla bağlı sığorta şirkətlərinə qarşı müəyyən edilmiş minimum tələbnamə (5 mln. manat) pozulacaq.
Qeyd edək ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Şirkətin səhmlərinin 24,24%-i "Zaminbank"a, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.
Mənbə: Report.az