Bu gün Bakıda sığorta sahəsində yeganə ixtisaslaşmış sertifikasiya proqramı olan “Peşəkar Sığortaçı Sertifikasiyası” (PSS) Proqramının təqdimat mərasimi keçirilib.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, “PSS” proqramında dərs vəsaiti kimi, dünyada sığorta sahəsi üzrə ixtisaslaşmış Böyük Britaniyanın “Chartered Insurance Institute”un (CII) lisenziyası əsasında Azərbaycan dilinə tərcümə olunan Devid Blandın “Sığorta: prinsiplər və təcrübə” kitabı istifadə olunacaq.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov bildirib ki, bu proqramın hazırlanmasına 1 il vaxt sərf edilib.
Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov deyib ki, hazırda ölkədə sığorta sahəsində peşəkar kadrlar çatışmır: “Bu sahədə böyük boşluqlar var. Ona görə də biz qərara gəldik ki, sığortaçılar özü bu kadrları yetişdirsinlər. Bunun üçün qərara alındı ki, sığorta sahəsində yeganə ixtisaslaşmış sertifikasiya proqramı olan PSS Proqramını tətbiq edək. Ola bilər ki, gələcəkdə sığorta əməkdaşlarından sığorta nəzarəti xidmətində keçirilən test əvəzinə, bu sertifikat tələb olunsun. Bu sertifikat bilik səviyyəsini təsdiq edən sənəd olacaq. Gələcəkdə sığorta şirkətləri işə qəbul edərkən bu sertifikata malik insanlara üstünlük verəcək".