"Azərbaycanda ödənişlərin rəqəmsallaşması inkişaf edir" - MÜSAHİBƏ | Banco.az

"Azərbaycanda ödənişlərin rəqəmsallaşması inkişaf edir" - MÜSAHİBƏ

“Visa”nın Qafqazdakı yeni regional direktoru Kristina Dorosun müsahibəsini təqdim edirik.

- Azərbaycana ilk səfəriniz “Visa Token Service”nin tətbiqi ilə bağlıdır. Bu xidmət sisteminin üstünlükləri nədən ibarətdir?

- “Visa” texnologiya şirkəti əsas məqsədini nağdsız ödəmələrinin inkişaf etdirilməsində görür. Nağdsız ödəmələrin əhatəsi genişləndikcə iqtisadiyyatda şəffaflıq da artır. Odur ki, bazara çıxardığımız texnologiyalar da sırf nağdsız ödənişləri təşviq etməyə yönəlir. Belə texnologiyalara ən bariz nümunə loru dildə tokenləşmə texnologiyası dediyimiz “Visa Token Service”dir. Əvvəla, bu texnologiya ödənişlərin təhlükəsizliyini təmin edir. Belə ki, transaksiya zamanı kartdakı 16 rəqəmi yox, token deyilən təsadüfi rəqəmlərdən ibarət, xüsusi alqoritmlə yaradılan kodu yazırıq. Token yalnız konkret mobil telefona, konkret transaksiyaya və konkret ticarət məntəqəsinə bağlı olduğundan kənar adamların, dələduzların əlinə keçsə, işləməyəcək. Texnologiya tokenin oğurlamasına cəhd göstərildiyi təqdirdə istifadəsini istisna edir.

- Ölkədə bu sistemi ilk olaraq Azərbaycan Beynəlxalq Bankı tətbiq edib. Daha hansı banklarla danışıqlar aparılır?

- Bu texnologiya Azərbaycan bazarında hamı üçün açıqdır, istənilən bank onu tətbiq edə bilər. Bu sistemə qoşulmaq üçün müvafiq sertifikatlaşma prosesini ilk olaraq Beynəlxalq Bankın başa vurmasına çox şadıq. Hazırda bir çox banklar bu texnologiyanı tətbiq etmək üçün iş aparır. Tezliklə yeni qoşulmalar barədə xəbər tutacaqsınız, lakin hələlik biz bunu açıqlamırıq.

- Bildiyimiz kimi, “Visa” Azərbaycan bankları üzərinə aprel ayından yalnız təmassız, yəni NFC texnologiyası ilə işləyən kartlar buraxmaq öhdəliyi qoyub. Sizcə, ölkə tam olaraq təmassız ödənişlərə nə zaman keçə bilər? Bu istiqamətdə hansı tədbirlər görülür?

- Biz heç də bütün ödənişlərin təmassız olacağını güman etmirik. Yəni müəyyən hallar var ki, ödənişləri on-line qaydada həyata keçirmək daha münasibdir. Təmassız sistem Azərbaycanda hələləik geniş intişar tapmasa da, irəliləyiş göz qabağındadır, mövcud rəqəmlər bankların bu sahənin inkişafını zəruri hesab etdiklərinə dəlalətdir. Tokenləşmənin tətbiqi, mobil telefonla ödənişlərə şərait yaradılması ilə təmassız sistemin daha da inkişaf etməsinə təkan verəcəyinə şübhə yoxdur. Bu istiqamətdə ölkənin bütün bankları ilə çalışırıq. Bu ilin aprel ayında “Rəqəmli ödənişlərin yol xəritəsi”nin tətbiqini elan etmişik. Təmassız ödənişlər texnologiyasının maksimum dərəcədə yayılmasını nəzərdə tutan bu plana görə, aprel ayından banklar tərəfindən buraxılan kartlar və qurulan terminallar məhz təmassız texnologiyaya əsaslanmalıdır. Bununla da “Visa” şirkəti bank texnologiyalarına sistemli təsir göstərərək texnologiyaların sonrakı inkişafı üçün bünövrə yaradır.

- Hazırda Azərbaycanda təmassız ödənişlərin xüsusi çəkisi nə qədərdir?

Ən sərfəli kredit üçün müraciət et

- Bu gün ölkədə hər 12 ödənişdən biri təmassız qaydada aparılır. Nümunə götürdüyümüz Gürcüstanda ötən həftə “ApplePay” sistemi tətbiq olundu. Hər 10 transaksiyadan 9-u təmassız qaydada həyata keçirildiyi bu ölkə hazırda bu göstəriciyə görə Avstraliyadan sonra dünyada ikinci yerdədir. Fikrimizcə, Azərbaycanın hazırda əldə etdiyi biznesin asanlıq indeksi ölkənin həm ümumi iqtisadi ab-havası, həm də onun mühüm tərkib hissəsi kimi ödənişlər sahəsində doğru istiqamət götürdüyünü göstərir.

- Bəs “ApplePay”, “SamsungPay”, “GooglePay” kimi sistemlərin Azərbaycanda tətbiqi nə vaxt gözlənilir?

- Hər bir şirkət, o cümlədən “Apple”, “Google” və s. bazara çıxmaq strategiyasını özü müəyyənləşdirərək həyata keçirir. Qərar verərkən də ödənişlər bazarının, o cümlədən tokenləşmə texnologiyasının nə dərəcədə vüsət almasına xüsusi diqqət yetirir. Yəni tokenləşmə yoxdursa, “ApplePay” sistemini tətbiq etmək qeyri-mümkündür. Odur ki, Azərbaycanda tokenləşmənin tətbiqini biz üçüncü tərəflərin rəqəmsal partmanatlarına doğru irəliləyişində ilk addım hesab edirik. Birgə səylərlə buna nail olacağımıza əminəm.

- Son vaxtlar kart hesablarına qarşı haker hücumları artır. Bunun qarşısını almaq üçün hansı tədbirlər görülür?

- Son 10 ildə texnologiyaların inkişafı sayəsində dələduzluğun həcmini üçdə iki dəfə azaltmaq mümkün olub. Çipli transaksiyalar, kart əməliyyatlarında kriptoqrafiyanın tətbiqi kimi texnologiyaların tətbiqi yerüstü ekvivalentdəki əməliyyatlarda dələduzluq halları xeyli azalıb. Tokenləşmə və təmassız ödənişlərin tətbiqi kart məlumatlarına müdaxilə hallarını istisna edir. Bununla yanaşı, maliyyə sahəsində maarifçilik tədbirləri də görürük. Belə ki, müasir texnologiyalar üzündən kartlara dair fərdi məlumatlara daxil ola bilməyən dələduzlar indi də “sosial mühəndislik” deyilən üsullara əl atırlar. Yəni istifadəçinin PİN kodunu öyrənmək üçün onun mobil telefonuna müxtəlif xarakterli mesajlar atılır. Odur ki, əhalinin maliyyə savadını artırmaq daha çox əhəmiyyət kəsb etməyə başlayır.

- Belarus paytaxtı Minsk şəhərinin nəqliyyat sistemində “Visa” kartları vasitəsilə yol haqqını ödəməklə bağlı sistem var. Bəs bizdə belə bir texnologiyanın tətbiqi gündəmdədirmi?

- Bəli, Belarus bankları və bələdiyyələri ilə birgə çalışmalarımız nəticəsində tətbiq etdiyimiz layihə sayəsində London və Vankuverdən sonra Minsk şəhərində də metronun hər stansiyasında turniketlər təmassız ödəniş terminalı ilə də təchiz olunub. Bu sistem həmçinin yerüstü şəhər nəqliyyatında, iyun ayından isə şəhərətrafı elektrik qatarlarda da fəaliyyətdədir. “Visa” şirkəti başqa ölkələrdə nəqliyyat layihələrində şövqlə iştirak edir. Bu məqsədlə aidiyyatı yerli qurumlarla əməkdaşlıq əlaqələrimizi genişləndiririk.

Report.az