Azərbaycanda marketinqin vəziyyəti: Böhranlı vəziyyətdə necə davranmalı? | Banco.az

Azərbaycanda marketinqin vəziyyəti: Böhranlı vəziyyətdə necə davranmalı?

Gülbəniz Hüseynli/Banco.az

Sistemi olmayan şirkətlərin böhran dövründə mövcud krizisdən ən az zərərlə çıxması imkansızdır. Sahibkarlar krizis dövründə sözün əsl mənasında şirkətlərində sistemləşmə ilə bağlı necə addım atacaqlarına, nədən başlayacaqlarına qərar verməli olurlar.

İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə Banco.az-a açıqlamasında bildirib ki, şirkətlər böhran vəziyyətində təmkinli və səbrli davranmalıdırlar. Çünki tələsik qərarlar vermək, işçilərin motivasiyasına təsir edə bilər:

“Adətən belə anlarda əksər idarəçilər birbaşa işçidən yapışaraq onu ixtisar etmək barədə düşünürlər. Amma düzgün motivasiya verilərsə, şirkət yenidən əvvəlki vəziyyətinə qayıda bilər. Əks halda işçilərin motivasiyası aşağı düşdükdə onu düzəltmək üçün çoxlu pul xərcləmək lazım olacaq.

 Səbrli, təmkinli davranmaq lazımdır. Radikal qərarların verilməsi şirkətdə problemləri dərinləşdirə bilər. Uzunmüddətli problemlər üçün hərəkətə keçməzdən öncə qısamüddətli həllər vermək lazımdır. Bu zaman şirkətdə vəziyyət qısamüddətli dövr üçün düzəlməklə bərabər gələcəyə yönümlü mesajlar verə bilər.

Yaxşı olardı ki, rəhbərlər aqressiv mühit yaratmaq əvəzinə böhrandan çıxış üçün alternativ təkliflər versinlər”.

Ən sərfəli kredit üçün müraciət et

Mövzunu davam etdirən iqtisadiyyat, maliyyə və biznes sahəsi üzrə təlimçi Orxan Məmmədzadə Banco.az-a bildirib ki, əgər şirkət böhran şəraitində düzgün addım atıb vəziyyəti idarə edə bilərsə, dövriyyəsini artıra bilər:

“Biz buna misal olaraq pandemiya dövrünü göstərə bilərik. Bir çox şirkətlər biznesin struktur və istiqamətini dəyişərək dövriyyəsinin artmasına nail oldu.

Ticarət sahəsində məşğul olan şirkətlər onlayn satış üsuluna keçid etdikləri üçün qazanclı çıxdılar. Hesab edirəm ki, şirkətlər böhran şəraitindən asılı olaraq fərqli addımlar atmağı bacarmalıdırlar. Böhranın təsirləri birbaşa şirkətin əsas istiqamətindən asılı olduğu təqdirdə şirkət fərqli istiqamət üzrə yeni bir fəaliyyətə başlamalıdır.  Bir sözlə böhrandan çıxış üçün faydalı bir nümunə nəzərdən keçirilə bilər.

Azərbaycanda böhran vəziyyətində şirkətlərin atdığı addımlar barədə danışan Orxan Məmmədzadə vurğulayıb ki, bunun ən yaxşı nümunəsi pandemiya dövründə baş tutdu:

“Azərbaycanda pandemiya dövründə bəzi turizm şirkətləri qida sektoruna üz tutdular. Bu gün bu sahədə brend kimi özünü tanıda bilən şirkətlərin bir çoxu

daha öncə turizm sahəsi üzrə fəaliyyət göstərirdilər. Pandemiya dövründə tətbiq edilən karantin rejimi turizm sahəsində fəaliyyət  göstərməyi məhdudlaşdırdı. Məhz o sektorda olan şirkətlər qida sahəsinə yönəldilər. Əvvəl turizm daha sonra restoran sahəsində fəaliyyətini davam etdirən şirkətlərdən biri nəyinki dövriyyəsini artırıb, həm də şəbəkələşmiş formada fəaliyyət göstərir. Bir sözlə, sahibkar biznesdə istiqaməti dəyişməklə böhran vəziyyətindən faydalana bilər”.

Ən sərfəli krediti almaq üçün müraciət et