Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ölkəmizin sığorta sektorunun beynəlxalq təcrübəyə uyğun inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən silsilə tədbirlərin davamı olaraq Türkiyə Cümhuriyyətinin peşəkar sığorta mütəxəssislərinin cəlb edilməsi yolu ilə sığorta sahəsində peşəkar kadrların hazırlığının daha da gücləndirilməsi üçün sistemli və ardıcıl təlimlər proqramı təşkil ediləcək. Bu məqsədlə Mərkəzi Bank, TSEV - Türk Sigorta Enstitüsü Vakfı və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında müvafiq əməkdaşlığa dair razılıq əldə olunmuşdur.
Razılığa əsasən bu təlimlər proqramı vasitəsilə aktuar ixtisası da daxil olmaqla prioritet istiqamətlər müəyyən edilərək sığorta sahəsində çalışan kadrların nəzəri bilik və bacarıqlarının artırılması, həmçinin praktiki vərdişlərin inkişaf etdirilməsi qarşıya hədəf kimi qoyulmuşdur. Təlimlər sığorta sektoru ilə yanaşı digər qurumlarda çalışan oxşar bilik və bacarıqların tələb olunduğu kadrları, habelə minimum tələblərə cavab verən şəxsləri də əhatə edəcəkdir.
Proqram çərçivəsində həyata keçiriləcək aktuar təlimləri dörd mərhələdən ibarətdir və hər mərhələnin sonunda imtahan təşkil ediləcəkdir. Qeyd edilən aktuar imtahanlarından ikisi sırf həyat sığortası və qeyri - həyat sığortası üzrə praktiki tətbiqləri əhatə edəcəkdir. Həmin iki mərhələ imtahanlarının uğurlu nəticəsi aktuar şəhadətnaməsinin əldə edilməsi üçün təşkil ediləcək aktuar imtahanlarından keçidin minimum şərti olaraq nəzərdə tutulmuşdur.
Hər bir mərhələnin təlim məzmunu ölkəmizdə aktuar peşəsi üzrə mövcud vəziyyət ətraflı təhlil edilməklə TSEV-lə birlikdə tərtib olunmuşdur.
Təlimlər və müvafiq imtahanlar TSEV-in Amerika, Kanada, Böyük Britaniya, Türkiyə kimi ölkələrdə aktuar üzrə beynəlxalq dərəcələr almış təlimçiləri tərəfindən onlayn formada təşkil ediləcəkdir. Təlimin ilk mərhələsinin 2020-ci ilin noyabr ayının ortalarında təşkil edilməsi nəzərdə tutulmuşdur.
Qeyd edək ki, ödənişli əsaslarla təşkil ediləcək bu təlim layihəsinin hər mərhələsini müvəffəqiyyətlə bitirən iştirakçıya beynəlxalq dərəcəli sertifikatlar təqdim ediləcəkdir.
Maraqlanan şəxslərdən 09.11.2020-ci il tarixinədək aşağıdakı əlaqə vasitəsi ilə iştiraklarını təsdiq etmələri xahiş olunur: +994 12 4928045
Bizi sosial şəbəkələrdən izləyin!!