Avtomobildə dinlədiyiniz mahnıların təhlükəsindən xəbəriniz varmı? | Banco.az

Avtomobildə dinlədiyiniz mahnıların təhlükəsindən xəbəriniz varmı?

Təcrübə göstərir ki, sürət həddinin aşılması və bir çox yol-hərəkət qaydalarının pozulmasının səbəbi məhz avtomobildə mahnıya çox səs verilməsi, əlavə səsucaldıcılardan istifadə, digər video və audio sistemlərdir.

Məlumdur ki, mahnılar insan psixologiyasına, hiss və həyəcana asanlıqla təsir edə bilir. Avtomobildə uca səslə dinlənilən mahnılar da sürücünü təsirində saxlayaraq onun hərəkətlərini özü istəməsə belə, yönləndirə bilir. Məsələn, sürücü avtomobildə həzin, lirik mahnıya qulaq asanda avtomobili yavaş, ritmik mahnıya qulaq asanda isə özü də hiss etmədən sürətli sürür. Yaxud rep və ya meyxanaya qulaq asan sürücü istəmədən avtomobili daha aqressiv idarə edir, bəzi hallarda qaydaları pozur, sürət həddini aşır.

Mövzu ilə bağlı psixoloq Təhminə Çələbi qeyd edir ki, musiqidən hətta terapeya kimi də istifadə olunur: “İnsan beyninə musiqi vasitəsilə təsir göstərmək mümkündür. Bu, elmlə də sübuta yetirilmiş faktdır. İnsanın musiqinin təsiri altında müəyyən hərəkətlər etməsi normal haldır. Məsələn, gözəl əhval-ruhiyyədə olan zaman bir musiqi insanda keçmişdə baş verən hansısa hadisələrlə bağlı asossasiya yaradır, əhvalı pozulur və depressiyaya düşür. Bəzən əksinə də ola bilir. Ona görə avtomobil idarə edərkən sürücülər musiqi seçiminə məsuliyyətlə yanaşmalıdırlar.

Bayağı mahnılara gəldikdə isə əgər bu mahnıları dinləyən auditoriya varsa, deməli, nə qədər inkar etsək də, istəməsək də, bəyənənlər var. Zövqlər müxtəlifdir. Ancaq bu mahnıları avtomobillərdə yüksək səslə dinlədikdə həm asayiş qaydaları pozulur, həm də sürücü musiqinin təsiri altına düşür, fikri tamamilə başqa yerə gedir və istəmədən elə hərəkətlər edir ki, sonradan buna peşman olur. Bu kimi hallarda sürücülər qəzadan sonra “Heç bilmədim mənə nə oldu”, “Ağlım harada idi” və s. kimi cümlələr işlədirlər".

Bəstəkar hacı Nazim Məmmədov isə insanların formalaşmış psixologiyasının mahnı seçimində rol oynadığını bildirdi: “Hər kəsin psixologiyası onun seçdiyi mahnılardan məlum olur. Məsələn, mən fikrimi bir yerə yönləndirmək üçün gözəl musiqilərdən istifadə edirəm. Bu, mənim zəkamdır, psixologiyamdır. Əgər kimsə “07”lərdə mənası, məğzi, mövzusu, şeriyyatı olmayan mahnılara qulaq asırsa, deməli, onun psixologiyası artıq korlanıb. Avtomobildə aqressiv mahnılara qulaq asmaq olmaz. Ancaq sevgi, Vətən mövzularında olan mahnılara qulaq asmaq olar”.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: milli.az